Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub.
Bunu deputat Əziz Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib. Millət vəkili qeyd edib:
“Bizi ən çox narahat edən məsələlərdən biri vəfat etmiş insanların ailələrinin dərhal çox çətin duruma düşməsidir. Əgər dünyasını dəyişən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, məsələn, gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, yoxsa yox.
Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğ isə ənənəvi olaraq pensiya yaşına çatanda, ailə istifadə edə bilsin. Bu da başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”.
Qeyd edək ki, son vaxtlar aktual olan məsələlərdən biri də ölkədə vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı müxtəlif istiqamətdə fikirlər səslənsə də, hələ ki, bu sahədə heç bir qərar qəbul edilməyib. Ümumiyyətlə, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin 30 faizinin dərhal ailəsinə verilməsi mümkündürmü?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, əksər ölkələrdə sığorta yığımlarına görə varislik hüququ tanınır:
“Bu barədə ən zəif mexanizmlərdən biri Azərbaycandadır, yəni hələ bu mümkün deyil. Təbii ki, digər faktorlar da var. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri, xərclər, gəlirlər baxımından müstəqillik məsələsi var. Hələ də DSMF dövlət büdcəsindən bu və ya digər şəkildə maliyyələşdirilir, irihəcmli transfertlər yönəldilir.
Baxmayaraq ki, son 10 ildə büdcədən transfertin fondun ümumi gəlirlərində payının təxminən 38 faizdən 25 faizə doğru azaldığını görürük. Ancaq yenə də hər 4 manatdan təxminən 1 manatı bu və ya digər şəkildə büdcə transfertləri hesabına formalaşır. Hökumət daha çox məhz bu məqamları nəzərə alaraq öz siyasətinin çərçivələrini formalaşdırır.
Hökumətin 2016-cı ildən başlatdığı siyasətdə müvafiq istiqamətdə əsas meyar gəlirlər və xərclər arasında balansın formalaşdırılması, bu və ya digər şəkildə büdcədən transfertlərin həcminin azaldılması, yaxud da sıfıra salınması istiqamətində idi.
Burada istiqamətlərdən biri də gəlirlərin artırılmasıdır. Gəlirlərin artırılması üçün sistem, iqtisadiyyat işləməlidir. Birincisi, iqtisadi aktivlik olmalıdır.
İkincisi, iqtisadi aktivlik leqal, formal olmalıdır. Ötən dövr ərzində bu istiqamətdə ciddi uğurların əldə edildiyini demək olmaz. Ona görə də hökumət gəlirlərin mənbəyini, bazasını genişləndirməkdənsə, xərclərin optimallaşdırılması siyasətini daha çox önə çıxardır. Belə bir konyukturda Azərbaycanda müvafiq qərarın indiki şərtlər daxilində qəbul ediləcəyi ehtimalını az görürəm”.
İqtisadçının sözlərinə görə, gələcəkdə bunun üçün konyuktur formalaşa bilər:
“Rəqəmsallaşma, nağdsız ödəniş bu və ya digər şəkildə kölgə iqtisadiyyatının miqyasını azaltmaqla bunun üçün bir baza formalaşdırır. Bu prosesdən Azərbaycan istəsə də yayına bilməyəcək. Növbəti 10 ildə böyük ehtimalla iqtisadi fəaliyyətlərdə, eyni zamanda əmək bazarında ciddi qanuniləşmə gedəcək. Bu imkan formalaşdıra bilər ki, hökumət artıq Azərbaycanda da sığorta yığımları üzrə varislik hüququnu formalaşdırsın.
Onun parametrləri, 30, yaxud 50 faizi artıq müzakirə olunandır. Normalda varislik hüququndan danışırıqsa, əslində 100 faiz olmalıdır. Ancaq hələlik ola bilər ki, müəyyən dövrü mərhələli keçid dövrü adlandırmaq olar. Burada aşağı faizlərlə başlayıb daha yuxarı faizlərə, tam varislik hüququnun təmin edilməsinə doğru siyasət də həyata keçirilə bilər.
Yəni bu mümkündür. Ancaq bu gün üçün keçirilməsi ilə bağlı çox az ehtimal görürəm. Gələcəkdə bununla bağlı məsələlər böyük ehtimalla aktuallaşacaq. Ancaq hökumətin bununla bağlı hansı mövqe sərgiləyəcəyini dəqiq proqnozlaşdırmaq çox çətindir”.
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər:
Vəfat vərəsə Rəşad Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.