EN

Zamanla yarışan media, süni intellekt və dezinformasiya

Yayılan məlumat sadəcə xəbərdir, yoxsa həqiqət?

Bakı, 12 sentyabr, AZƏRTAC

Son zamanlar dünyada informasiya axını inanılmaz dərəcədə artıb. Vaxtilə qəzet səhifələrini səbirsizliklə gözləyən oxucu indi sosial şəbəkələri izləməklə kifayətlənir. Xəbərlər artıq dəqiqələrlə yox, saniyələrlə ölçülür. İnternet, sosial media və 24 saat fəaliyyət göstərən xəbər kanallarında dünyanın ən ucqar nöqtəsində baş verən hadisə dərhal paylaşılır. Əlbəttə, bu iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsində vacibdir. Bununla yanaşı sürətli informasiya tendensiyası mediada ciddi problemlər yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Sevinc Məmmədovanın “Zamanla yarışan media, süni intellekt və dezinformasiya” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Çox vaxt xəbərlərdə reallıqdan uzaq olan əsassız mənbələrə, şayiələrə rast gəlirik. Bəzən isə cəmiyyətdə çaşqınlıq yarada biləcək yanlış məlumatlar bilərəkdən paylaşılır. İzləyicilər ilk gördükləri xəbərə inanmağa meyilli olduqları halda, məlumatların tez bir zamanda yayılması onların dəqiqləşdirilməsini çətinləşdirir. Bu da cəmiyyətdə birmənalı qarşılanmır.

Yalan ayaq tutar, yeriməz...

XX əsrin 90-cı illərinin sonlarında dünya mediasını sarsıdan Stiven Qlass qalmaqalı informasiyanın saxtalaşdırılmasının nə qədər təhlükəli olduğunu göstərdi. “The New Republic” jurnalında qısa müddətdə şöhrət qazanan gənc jurnalist maraqlı reportajları ilə həm oxucuların, həm də redaksiyanın sevimlisinə çevrilmişdi. Amma sonradan məlum oldu ki, həmin yazıların çoxu mənbəsiz, uydurma faktlara, “feyk”lərə əsaslanır. XX əsr ingilis yazıçı, ədəbi tənqidçi, publisist, jurnalist Corc Oruell isə medianın həqiqəti necə təhrif etməsini və cəmiyyətə təsirini daha dəqiq ifadə etmişdi: “Mətbuatın bir kəlmə də demədiyi, sanki olmamış kimi real döyüşlərdə şəxsən vuruşmuşam. Qəzetlərin qorxaq və satqın kimi qələmə verdikləri cəsarətli əsgərləri, qəhrəman kimi təqdim edilən namərdləri və satqınları görmüşəm”.

Təəssüf ki, auditoriyanın dünyagörüşü çox vaxt məhz bu cür uydurmaların təsiri altında formalaşır, xəbərə və ümumilikdə media orqanlarına inamı azaldır. Jurnalistikanın əsas məqsədi faktları ictimaiyyətə çatdırmaqdırsa, belə hallar bu missiyanın icrasına mane olur.

Rəqəmsal dalğa və media reallığı

Müasir dövrdə media sürət naminə həqiqətən də güzəştə getmək təhlükəsi ilə üz-üzədir?

Rəqəmsal media ənənəvi medianın sərhədlərini genişləndirərək xəbərin istehsalı və yayımını tezləşdirdi. Bu gün dünya mediasında olduğu kimi, Azərbaycanda da bəzi xəbər portalları “YouTube”, “Instagram” və s. sosial şəbəkələrdə istənilən xəbəri saniyələr içində mətn, foto, video, audio formatlarında minlərlə insana çatdırır. “Facebook” və “WhatsApp”dakı operativ paylaşımları nəzərə alsaq, qısa müddətdə məlumatların auditoriyası daha da genişlənir, interaktivlik xəbərə dərhal münasibət bildirmək imkanı verir. Artıq insanlar tək istehlakçı deyil, həm də xəbər istehsalçısı sayılırlar. Müasir dildə istifadəçi tərəfindən yaradılan kontentə istifadəçi kontenti də deyilir (User Generated Content). Başqa sözlə desək, sosial şəbəkələr və onlayn platformalar medianın özəlliklərini, müsbət və mənfi cəhətlərini üzə çıxarır. Qeyd etdiyimiz kimi, məlumatın əlçatanlığı müsbət haldır. Digər tərəfdən isə, hər kəsin xəbər paylaşa bildiyi bir mühitdə yanlış məlumatlar, “dezinformasiya”, “feyk” xəbərlər daha tez yayılır.

Ən böyük təhlükə isə odur ki, artıq insanlar gördüyünə də, eşitdiyinə də tam güvənmir. İnformasiyanın çoxluğu arasında həqiqəti saxtadan seçmək çətinləşib. Əgər əvvəllər jurnalistin işi hadisə yerindən fakt toplamaq idisə, indi onun əsas vəzifəsi informasiya bolluğunda həqiqəti tapmaqdır. Çünki doğru və yoxlanılmış məlumatlar auditoriyanın etimadını artırır. Bu da peşəkarlığın bir nümunəsidir.

Mediada operativlik, dəqiqlik və etimad

Bu gün isə vəziyyət daha mürəkkəbdir. Çünki informasiya istehsalçısı artıq təkcə insan deyil. Müxtəlif kontentə aid xəbərlər yazan, auditoriyanın tələblərinə uyğun videolar hazırlayan süni intellekt sistemləridir. 2020-ci ildə Zəfərlə başa çatan Vətən müharibəsində bir daha bəlli oldu ki, bəzən təqdim edilən videonun, şəklin, hətta səs yazısının belə doğruluğuna şübhə ilə yanaşılmalıdır. Əvvəllər fantastika kimi görünən “deepfake” (ingiliscə “deep learning” (dərin öyrənmə) və “fake” (saxta) sözlərinin birləşməsindən yaranıb) indi gündəlik həyatın bir parçası olub. Bu texnologiya saxta səs və təsvirdən istifadə edərək real görüntü yaradır.

Şuşadan gələn çağırış

Məsələ təkcə texnologiyada deyil, həm də onun necə idarə edilməsindədir. Bu il keçirilən III Şuşa Qlobal Media Forumunda da məhz bu mövzular diqqət mərkəzində idi. Forumun əsas çağırışı “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” idi. Bu sözlər sadəcə söz yox, jurnalistikanı gələcəyə aparan bələdçidir.

Şuşa Forumunun mühüm mesajı da məhz bu oldu: sürət müvəqqəti, həqiqət isə qalıcıdır. Süni intellekt dövründə medianın gələcəyi texnologiyadan çox, onun dəyərlərə necə sadiq qalmasından asılıdır. Əlbəttə ki, müasir media süni intellektin yaratdığı böyük imkanlarla yanaşı, bir sıra ciddi problemlərlə də üzləşir.

Şuşada səslənən fikir ondan ibarət idi ki, media yalnız yeni texnologiyaları mənimsəməklə kifayətlənməməli, həm də peşə etikası, təhsil və məsuliyyət prinsiplərinə sadiq qalmalıdır. Jurnalistin əsas gücü hələ də obyektivlik, fakt yoxlama bacarığı və ictimai məsuliyyətidir. Qeyd edək ki, “clickbait” və sensasiya mediaya qazanc gətirsə də, oxucularının ona olan etimadını itirir. Bunun üçün də medianın qarşısında əsas vəzifələr operativlik və dəqiqlik; süni intellektdən yerində faydalanmaq; auditoriyanın inamını qazanmaq və qorumaq hər zaman qüvvədədir.

“Gələcəyin jurnalisti insan və ya süni zəka?” Medianın qarşısında duran bu sualın cavabı hələ də açıq qalır, amma bir şey dəqiqdir – həqiqəti qorumaq məsuliyyəti yalnız insana aiddir.

Texnologiya dəyişir, platformalar yenilənir, üsullar fərqlənir. Amma jurnalistikanın mahiyyəti və əsas missiyası dəyişməz qalır – cəmiyyətə dəqiq və doğru məlumatları çatdırmaq.

Chosen
20
1
azertag.az

2Sources