EN

"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

Kulis.az Natəvan Dəmirçioğlunun Vidadi Babanlıya həsr etdiyi "O məni qazaxlı olmağıma bağışladı" yazısını təqdim edir.

Vidadi Babanlının yaradıcılığından yazmaq fikrində deyiləm. Ancaq onu mütləq demək istəyirəm ki, Vidadi Babanlıbizim gəncliyimizin mütaliə etdiyi çoxsaylı yazarlar içərisində yaradıcılığı ilk beşlikdə olan yazıçıidi. “Vicdan susanda” romanı ilə 70-80-ci illərin yeniyetmə və gənclərinin ən populyar, ən çox sevilən yazıçılarından birinin Vidadi Babanlı olduğunu heç kəs inkar edə bilməz. Ənənəvi roman janrında, çox müasir ruhda yazılmışdı bu əsər. Haqsızlıqla mübarizə, insanın iradəsi, həyəcanlı, romantik sevgi səhnələri, yazıldığı dövrün həyatından bədii mətnə gətirilmiş obrazlar, cəlbedici təhkiyə və asan, şirin, su kimi içilən üslub romanı oxuculara sevdirmişdi.

Vidadi Babanlını bir gün həyatda görəcəyim, hətta redaktor-müəllif münasibətində, dialoqunda olacağım xəyalımdan belə keçməzdi. Amma, görünür, bu,şansımdaymış. Azərbaycan Radiosunun Ədəbi-dram verilişləri baş redaksiyasının ədəbiyyat şöbəsində redaktor işləyirdim. Deyəsən, 1993-cü il idi, yanvar ayı olduğu dəqiq yadımdadır. Şöbənin müdiri şair-publisist İbrahim Göyçaylı növbəti verilişin materialını mənə verib dedi ki, bu buraxılışın redaktoru sənsən, diqqətlə oxu, bir makina səhifəsi iki dəqiqə efir deməkdi, materialı otuz dəqiqəlik veriliş üçün yığ, musiqi, elan və keçidlər üçün də yer saxla. Bu, Vidadi Babanlınınhekayəsiəsasında “Bədii qiraət” idi. Yazını hazırladım, şöbə müdiri baş redaktor Əməkdar jurnalist Mailə Muradxanlı qol çəkdi, diktor oxudu, rejissor işlədi və efirə getdi. Həftəninsonuncu günüişə gələndə İbrahim müəllim dedi ki, Vidadi Babanlıya buraxılış kağızı yaz, qapıya göndər, özün də onun hekayəsinin üzərində işlədiyin vərəqləri get arxivdən, efir qovluğunun içərisindən götür, gəl.

Şöbə müdiri kağızdakı qeydlərimə baxdı və bir-bir onların izahını soruşdu. Mən də leksik, qrammatik-morfoloji, sintaksis – daha Azərbaycan dilçiliyindən nə bilirəmsə,onlara arxalanaraq etdiyim düzəlişləri əsaslandırmağa çalışdım. Dediklərimlə İbrahim müəllim nə dərəcədə razılaşdı deyə bilmərəm, mənə dedi ki, indi Vidadi müəllim gələcək, ona da elə belə deyərsən.

Bir azdan Vidadi Babanlı – “Vicdan susanda” romanınıncanlı və həqiqi müəllifi gəldi. Çox səliqəli, zövqlü geyinmişdi. Qovluğu, papağı, əlcəkləri əlində idi, paltosunu iki qatlayıb qolunun üstünə atmışdı. Əməkdaşlarla əl verib görüşdü, paltosunu asılqandan asa-asa mənə tərəf baxıb:

– Mənim hekayəmi sənmiredaktə etmisən? – deyə soruşdu. “Bəli” dedim, yəqin ki, amma öz səsimi heç özüm də eşitmədim.

Bu dəfə lap amiranə:

– Sən hələ yazmaq öyrənmədən necə pozmaq öyrənmisən? – dedi Vidadi müəllim.

Mən də “ədəbi redaktə dərsi keçmişik iki semestr“ dedim ürəyimdə, ancaq səsim çıxmadı.

Sual necə verilmişdisə rəhmətlik İbrahim müəllim dərhal ayağa qalxıb canıyananlıqla izahat verdi:

– Vidadi müəllim, bu qız da qazaxlıdır, universiteti qurtarıb, istedadlıdır, ümidverici gəncdir, ona inamımız çox böyükdü, – dedi.

Vidadi müəllim artıq boş stulda oturmuşdu. Bir anlıq mən və redaksiya əməkdaşları şöbə müdirinin stolunun üstündəki mənim redaktə etdiyim kağışlara baxdıq. Vidadi Babanlı isə başqa söz soruşdu:

– Qazaxın özündənsənmi, kəndindənsənmi, a bala? – dedi.

“Kəndindən” dedim, “hansı kəndindən?”deyə soruşmamış “ Daş Salahlıdanam”deyə əlavə etdim.

– Hə, lap yaxşı, daşsalahlılar elə-belə adam olmur, güclü adamlar olur, - dedi.

Əməkdaşlardan biri “Daşsalahlı yox, yəqin Daşsilahlı olmalıdı o kəndin adı”dedi və söhbət tamam başqa səmtə yön aldı.

Axırda Vidadi Babanlı yeni yazılarını verib getdi. Amma radioda söhbət hələ də kəsilməmişdi. Vidadi Babanlının efirdən öz hekayəsini eşidəndə iki sözün cümlədə dəyişdirilməsini, bir-iki xırda düzəlişi o saat tutduğunu, redaksiyaya etiraz etdiyini, “ədəbiyyat şöbəsinə gələn təzə qızın” redaktədə haqlı olduğunu danışırdılar. Mən isə dəqiq bilirdim ki, bu qədər sözə həssas, bu qədər yaradıcılığına diqqətli,mühafizəkar Vidadi Babanlı məni haqlı olduğum üçün yox, qazaxlı olduğum üçün bağışladı. Redaktor karyeram Vidadi Babanlının sayəsində zirvə nöqtəsinə çatmışdı. Amma yenə deyirəm,O məni qazaxlı olmağıma bağışladı.

Bir neçə il sonra Vidadi Babanlı şeir yaradıcılığı ilə məşğul olmağa başladığından redaksiyamıza şeirlərini göndərdi. Mən onun şeirlərindən ibarət “Poeziya dəqiqələri”nin də redaktoru oldum, bir neçə dəfə.

Vidadi Babanlı susan vicdanların qarşısında vicdanı susmayan yazıçıdır. Vidadi Babanlının“Vicdan susanda”sıonun bədxahlarını susdurmağa yetər!

Chosen
27
1
kulis.az

2Sources