Dövlət Turizm Agentliyi Azərbaycanın cənub regionuna infotur təşkil edib
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə sentyabrın 9-11-də Azərbaycanın cənub regionunun Xəzər sahilində yerləşən rayonlarına infotur təşkil edilib. 1news.az Agentliyə istinadən xəbər verir ki, Astara, Lənkəran və Neftçala rayonlarını əhatə edən infoturda Azərbaycanda fəaliyyət göstərən 30 aparıcı turizm şirkətinin nümayəndələri və səyahət blogerləri iştirak ediblər. İnfoturun əsas məqsədi qeyd olunan rayonlarının turizm imkanlarının geniş şəkildə təbliğ olunması, son illərdə turizm sahəsində aparılan işlərin nümayiş etdirilməsi, eyni zamanda yeni turizm destinasiyalarının tanıdılmasıdır. İnfotur çərçivəsində Hirkan Milli Parkına, bambuk plantasiyasına, Sım kəndinə, balıqçılıq, çay və sitrus təsərrüfatlarına, yeni istifadəyə verilmiş turizm müəssisələrinə səfər edilib. Həmçinin iştirakçılar regionun yerli mətbəx nümünələri, müalicə turizmi və aqroturizm imkanları ilə tanış olublar.