EN

31 ilin HƏSRƏTİ bitdi - “Valideynlərim Muraddan xəbər gözləyə-gözləyə getdilər" – VİDEO

"Valideynlərimiz Muraddan narahat getdilər, anam Səkinə 3 ildir atam isə 11 ildir vəfat edib. Onlar Muraddan xəbər gözləyə-gözləyə dünyadan köçdülər. Çox şükür ki, Muraddan xəbər çıxdı. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirik. Prezidentə minnətdarıq".

Bu sözləri bu gün nəşi doğulduğu Quba rayonuna gətirilən Birinci Qarabağ Müharibəsinin itkin şəhidi Murad Vəliyevin bacısı Rəhimə Şükürova Bizim.Media-ya deyib. Onun sözlərinə görə artıq valideynlərinin ruhu şaddır. 

Muradın böyük qardaşı Pirəhməd Vəliyev 31 il sonra qardaşından məlumat aldıqları üçün şükür edir:

“5 ildir DNT analizi vermişdik. Çox şükürlər olsun ki, onun qalıqları tapıldı. Könüllü getmişdi. Əməyi olan insanlara minnətdarıq".
 

20 yaşlı Murad Vəliyev isə şəhid əmisi Muradın adını daşıması ilə fəxr etdiyini deyir. Dövlət Sərhəd Xidmətində hərbi qulluq keçdiyini qeyd edən Murad əmisinin adını həmişə uca tutduğunu və onun adına layiq xidmət etdiyini bildirib.


Qeyd edək ki, Murad Məlikməmməd oğlu Vəliyev 1971-ci ildə Qubanın Nütəh kəndində doğulub. 1993-cü ilin avqust ayında Milli Ordu sıralarına çağırılıb. Ağcabədi bölgəsində qulluq edib, Şişqayanın alınmasında iştirak edib. Sonra evə qayıdıb. Amma könüllü olaraq 1994-cü il yanvarın 13-də cəbhəyə yollanıb və həmin ilin mart ayında Füzuli rayonunun Əhmədbəyli istiqamətində gedən döyüşlərdə itkin düşüb.

O ailədə 4 bacı və 1 qardaşdan sonra sonuncu övlad idi.

Şəhid Murad Vəliyev bu gün doğulduğu Nütəh kəndinin məzarlığında son mənzilə yola salınacaq.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
30
2
bizim.media

3Sources