EN

İntihara cəhd etdiyi deyilən Bəhruz Səmədov həbsinə niyə etiraz edir?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Sülh aktivisti Bəhruz Səmədov həbsi ilə razılaşmır, etiraz olaraq aclıq da edib.

O ailəsinə və dostlarına xəbər göndərib ki, həbsxanada bir neçə gün aclıq edib.

Məhkəmə ona dövlətə xəyanət ittihamı ilə 15 il cəza verib.

"Aclıq aksiyası vasitələrdən biridir. Yoldaşları ona intiharla bağlı xəbər yollamışdılar ki, bunu etmək lazım deyil. Amma, belə deyək, o, mübarizə üsulu kimi aclıq aksiyasını seçib. Bu da effektiv olmazsa, mən çox narahatam ki, bu, daha kəskin yollara əl ata bilər. Bu çox dəhşətli bir şey olar ki, sülhün razılaşdırıldığı bir ölkədə sülh aktivisti həbsxanada ölür", Bəhruz Səmədovun dostu Gülnarə Mehdiyeva deyir.

Nənəsi deyir ki, Bəhruz Səmədov iki dəfə intihara cəhd edib, aclıq edib.

O, nənəsinə bu barədə telefonda deyib.

"Məhkəmələr qapalı keçir, bizləri, jurnalistləri içəri buraxmırlar ki, onun günahının həqiqətən nə olduğunu biz də bilək. O deyir ki, mən bundan çox narazıyam, mənim günahımı mənə desinlər, sübut etsinlər. Etmirlər deyir. Mənim günahım elə qalıb, nə olduğunu bilmirəm deyir", Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova BBC Azərbaycancaya danışıb.

Bəhruz Səmədovun sentyabrın 3-də sonuncu məhkəməsi olub və Bakı Apellyasiya Məhkəməsi onun 15 illik həbsini qüvvədə saxlayıb.

Cənab Səmədov bu qərardan sonra aclıq edib.

Penitensiar Xidmət Bəhruz Səmədovun aclıq aksiyası keçirməsi və vəziyyəti ilə bağlı BBC-nin suallarını cavablandırmayıb.

Hökmə görə, gənc alim Ermənistanın xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan hakimiyyətini tənqid edən məqalələr yazıb və tərcümə edib.

Amma Bəhruz Səmədov bu ittihamları qəti şəkildə rədd edir.

Vəkili bildirir ki, ittihamlar yalnız onun üç erməni qadınla yazışmalarına əsaslanır.

"Bu yazışmalarda dövlətə xəyanət sayılacaq heç nə yoxdur," – onun vəkili Zibeydə Sadıqova BBC-yə deyib.

"Bəhruzu tətikləyən həm də Vaşinqtonda baş verən görüş və sənədin imzalanması oldu ki, artıq dövlət səviyyəsində sülh istənilir. Dövlət səviyyəsində qonşuluq münasibətlərindən danışılır. Mən niyə cəzalandırılıram? Mən də eyni şeyi istəyirəm", Gülnarə Mehdiyeva deyir.

Bəhruz Səmədov Çexiyanın Karlova Universitetinin doktorantıdır və orada dərs deyib.

O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Videoya YouTube kanalımızda baxın.

Chosen
53
bbc.com

1Sources