EN

Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib

Şamaxı Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə Şamaxı rayonunda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı təşkil olunub.

Toxum sərgi-satış yarmarkasının keçirilməsində əsas məqsəd fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara əlçatanlığını təmin etmək, yerli istehsalçıların məhsullarını geniş auditoriyaya təqdim etmək və toxumçuluq sahəsində dövlət-özəl tərəfdaşlığını gücləndirməkdir.

Tədbirdə Şamaxı, Oğuz, Qobustan və İsmayıllı rayonlarından olan toxum istehsalçıları, eləcə də toxum istehsalı və emalı ilə məşğul olan şirkətlər iştirak ediblər. Toxumçular öz məhsullarını sərgiləyib, müxtəlif növ toxum nümunələrini nümayiş etdiriblər.

Yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vahid stend altında ölkə üzrə sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Yarmarka çərçivəsində təşkil olunan maarifləndirici sessiyalarda mütəxəssislər fermerlərə bölgənin aqroiqlim və torpaq xüsusiyyətlərinə uyğun toxum sortlarından — “Ləyaqətli-80”, “Yubiley-90”, “Qobustan”, “Gaudio”, “Maurizio”, “Lucilla” yumşaq buğda sortlarından, eləcə də “Dəyanətli” və “Finola” arpa sortlarından istifadə etməyi tövsiyə ediblər. Qeyd olunub ki, bu sortlar yüksək məhsuldarlığı və bölgənin torpaq-iqlim şəraitinə uyğunluğu baxımından seçilir və fermerlər bu toxum sortlarından istifadə etməklə daha dayanıqlı və səmərəli nəticələr əldə edə bilərlər.

Daha sonra Şamaxı Olimpiya Kompleksində Aqrar Biznes Festivalının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun aqrar potensialı barədə məlumat verib, əkin balansında üzümçülük və taxılçılığın üstünlük təşkil etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu kimi festivallar yerli fermerlərin əkinçilikdə tətbiq olunan müasir innovativ texnologiyalarla bilavasitə tanış olmasına, bu texnologiyaları təsərrüfat fəaliyyətinə tətbiq edərək daha çox məhsul əldə etməsinə imkan yaradır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək bildirib ki, il ərzində müxtəlif bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları maarifləndirici xüsusiyyəti ilə yanaşı, həm də aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gözəl nümunəsi rolunu oynayır. O qeyd edib ki, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan şirkətlərin, aqrar sahəyə dövlət dəstəyi mexanizminin bir parçası olan kredit təşkilatlarının bu festivallarda iştirakı belə tədbirləri fermerlərlə birbaşa əlaqələrin yaradılması üçün mühüm platformaya çevirir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin rəhbəri Taleh Zeynalov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çıxış edərək tədbir iştirakçılarına Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlardakı yeniliklər, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri, təsərrüfat fəaliyyətində aqrokimyəvi analizlərin rolu, düzgün toxum seçimi və sertifikatlaşdırılmış toxumlardan istifadənin üstünlükləri barədə məlumat veriblər.

Daha sonra tədbir iştirakçıları stendləri gəzərək Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası çərçivəsində təqdim edilən məhsullarla tanış olublar.

Qeyd edək ki, Aqrar Biznes Festivalının sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar və ağıllı təsərrüfat sistemləri nümayiş etdirilib. Sərginin startap bölməsində aqrar startapçılar və ölkədə süni intellektin tədris olunduğu universitetlərin tələbələri məhsul və prototiplərini təqdim ediblər.

Festivalda iştirak edən Nazirlik əməkdaşları fermerlərin suallarını cavablandırıb, onlara aqrar sahəyə dövlət dəstəyi mexanizmlərindən yararlanmaq qaydaları barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, payızlıq əkinlər ərəfəsində toxum sərgi-satış yarmarkalarının ölkənin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılır.

Müşfiq Mirzə
XQ

Chosen
10
3
xalqqazeti.az

4Sources