EN

Netanyahu: Fələstin dövləti olmayacaq...

İsrail baş naziri İordan çayının qərb sahilində yeni yaşayış məntəqələri salınacağını bəyan edib...

Poliqon xəbər verir ki, "The Times of Israel" nəşrinin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində yerləşən Maale Adumim qəsəbəsinə səfəri zamanı minlərlə yeni yaşayış evinin tikiləcəyini elan edərək bildirib:

"Biz öz vədimizi yerinə yetirəcəyik. Fələstin dövləti olmayacaq, bu yer bizə məxsusdur", deyə İsrailin baş naziri bəyan edib.

Baş nazirin ofisi tərəfindən birbaşa yayımlanan tədbirdə Netanyahu əlavə edib: "Biz öz mirasımızı, torpağımızı və təhlükəsizliyimizi qoruyacağıq... Biz şəhərin əhalisini ikiqat artıracağıq".

Qeyd edək ki, Netanyahunun bu bəyanatı İsrailin Fələstin torpaqlarında məskunlaşma siyasətini davam etdirmək niyyətini bir daha nümayiş etdirir.

Xatırladaq ki, keçən ay İordan çayının qərb sahilini böləcək və Şərqi Qüdsdən ayıracaq “E1” layihəsi yekun şəhərsalma təsdiqini alıb. Bugünkü imza mərasimi əsasən simvolik xarakter daşısa da, hakimiyyət orqanlarına tikintinin başlanması kimi növbəti mərhələyə keçməyə imkan verir. Bu addım beynəlxalq ictimaiyyətin, xüsusən də Fələstin tərəfinin kəskin tənqidinə səbəb olub.

Fələstin rəsmiləri Netanyahunun bu addımını sülh prosesini tamamilə məhv edən bir hərəkət kimi qiymətləndirirlər. Beynəlxalq hüquqa əsasən, bu ərazilərdə yaşayış məntəqələrinin salınması qanunsuz hesab olunur. Lakin İsrail hökuməti bu torpaqların tarixi və təhlükəsizlik baxımından İsrailə aid olduğunu iddia edərək bu cür fəaliyyətləri davam etdirir.

Poliqon.info

Chosen
33
poliqon.info

1Sources