EN

70 yaşlı sabiq prezident 27 il azadlıqdan məhrum edildi

Braziliya Ali Məhkəməsi ölkənin sabiq prezidenti Jair Bolsonaronu 2022-ci il prezident seçkilərini pozmaq cəhdi və seçilmiş prezident Luiz İnasio Lula da Silvaya qarşı sui-qəsd planı ilə əlaqədar 27 il 3 ay müddətinə azadlıqdan məhrum edib.Vətəninfo.az xəbər verir ki, bu barədə G1 və CNN məlumat yayıb.

Ali Məhkəmənin beş hakimindən dördü Bolsonaro barəsində irəli sürülmüş bütün beş ittiham üzrə onun təqsirli bilinməsi və uzunmüddətli cəza ilə cəzalandırılması lehinə səs verib.

Sabiq prezident dövlət çevrilişi planlaşdırmaqda, silahlı cinayətkar təşkilatın tərkibində iştirak etməkdə, demokratik sistemi zorakı yolla devirməyə cəhddə, dövlət qurumlarına qarşı zorakılıq tətbiq etməkdə və dövlət əmlakına ziyan vurmaqda təqsirli bilinib. Bu hadisələr onun tərəfdarlarının 2023-cü il yanvarın 8-də hökumət binalarına hücumları zamanı baş verib.

İttiham tərəfi bildirib ki, sui-qəsd planının bir hissəsi kimi, Lula da Silvaya, vitse-prezident Geraldo Alkmina və Ali Məhkəmənin hakimi, eyni zamanda Bolsonaronun məhkəməsinə sədrlik edən Aleksandr de Moraesə qarşı partlayıcı maddələr, hərbi silah və ya zəhər istifadəsi də nəzərdə tutulub.

Bolsonaronun əleyhinə əsas sübutlar onun 2022-ci il seçkilərində Lula da Silvaya uduzduqdan sonra hakimiyyəti saxlamaq üçün atdığı addımlara əsaslanıb. Federal polis qeyd edib ki, sabiq prezident seçki nəticələrini ləğv etdirmək, ordunu müdaxiləyə məcbur etmək və paralel “böhran idarəetmə ofisi” yaratmaq planlarından tam məlumatlı olub.

İttihamçılar bildirirlər ki, bu planlar hələ 2021-ci ildən başlayıb və məqsəd seçki sisteminə ictimai etimadı sarsıtmaq olub. Bolsonaro tərəfdarlarının küçələrə çıxaraq seçki nəticələrini tanımaması və 2023-cü ilin yanvarında üç əsas dövlət binasına hücum etməsi bu prosesin kulminasiyası sayılır.

Məhkəmə prosesinə sədrlik edən Moraes bildirib ki, Bolsonaro və digər müttəhimlər “Baş prokurorluq tərəfindən irəli sürülmüş bütün cinayətləri törədiblər”. Hakimlər Flavio Dino, Karmen Lusiya və Kristiano Zanin də hökmü dəstəkləyiblər.

Bolsonaronun müdafiəçiləri qərardan apellyasiya şikayəti verə bilərlər. Lakin şikayətlər tükəndikdən sonra hökm qüvvəyə minəcək və cəzanın icrasına başlanacaq. 70 yaşlı Jair Bolsonaro və digər təqsirləndirilən şəxslər özlərini günahsız sayır və məhkəmə prosesini siyasi təqib adlandırırlar.

Chosen
22
veteninfo.az

1Sources