Sərbəst güləş üzrə milli komandanın üzvü Osman Nurmaqomedovun (92 kq) müsahibəsi:
– Avqustda Türkiyədə təlim–məşq toplanışı keçdiniz. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Bununla bağlı nə deyə bilərsən?
– Türkiyədəki təlim-məşq toplanışı yaxşı keçdi. Hazırlıq prosesində 4-5 komanda iştirak edirdi. Xalça üzərində məşqlərə daha çox yer ayrıldı və səhvlər üstündə işlədik. Bakıdakı təlim-məşq toplanışında isə yoxlama görüşlərinə üstünlük verildi. Zədəsiz başa vurduq. Hər şey yaxşıdır. Uşaqlar da yaxşı formadadırlar.
– Komandada əhval-ruhiyyə necədir?
– Komandanın əhval-ruhiyəsi yaxşıdır. Yüksək səviyyədə toplanışlar keçdik. Güləşçilərimiz qələbəyə köklənib.
-Yarışa özünü tam hazır sayırsan?
– Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır.
– Bir neçə dəfə dünya və Avropa çempionatının finalında məğlub olmusan. Final sindromu nə ilə bağlıdır?
– Hamısında qələbəyə çox yaxın olmuşam. Yəqin ki, həmin görüşlərdə çatışmayan idman xoşbəxtliyi olub.
– Əsas rəqiblər kimlərdir?
– 92 kq-da güclü rəqiblər çoxdur. Zəif-güclü tərəflərini təhlil etmişəm. Onlara qalib gəlməyin yolunu bilirəm.
– Fərdi keyfiyyətlərini yaxşılaşdırmaq üçün hansı detallar üzərində işləyirsən?
– Parter üzərində çalışmalara, ayaqlarla işləməyə diqqət ayırdıq. Görüş sonluğuna da yer ayırdıq. Bu da yaxşı forma yığmağa imkan verdi.
– Sərbəst güləşdə 8 illik qızıl medal həsrətinə son qoymağa hazırsan?
– İlk növbədə özümə sübut etmək istəyirəm ki, mən dünya çempionu ola bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm.
– 92 kq qeyri-olimpiya çəkisi olduğu üçün növbəti Olimpiya Oyunlarında hansı çəkidə güləşməyi planlaşdırırsan?
– Səhhətim imkan versə və ciddi zədə olmasa, gələcəkdə 97 kq-a keçməyi planlaşdırıram.