EN

Macarıstan Azərbaycanın ən böyük qaz yatağında nə qədər pay sahibi olacaq? - Hələ ad açıqlanmayıb...


Fuad İbrahimov: “Alternativ enerji mənbələrinin də ixracı istiqamətində biz Macarıstanla kifayət qədər əməkdaşlıq edirik...”

Macarıstanın MOL neft-qaz şirkəti Azərbaycanda 2026-cı ildə dünyanın ən böyük yataqlarından birində təbii qaz hasilatına başlamağı planlaşdırır.

"MOL Azərbaycanın daha bir böyük yatağının təkcə ortaq mülkiyyətçisi deyil, həm də operatoru olmaq barədə saziş imzalamaq ərəfəsindədir. Razılaşma əldə olunub ki, neft hasilatına əlavə olaraq, MOL-un dünyanın ən böyük yataqlarından birində iştirakı ilə gələn il təbii qaz hasilatına başlanacaq”. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

Siyartonun bəyanatı Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclasında səsləndirilib. Nazir layihənin təfərrüatları və ya yatağın adını açıqlamayıb.

Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Macarıstan həmişə beynəlxalq enerji bazarlarında alıcı kimi çıxış edib, lakin Azərbaycanla enerji əməkdaşlığı ona öz neft və qaz yataqlarının olmadığı bir şəraitdə enerji istehsalçısı ölkəyə çevrilməyə imkan verib.

Siyarto xatırladıb ki, MOL və dövlətə məxsus MVM şirkəti Azərbaycanın ən əhəmiyyətli təbii qaz və neft yataqlarında pay alıb və indi beynəlxalq enerji bazarlarında satıcı kimi çıxış edə bilər. Onun sözlərinə görə, 2024-cü ildə MOL Group-un karbohidrogen hasilatının 15%-i Azərbaycanın payına düşüb ki, bu da təqribən 5 milyon barel neftə ekvivalentdir, MVM isə cəmi 4 ay ərzində (2024-cü ilin sentyabrından dekabr ayına kimi) “Şahdəniz” yatağından 382 milyon kubmetr qaz hasil edib.

Hazırda Macarıstanın MOL şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57%, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9% paya malikdir. Bundan əlavə, 2025-ci il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti ilə MOL Macar Oil and Gas şirkəti Şamaxı-Qobustan sahəsinin quruda yerləşən hissəsində kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişin əsas şərtlərini imzalayıb. MOL layihənin operatoru olacaq və 65% pay alacaq, SOCAR isə 35% paya sahib olacaq.

Tam miqyaslı kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü sazişinin tamamlanması sonrakı danışıqlardan və tənzimləyici orqanların təsdiqindən asılı olacaq.

Bundan əvvəl məlumat verilmişdi ki, Azərbaycan Macarıstanın köməyi ilə Avropaya qaz tədarükünü artırmaq niyyətindədir. Bu məlumatı xarici media yayıb.

Macarıstan Azərbaycanda dünyanın ən böyük ehtiyatlar yatağında fəaliyyətə başlayır.

Macarıstan özünün qaz yataqları olmadığı halda, dünyada neft və qaz satan ölkə kimi tanınır, o cümlədən Azərbaycanın hesabına. Onun neft və qaz sektorundakı fəaliyyətinin 10-15 faizi Azərbaycanın payına düşür.

Macarıstan Azərbaycanın ən böyük qaz yatağında nə qədər pay sahibi olacaq?

“Əsas onun mahiyyətidir ki, Macarıstan bu sektora…”

İqtisadçı ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, elə ölkələr var, hansısa bir korbohidrogen ehtiyatlarının hasilatı ilə bağlı öz ölkəsində hər hansısa təcrübəsi yoxdur, özündə təbii sərvətlər olmadığı halda digər ölkələrdə o məsələnin iqtisadi dövriyyəyə cəlb edilməsi prosesində aktiv iştirak edir. “Bu da görürsüz ki, ictimaiyyətdə təəccüb doğurur. Ancaq Macarıstanın həqiqətən də bizim bir neçə layihəmizdə payı var. Düzdür, bu payların tarixcəsi kifayət qədər cavan olsa da, amma hər bir halda istər “Şahdəniz” qaz-kondensat yatağındakı 5 %, istər Bakı-Tbilisi-Ceyhandakı 8,9 % payını qeyd edə bilərik. Əsas məsələ bu rəqəmləri söyləməkdən ibarət deyil. Əsas onun mahiyyətidir ki, Macarıstan bu sektora niyə maraq göstərir, nə üçün bu proseslərdə iştirak edir? Bunun cavabı çox sadədir. Azərbaycanın illər öncə həyata keçirdiyi əsas strateji layihələr, məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum neft kəməri, yaxud Bakı-Tbilisi-Qars dəmir yolu xətti və sair. Bunların hər biri öz perespektivliliyi, aktuallığı, hesablamaları ilə gətirib bu layihələri meqa bir layihə səviyyəsinə çatdırıb. Qitələrarası maraq doğuran regionun əsas strateji, vacib olan varlıqlarına çevirib”.

F.İbrahimovun qeyd etdiyinə görə, bu gün Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində enerji dəhlizlərində kifayət qədər dəyişikliklər baş verir, sanksiyalar səbəbindən, demək olar ki, Şərqlə Qərb arasında Şimal qonşumuzun ərazisi üzrə bir ”Çin səddi” çəkilib. “İllərlə işləyən kommunikasiyalar iflic vəziyyətə düşüb, demontaj olunub, partladılır, dağıdılır, bir sözlə, fəaliyyəti dayanır. Bu da iqtisadi cəhətdən hər iki tərəfə- istər Şərqə, istərsə də Qərbə səmərəsizlik gətirir, tənəzzül gətirir, böyük istehsal proseslərinin modelləşdirilməsinə, modifikasiyanın dəyişdirilməsinə baxışların, siyasətin dəyişməsinə gətirib çıxarır.

İqtisadçılar da, ekspertlər də hesablayıblar ki, Azərbaycan üzərindən keçən dəhlizlər həm qiymət, həm nəql, həm zaman baxımından çox əlverişlidir.

Macarıstanın xarici siyasəti çox spesifikdir. Görürsüz, bütün Avropa öz fikrini eyni istiqamətdə söyləyirsə, amma Macarıstan yeri gələndə öz müstəqil fikrini irəli sürən siyasət yeridir. Bu baxımdan, Azərbaycan Macarıstan üçün çox cazibardır. Macarıstan da bizim üçün həm coğrafi yerləşməsinə, həm siyasi baxışlarına, həm də türk dünyasına tarixi yanaşmalarına görə cazibədardır. Bizim üçün Macarıstan həm də iqtisadi cəhətdən əlverişlidir. Yəni Azərbaycandan artacaq qaz nəqlinin biz Macarıstan üzərindən interkonnektorlar vasitəsilə daha rahat, çevik şəkildə digər ölkələrə çatdırılmasını təmin edə bilərik. Bu, investisiya qoyuluşu baxımından çox əlverişli hesab olunur. Çünki kifayət qədər az kapital qoyulması tələb olunur, modernləşdirmə, texniki cəhətdən müdaxilələr az tələb olunur. Ona görə də hesab edirəm ki, bu qarşılıqlı əməkdaşlıq əlverişlidir. Söhbət təkcə ənənəvi enerjilərdən getmir, alternativ enerji mənbələrinin də ixracı istiqamətində biz Macarıstanla kifayət qədər əməkdaşlıq edirik ki, gələcəkdə alternativ enerji mənbələrimizin də Avropaya ixracı istiqamətində Macarıstan tərəfi yenə də maraqlı tərəf kimi çıxış edir”-deyə F.İbrahimov qeyd etdi.

İradə SARIYEVA

Chosen
46
baki-xeber.com

1Sources