EN

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş - Dayısı arvadı xilas ola bilməyib...

Gəncədə dayısı arvadını öldürərək dayısına ağır xəsarət yetirən 43 yaşlı Rəşad Abbasov uzunmüddətli həbsə məhkum edilib.

Milli.Az xəbər verir ki, qafqazinfo.az istintaq materiallarından sözügedən hadisənin necə baş verdiyini öyrənib.

Araşdırma nəticəsində məlum olub ki, hadisənin kökündə uzun illər davam edən ailədaxili münaqişələr dayanıb.

Rəşad ifadəsində deyib ki, qohumları bir neçə dəfə barışıq və ayrı ev vədi versələr də, heç biri reallaşmayıb. Bu səbəbdən onunla həyat yoldaşı arasında münasibətlər soyuyub. Bu və digər səbəblər də yekunda boşanmaya gətirib çıxarıb. O, boşanmaya qədərki dövrdə dəfələrlə barışmağa cəhd göstərdiyini əlavə edib. Hətta dayısından həyat yoldaşı ilə barışıq üçün vasitəçilik xahiş etsə də, "danışdım, qayınanan razı deyil" cavabını alıb. Bu səbəbdən qəzəbi daha da artıb.

Rəşad əvvəlcə öz ata-anasını, qardaşını, onun arvadını öldürmək istəyib. Səbəb kimi isə sözügedən qohumların onun ailəsinin dağılmasında rolu olduğunu göstərib. O düşünüb ki, məhz qohumlarının təzyiqinə görə arvadından ayrılıb. Amma hadisə günü onlar evdə olmadığı üçün qisasını ala bilməyib. Hətta ailəsini öldürmək üçün evə çağırıb. Amma yenə də istəyinə nail ola bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində 10 ildən çox ailədaxili mübahisələri olduğunu qeyd edib: "Hər dəfə müxtəlif səbəblərdən həyat yoldaşımla ayrılırdıq. Bundan əlavə, mənim həyat yoldaşımla qardaşımın arvadı yola getmirdi. Boşanandan sonra isə mübahisələr daha da artdı. Evdəkilər həyat yoldaşımla barışdırılacağıma dair söz versələr də, heç bir tədbir görmədilər. Söz vermişdilər ki, mənə ayrıca ev verəcəklər. O da verilmədi. Bir dəfə dayımın yanına gedib barışıq etməsini xahiş etdim. Dedi ki, mümkün deyil. Ona görə ki, qayınanam razı deyil. Bu səbəbdən onların da mənim ailəmin dağılmasında rolu var".

Ata-anasını, qardaşını və onun arvadını evə gətirə bilməyən Rəşad əsəbi halda dayısıgilə gedib. Elə hadisə də bu vaxt baş verib: "Evə girəndə dayımla arvadı birlikdə idi. Əvvəlcə dayımla mübahisə etdik, yerə yıxıldı. Yadımdadır ki, bu vaxt ona "özümü də, səni də öldürümmü? Niyə məni ailəmlə barışdırmırsan?" dedim. Düzdür, həmin vaxt əlimdə bıçaq da var idi. Amma onu vurmadım. Çünki heç kimi öldürmək istəmirdim".

Məhkəmə təqsirləndirilən şəxsin bu sözlərini özünümüdafiə kimi qiymətləndirilib. İstintaqla müəyyən edilib ki, hadisə vaxtı Rəşadın dayısı öldürüləcəyindən qorxaraq pencərədən tullanıb. Kişi canını qurtara bilsə də, arvadı Ulduz Hüseynova xüsusi amansızlıqla öldürülüb.

Hadisədən sonra təqsirləndirilən şəxsin keçmiş arvadı da şahid qismində ifadə verib. O, Rəşadla 19 illik evlilikdən sonra elə hadisə baş verən ildə rəsmən boşandıqlarını deyib. Onun sözlərinə görə, ayrılma səbəbləri də qohumlararası ayrı-seçkilik olub. Məhz bu səbəbdən mütəmadi mübahisələr ediblər.

İş üzrə ifadə verən zərərçəkmişlər və digər şahidlər də verilmiş ittihama uyğun danışıblar.

Hökmə əsasən, R.Abbasova 19 il həbs cəzası verilib.

Milli.Az

Chosen
7
8
milli.az

9Sources