EN

Parisdə Rubensin uzun müddət itmiş əsəri tapılıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Parisdə XVII əsrdə yaşamış flamand rəssamı Piter Paul Rubensin çoxdan itirilmiş tablosu tapılıb.

Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər verir.

“Bu, şah əsərdir. Bu rəsm əsərini istedadının zirvəsində Rubens çəkib”, - deyə bu kəşfi edən Jan-Pyer Osena bildirib.

Eyniadlı hərrac evinin rəhbəri Osena deyib ki, İsa Məsihin çarmıxda təsvir edildiyi 1613-cü il rəsmini 2024-cü ilin sentyabrında Fransa paytaxtının 6-cı dairəsində şəxsi malikanənin satışına hazırlaşarkən tapıb. “Bu, olduqca nadir və inanılmaz bir kəşfdir”, - deyə o söyləyib.

Hərrac evinin rəhbərinin sözlərinə görə, rəsmin həqiqiliyini flamand barokko ustasının yaradıcılığı ilə bağlı araşdırmaları ilə tanınan alman sənətşünası Nils Buttner təsdiqləyib.

O əlavə edib ki, rəsmin mənşəyi rentgen görüntüləmə və piqment analizi kimi üsullardan istifadə etməklə təsdiqini tapıb.

Jan-Pyer Osena rəsm əsərini “həqiqi iman etirafı və katolikliyi qəbul edən protestant Rubensin sevimli mövzusu” adlandırıb. “Bu, barokko rəssamlığının başlanğıcıdır, qaranlıq və təhdid edən səmanın fonunda təcrid olunmuş, çarmıxa çəkilmiş Məsihin təsviridir”, - deyə auksionçu bəhs edib.

Rubens kilsə üçün çoxlu əsərlər yaratsa da, 105,5 x 72,5 santimetr ölçüsündə bu yaxınlarda tapılan rəsm çox güman ki, şəxsi kolleksiyaçı üçün yaradılmışdır. Onun XIX əsrdə yaşamış fransız akademik rəssamı Uilhelm-Adolf Buqroya, daha sonra isə tapıldığı Paris malikanəsinin sahiblərinə aid olduğu hesab olunur.

Rəsm noyabrın 30-da hərraca çıxarılacaq.

Chosen
31
azertag.az

1Sources