EN

Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri türk dövlətləri ilə əlaqələrin qurulması, onları bir araya gətirən Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsidir. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, bu birliyə xüsusi diqqət yönəltməsin. Hazırda yeni dünya nizamının formalaşdığı bir dövrdə türk dünyasının birliyinin vacibliyi özünü daha aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində «İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib» söyləyərək onu da əlavə etdi ki,  biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır.  D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə  1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır.

Cənab İlham Əliyev həmin müsahibədə bu çağırışı da etmişdir ki, əslində, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Azərbaycan uzun illərdir bu siyasəti aparır. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk. Çünki yaxın və orta keçmişə nəzər salsaq dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı  o qədər də çox deyil.

Reallıq budur ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıqlar yaradaraq Şərq-Qərb əməkdaşlığında da əsas halqalardan birinə çevrilib. Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir, dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib. 

Azərbaycan daim dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Bütün dövrlərdə aktuallığını qoruyan  əsas məsələlərdən biri türk dünyasının birliyidir. Türk Dövlətləri Təşkilatının hər il qeyri-rəsmi  Zirvə görüşünün keçirilməsi təşəbbüsünü də Prezident İlham Əliyev irəli sürüb. TDT-nin dövlət başçılarının ilk qeyri-formal Zirvə görüşü ötən il iyul ayında  Azərbaycanın, Türk dünyasının, İslam dünyasının   mədəniyyət paytaxtı  Şuşada keçirilmişdi.  Bu mühüm addım ölkəmizin birliyin möhkəmləndirilməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Məlum olduğu kimi, bu ilin may ayında isə   Macarıstan bu birliyə şahidlik etdi. Belə ki,  Budapeştdə  Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Macarıstan TDT-də 2018-ci ildən etibarən müşahidəçi statusuna malikdir. Zirvə görüşü kimi önəmli bir tədbirin təşkilatda müşahidəçi statusu daşıyan ölkədə keçirilməsi TDT tarixində bir ilkdir. Bu, bir tərəfdən qurumun genişlənmə siyasəti ilə bağlıdırsa, digər tərəfdən də dost Macarıstanın Türk dünyasına inteqrasiya səylərinin təsdiqidir. Macarıstanla Türk dünyasını ortaq tarix birləşdirir. Bu ölkə yeni dünya nizamında Türk dünyası ilə daha sıx əlaqələr qurmağa böyük önəm verir və məqsədyönlü fəaliyyət ortaya qoymaqla TDT-nin tamhüquqlu üzvü olmağa çalışdığını təsdiqləyir. Burada Macarıstanın da Türk dünyası üçün önəmli bir ölkə olduğunu vurğulamaq yerinə düşər. Bu ölkə Avropa İttifaqının (Aİ) üzvüdür. Rəsmi Budapeşt ölkənin bu statusundan istifadə etməklə Aİ-Türk dünyası əlaqələrinin yeni bir səviyyəyə yüksəlməsinə vəsilə ola bilər. Prezident İlham Əliyev Budapeştin ev sahibliyi etdiyi Zirvə görüşündəki çıxışında Azərbaycanın təşəbbüsünün TDT-də üzv dövlətlər tərəfindən dəstəklənməsindən məmnunluğunu bildirmişdir: «Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.» Həmin görüşün nəticəsi olaraq imzalanan  Bəyannamə qarşıdakı dövrün çağırışlarını özündə ehtiva etdi. Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, regional, qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqlədilər. Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirdilər.  Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışladılar.  Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edildi. Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm,  transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqlədilər.  Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirildi və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edildi, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olundu. Sözügedən Bəyannamədə Azərbaycanın 2025-ci ildə Türk Dövlətləri Təşkilatının  12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğu etibarlı qlobal məkana çevrildiyini təsdiqləyən mühüm hadisələr sırasında cari ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşünün təşkil edilməsini, oktyabr ayında isə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün, 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçiriləcəyini xüsusi qeyd edir.

Yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olan ölkəmizin inkişaf strategiyası gələcəyə  daha inamla baxmağa əsas verir. Xarici siyasətimizin dəyişməz prinsipləri uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişaf səviyyəsi göz qabağındadır. Möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulan  əlaqələr tarixi Zəfərimizdən ötən beş ildə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməkdə, əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək addımlar atılmaqda, mühüm sənədlər imzalanmaqdadır.

Azərbaycan ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad mühitinin qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət göstərir. Bu isə öz növbəsində əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə və uğurlu inkişafına yol açır. Azərbaycan tarixi Zəfərindən, eyni zamanda, 2023-cü ilin  sentyabr ayında  suverenliyini tam bərpa edəndən  sonra yeni dövrə qədəm qoyub. Bu dövrün öz hədəfləri vardır. Dövlət başçısı İlham Əliyev ötən  ilin fevralın 7-də ölkəmizdə keçirilən  prezident seçkilərindən sonra andiçmə mərasimində Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, onların fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən bəhs etdi. Bu mühüm məqam xüsusi qeyd edildi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir: «Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.»  Prezident İlham Əliyev belə bir çağırışı səsləndirdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq.

Bu ilin iyul ayında  qədim Azərbaycan torpağının, Xankəndi şəhərinin ev sahibliyi etdiyi  İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü bütün bu məqamlara bir daha aydınlıq gətirdi. İştirakçı ölkələrin dövlət başçılarının çıxışlarında Azərbaycanın gələcəyinə böyük inam ifadə edildi. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir. Bu gün Azərbaycan-Çin münasibətləri diqqətdən kənarda qalmır.  Dövlət başçısı İlham Əliyevin bu günlərdə Çinə işgüzar səfəri münasibətlərimizin dünəninə və bu gününə baxış əsasında yeni hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdə dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu ilin aprel ayında  cənab İlham Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.

Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir. Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Hər iki ölkə  beynəlxalq və regional sülhün,  təhlükəsizliyin qorunmasına töhfə verir, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirir. Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündəki çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, sülh və inkişafın bünövrəsi öncə iqtisadi əməkdaşlığa söykənir. Ona görə təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Görüşün gündəliyinə uyğun olaraq, təşkilatın orta və uzunmüddətli inkişaf prioritetləri aydın şəkildə müəyyən edilməlidir.  Bunun üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanı qəbul etmək zəruridir. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, biz, həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməliyik. Əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafı xüsusilə vacibdir. Sərmayə əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün “ECO invest” uzunmüddətli proqramını qəbul etmək və sərmayə mühitinin daha şəffaf və cəlbedici olması təşəbbüsü ilə çıxış etmişik. Bu proqramın əsas məqsədi özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionumuzda perspektivli layihələrə cəlb etməkdən ibarətdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü də türk dünyasının birliyinin təqdimatında əhəmiyyətli rol oynadı. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə türk dünyasının birliyinə, həmrəyliyinə verilən önəm ölkələr arasında əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır.

Azərbaycan dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışları ilə diqqətdədir. Ölkəmizin ev sahibliyi etdiyi, eyni zamanda, iştirakçısı olduğu beynəlxalq tədbirlər daim belə əməkdaşlıq formatlarına yol açan mühüm addımların atılması, qərarların qəbulu ilə yadda qalır. Ötən ilin noyabr ayında Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. Zirvə görüşündəki çıxışında cənab İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın böyük əhəmiyyət daşıdığını önə çəkən dövlətimizin başçısı onu da əlavə etmişdir ki, ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.Türk Dövlətləri Təşkilatının Baş katibi  Kubanıçbek Ömüralıyev  isə təşkilata üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edərək  TDT qarşısında duran yeni hədəflərə diqqət çəkmişdi. Qeyd etmişdi ki, hazırda təşkilata üzv ölkələr arasında həyata keçirilən layihələrdə müasir texnologiyalardan istifadə, süni intellektin tətbiqi, təhlükəsizlik məsələləri, elektron ticarətin təşkili və reallaşdırılması prioritet istiqamətlərdir.

Bütün bunlar Türk dünyasının birliyinin davamlı olaraq güclənməsinin göstəricisidir. 2009-cu ildə Naxçıvanda təsis olunan TDT uzun bir yol keçib. Təşkilatın gələcəyi ilə bağlı  bütün  məsələlər  oktyabr ayında Azərbaycanın  ev sahibliyi edəcəyi üzv ölkələrin dövlət və hökumət başçılarının 12-ci Zirvə toplantısında ətraflı müzakirə olunacaq. Türk Dövlətləri Təşkilatının əhəmiyyətli geosiyasi təşkilata çevirmək üçün daha da həmrəy olmaq əsas çağırışlardandır. Sözügedən Zirvə görüşü təşkilatın regional nüfuzunu daha da artırmaq məqsədilə əsas məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

Yeganə Əliyeva, «İki sahil»

Chosen
8
ikisahil.az

1Sources