EN

Yaxın 5 ildə erməni malları Bakıda satılacaq Açıqlama

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan parlamentinin sədri Alen Simonyan sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyacaq:

“Bizim vahid erməni–Azərbaycan əmtəə bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları görünəcək, Ermənistan məhsulları isə Bakıda və digər şəhərlərdə əlçatan olacaq. Ermənilər Azərbaycan benzinini daha ucuz ala biləcəklər - bu, qaçılmazdır”, – deyə Simonyan vurğulayıb.

O etiraf edib ki, hər iki tərəfdə hələ də həssaslıq qalır: “Axı biz insan öldürmədikmi, azərbaycanlı tərəfdən adamlar ölmədimi?”, – deyə spiker xatırladıb.

Onun fikrincə, bu gərginlik zamanla aradan qalxacaq, çünki əsas prioritet sərhədlərin açılması və kommunikasiya xətlərinin tezliklə bərpa edilməsidir.

Simonyan həmçinin qeyd edib ki, artıq Moskvada və digər ölkələrdə çoxsaylı azərbaycanlı və erməni birlikdə biznes qurur, dostluq edir və normal münasibətlər saxlayır:

“Sülh sazişindən cəmi beş dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları ticarət aparmağa, müxtəlif formalarda ünsiyyət qurmağa başlayacaqlar. Bu, qaçılmazdır”, – deyə Simonyan vurğulayıb.O, həmçinin enerji əməkdaşlığına da toxunaraq bildirib ki, Ermənistan üçün Azərbaycan qazının alınması məsələsi müzakirəyə açıq ola bilər.

İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanla ticarət mübadiləsinə müəyyən zaman lazımdır: “Hər iki tərəfin sadə vətəndaşları buna hazır olmalıdır. Həm azərbaycanlıların, həm də ermənilərin beynində bir-birlərinə, bu ölkələrdən olan mallara qarşı bir baryer var. Bu baryerlər tədricən aradan qalxdıqdan sonra ticarət mübadiləsi niyə də olmasın?!Burada nə problem ola bilər ki?

Avropanın bütün xalqları bir-biri ilə müharibə edib. Məsələn, fransızlarla ingilislər və almanlar əsirlərlə mübarizə aparıblar. Fransa ilə Britaniya arasındakı yüz illik müharibəni yada salaq. Sonralar onlar arasında gediş-gəliş və ticarət əlaqələri öz qaydasına düşdü. Bir sözlə, Ermənistanla bu cür əlaqələrin bərpasına zaman lazım olacaq.

İlk olaraq enerji daşıyıcılarının Ermənistana satılmasından başlamaq olar. Çünki bu, piştaxtalarda görünməyən məhsuldur. Ermənistanın Rusiya qazından 75 faizə yaxın asılılığı var, 25 faiz isə İrandan alır. Bu asılılığı azaltmaq üçün Ermənistan Azərbaycandan da heç olmasa 300-400 milyon kubmetr qaz alsın. Ermənistanın istehlakı 1,8 milyard kubmetr arasındadır. Onun dörddə birini Azərbaycandan ala bilər. Ermənistan bazarında Azərbaycanın neft məhsullarını da satmaq olar.

Gələcəkdə isə sərhədyanı ticarətin inkişafı, mal mübadiləsi, alqı-satqı mümkündür. Buna sadəcə bir az zaman lazımdır. Qafqazda münasibətlərin təmini məsələsi həmişə ticarətlə olub”.

İqtisadçı deyir ki, Azərbaycan hazırda daha üstün vəziyyətdədir: “Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub, həm də iqtisadiyatın həcminə görə Ermənistandan üstünük.

Münasibətlərdə fors-major hallar yaranmasa, yaxın 5 -7 ildə ticarət mümkün olacaq. Hətta Ermənistanla Türkiyənin sərhədi açılandan və mal mübadiləsi artandan sonra bu, daha da tez reallaşa bilər.

Yol xəritəsinə uyğun planlamamız olmalıdır. Fikirləşməliyik ki, Ermənistana nə sata və nə ala bilərik. Bir çox məsələlərdə, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalında rəqibik. Onlarda da, bizdə də ixracatda meyvə və tərəvəz üstünlük təşkil edir. Elə məhsul növü tapmalıyıq ki, qarşılıqlı ticarət üçün də əlverişli olsun. Hazırda ən optimal variant enerji daşıyıcılarının satışıdır. Buna hamının, həmçinin Ermənistanın da ehtiyacı var.

Azərbaycan çayları müharibə gedərkən də Gürcüstan üzərindən Ermənistana aparılıb satılırdı. Ermənistan mediası bunu dəfələrlə yazıb. Bu baxımdan ölkələrimiz arasında ticarətin olması mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
4
moderator.az

5Sources