EN

Azərbaycanda izafi ehsanlardan yaxa qurtarmaq üçün növbəti əla təşəbbüs var...


Nə qədər yazılsa da, deyilsə də, Azərbaycan cəmiyyəti israfçı yas mərasimlərindən, dəbdəbəli baş daşlarından imtina etməməkdə israrlı davranır. Bəzən heç bir imkanı olmayan ailə borc-xərc edib ölüsünün yas məclisində ehsan verir. İlk baxışdan bunlar nə qədər anormal görünsə də, günümüzün reallığıdır və heç kim ondan imtina etmək istəmir.

Məlumdur ki, bir çox rayonlarda inzibati müdaxilələrdən sonra yas mərasimlərində yemək verilməsi dayandırılıb və əhali artıq daha sadə ehsan süfrəsi təşkil edir. Lakin ümumi götürdükdə, əksəriyyət bundan imtina etməyib. Ancaq İslamda ehsan gözəl əməl, xeyirxah iş mənasına gəlir. Yemək süfrəsi açmaqla gözəl əməl, xeyirxah iş görmək istəyənlər bunu ehtiyacı olan insanlar üçün etməlidir. Yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaq - əsl ehsan bunlardır. Bu cür xeyirxah əməllər həm vəfat etmiş insanın ruhunu şad edər, həm də insanlara faydalı olar.

Bu günlərdə Abşeron rayonunun Fatmayı kəndində maraqlı hadisə baş verib. Həyat yoldaşını itirən Şasif adlı kənd sakini yas mərasimində ehsan vermək əvəzinə kəndin yoluna asfalt çəkdirib. Görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən müsbət qarşılanıb.

Elçin Bayramlı: “Abşeronda qeydə alınan hadisə cəmiyyətə nümunə kimi göstərilməlidir”

Sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, məlum hadisə çox təqdirəlayiq haldır və bu əsl ehsan sayılır: “Azərbaycan xalqının yas məclislərində süfrəyə düzdükləri isə ehsan deyil, israfçılıqdır. Ehsan – adından məlum olduğu kimi, qarşılıqsız başqalarını məmnun etmək üçün görülən işdir. Yas məclislərində verilən isə ehsan deyil, bunu edənlərin məqsədi pul yığmaqdır. Ehsan odur ki, rəhmətə getmiş şəxsin xatirəsinə hər hansı bir yaxşı iş görülsün. Məsələn, yol, su çəkmək, imkansız ailənin uşağı xəstədirsə onu müalicə etmək, aztəminatlı ailənin xərcini qarşılamaq və s. Bu, əxlaqi və dini baxımdan da məqbul hesab edilir. Abşeronda qeydə alınan hadisəni cəmiyyətə nümunə kimi göstərmək lazımdır. Ziyalılar, ictimai xadimlər də bu kimi nümunələrlə çıxış etməlidir. Hər kəs öz büdcəsinə uyğun xeyirxah iş görə bilər, sivil metod budur”.

Həmsöhbətimiz hesab edir ki, hazırda yas məclislərində verilən təmtəraqlı ehsanı aradan qaldırmaq lazımdır: “Bu tip məclislərin təşkil olunması ailələri ağır yükün altına salır, borca-xərcə girirlər. Biabırçılıqlara son qoyulmalıdır”.

Cəmşid Əliyev: “Ehsan əvəzinə, ehtiyacı olanlara yardım edilməsi, yol çəkilməsi, ahıl şəxslərə və ya aztəminatlı ailələrə paylanması daha gözəl və savab bir əməldir”

Ilahiyyatçı Cəmşid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müsəlman cəmiyyətində ehsan anlayışı əksər hallarda yalnız yas mərasimləri ilə əlaqələndirilir: “Ehsan yaxşılıq etmək, gözəl davranmaq kimi İslamda daha geniş və dərin mənaya malikdir. İslamın ruhuna uyğun olaraq, yas mərasimləri mərhumun xatirəsini anmaq, ailəsinə mənəvi dayaq olmaq məqsədi daşımalıdır. Bu baxımdan, yemək-içmək ehsanı əvəzinə, ehtiyacı olanlara yardım edilməsi, yol çəkilməsi, ahıl şəxslərə və ya aztəminatlı ailələrə paylanması daha gözəl və savab bir əməldir. İnsanlar yasa təsəlli, başsağlığı, dəstək verməyə, dünyasını dəyişənlərin xatirəsini anmağa gəlməlidirlər, yeyib-içməyə deyil. Abşeronun Fatmayı kəndində sakinin vəfat edən həyat yoldaşına ehsan vermək əvəzinə yol çəkməsi cəmiyyət üçün faydalı bir iş kimi dəyərləndirilməlidir”.

Günel CƏLİLOVA

Chosen
22
baki-xeber.com

1Sources