EN

Azərbaycan–Ermənistan təmasları: Delimitasiya prosesində növbəti addım yaxınlaşır

Son aylar Azərbaycan və Ermənistan arasında birbaşa təmasların intensivləşməsi regiondakı sülh gündəliyinə yeni nəfəs gətirib. İki ölkə arasında vasitəçilərsiz aparılan danışıqların daha sürətli və effektiv nəticə verdiyi artıq öz təsdiqini tapıb. Bu reallıq həm də göstərir ki, tərəflər arasında kompromis imkanları artmaqdadır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sərhədin delimitasiya və demarkasiyası ilə bağlı açıqlaması isə prosesin növbəti mərhələyə qədəm qoyduğuna işarədir. Beləliklə, gündəmdə olan məsələ iki dövlət arasında sərhəd bölgəsinin yeni hissəsində razılaşma ehtimalıdır ki, bu da sülh prosesində mühüm addım kimi dəyərləndirilə bilər.

Mövzu ilə bağlı siyasi analitik Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında ikitərəfli birbaşa təmaslar intensivləşib:

 

“Bu formatda aparılan müzakirələr isə nəzərəçarpacaq nəticələr verməkdədir. Təcrübə göstərir ki, vasitəçilərin iştirakı olmadan keçirilən danışıqlarda tərəflər daha tez, asan və effektiv şəkildə anlaşma əldə edə bilirlər. Bu baxımdan Ermənistanın xarici işlər nazirinin son bəyanatında da pozitiv məqamlar mövcuddur. Xatırladaq ki, bir müddət öncə Azərbaycan və Ermənistan sərhədin delimitasiya və demarkasiyası prosesində mühüm nailiyyət əldə etmiş, müəyyən bir hissənin razılaşdırılması ilə bağlı saziş imzalamışdılar.

Ararat Mirzoyanın son mesajı isə ehtimal ki, sərhədin növbəti bir hissəsinin delimitasiya və demarkasiyası üzərində razılaşma əldə olunacağına işarədir. Böyük ehtimalla, tərəflər bu məsələdə yekun anlaşmaya çox yaxındırlar”.

Politoloq bildirib ki, Azərbaycanla Ermənistan arasında müzakirə edilən “yeni addım” sərhəd bölgəsinin razılaşdırılması istiqamətində mövqelərin yaxınlaşdığını göstərir: “Bunun hansı şərtlər və detalları əhatə etdiyi hələ ki açıqlanmasa da, prosesin intensiv xarakter daşıdığı aydındır. Yaxın gələcəkdə delimitasiya və demarkasiya mərhələsinin daha da sürətlənərək yekun mərhələyə çatması mümkündür”.

//Gülnarə Abasova, Editor.az

Chosen
9
editor.az

1Sources