EN

"Təkcə bir şəxsin canına qıymaqla iş bitmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İntiharla bağlı bilirik ki, bəşəriyyət öz sivil mərhələsinə qədəm qoyandan bu yana hər zaman ictimai, sosial, mədəni, hətta elmi və ədəbi mübahisələr mövcud olub və bu, davam edir. İntiharın müxtəlif formaları var: fərdi şəkildə özünə qəsd edənlər, eləcə də ictimai, siyasi, mədəni, sosial, etnik və ya milli problemləri qabartmaq, həm ölkə daxilində, həm də xaricdə bu məsələlərə diqqət çəkmək üçün şüurlu şəkildə özünə qəsd edən şəxslər olur". Bunu SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Avropada və keçmiş sovet respublikalarında dissidentlər buna əl atırdılar: "Son illərdə isə intiharın daha qəribə və mənasız formaları yaranıb. Əvvəllər sevgi, məhəbbət, sosial təzyiqlər, cinsi azlıqlara qarşı zorakılıq və yeniyetmələrin psixoloji problemləri kimi səbəblər ön planda idi. Amma bu gün daha narahatedici hallar mövcuddur: kompüter oyunları və sosial şəbəkələr vasitəsilə intihara təhrik edilən uşaqlar və yeniyetmələr. Belə hallar artıq Pakistanda, digər ölkələrdə və bizim ölkədə də müşahidə olunur.

Bir intihar hadisəsi böyük sosial, etik, iqtisadi və hüquqi problemlərə səbəb olur. Təkcə bir şəxsin canına qıymaqla iş bitmir – həmin hadisə nəticəsində hüquqi orqanların fəaliyyəti, ailənin travması, cəmiyyətin zədələnməsi və dövlət resurslarının səfərbər olunması baş verir. Bundan əlavə, bəzi hallarda dini sektalar və radikal qrupların təsiri altında kütləvi intiharlar da baş verir. Həmçinin, bəzi bloqerlər və sosial media fenomenləri diqqət çəkmək üçün canlı yayımda intihar edir.

İntiharı doğuran səbəblər çoxdur: ailə problemləri, sevgi, təhsil uğursuzluğu, narkotik və alkoqol asılılığı, psixoloji təzyiqlər və s. Bu məsələnin qarşısını almaq üçün müxtəlif dövlət qurumları – Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər və İdman Nazirliyi və digər aidiyyəti orqanlar birgə işləməlidir. Mütləq ictimai müzakirələr təşkil olunmalı, maarifləndirici kampaniyalar və layihələr həyata keçirilməlidir. Ailələr üçün böhran mərkəzlərinin yaradılması, məktəblərdə və universitetlərdə psixoloji dəstək xidmətlərinin gücləndirilməsi vacibdir. Eyni zamanda, dini, milli və mənəvi baxımdan intiharın nə qədər mənfi və qəbuledilməz olduğu gənclərə aşılanmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Chosen
23
1
sia.az

2Sources