Gəncə Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bağır Quluzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin 7 il müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 6 il müddətə endirilib.
İttihama görə, hadisə 25 avqust 2025-ci il tarixində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 355-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Bağır Quluzadə “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq qarşıda hərəkət edən “KamAZ” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1968-ci il təvəllüdlü Y.Qasımov, 1991-ci il təvəllüdlü Ə.Əliyev və 1967-ci il təvəllüdlü A.Verdiyeva aldığı xəsarətlərdən ölüblər.
Hadisədən sonra Bağır Quluzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov