EN

Əzm ilə ənənənin qarşılaşması: Dieqo Lopes Jan Silvaya qarşı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 13-də dünya MMA (Qarışıq döyüş sənəti) azarkeşlərinin diqqəti San-Antonio şəhərindəki UFC (Mütləq döyüş çempionatı) oktaqonuna yönələcək. Bu dəfə gecənin diqqət mərkəzində böyük perspektivlər vəd edən, qeyri-adi döyüş üslubları ilə tanınan Dieqo Lopes və Jan Silva üz-üzə gələcək. Turnirin atmosferi, adrenalin və yüksək gərginlik hər kəsi ekran qarşısına kilidləyəcək.
Dieqo Lopes Meksikadan çıxmış, döyüş ruhunu Latın Amerikasının isti küçələrində formalaşdırmış, uzun illər fərqli arenalarda təcrübə toplamış idmançıdır. Onun yolu heç də asan olmayıb: məğlubiyyətlər, ağır döyüşlər və sərt rəqiblər Lopesin xarakterini formalaşdırıb. D.Lopesin UFC-yə gəlişi təsadüfi deyil, o bu səviyyəyə addım-addım qalxaraq yüksəlib. Hazırda Lopes yarımyüngül çəkidə (66 kq) çıxış edir və sıralamada ikinci pillədə qərarlaşır. Onun parlaq stili - hücum döyüş üslubu və kreativ qreppler kimi tanınması, qarşılaşmalarını hər zaman maraqlı edir. BJJ-si (Brazilian Jiu-Jitsu) çox yüksək səviyyədədir.
Qarşı tərəfdə isə Braziliyanın döyüş sənətləri ilə nəfəs alan gənc talant Jan Silva dayanır. O, MMA-da döyüşməzdən əvvəl sambo və muay-tayla məşğul olub, Braziliyanın küçə döyüşlərində sərtləşib. Silva illərdir başqa turnirlərdə ad çıxardıqdan sonra UFC-nin qapısını döyüb və indi özünü sübut etmək üçün qarşısında böyük imkanlar açıldığını bilir. Sərt zərbələr, yorulmaz temp və rəqibini sona qədər təzyiq altında saxlamaq onun döyüş üslubudur. J.Silva da Lopes kimi yarımyüngül çəki (66 kq) divizionunda mübarizə aparır və hazırda UFC reytinqinsə yüksəlmək üçün fürsət axtarır.
Bu qarşılaşma sadəcə iki gənc döyüşçünün savaşı deyil - bu, fərqli mədəniyyətlərin, fərqli məktəblərin və fərqli həyat yollarının kəsişməsidir. Meksikanın içindən gələn əzm ilə Braziliyanın döyüş ənənələri bir oktaqonda toqquşacaq. UFC-nin reytinqində özünə yüksək mövqe axtaran bu iki döyüşçü üçün 13 sentyabr tarixi karyeralarının dönüş nöqtəsinə çevrilə bilər.
Bünyad Qaraxanlı
Chosen
35
oxu.az

1Sources