EN

İşə qəbul zamanı nələrə diqqət etməliyik? MÜSAHİBƏ

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Namizəd öz bilik və bacarıqlarını həmin vəzifəyə uyğun görürsə, bazar dəyərinə uyğun olan maaş tələb etməlidir”.

Bu sözləri insan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva “Cebheinfo.az”-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Sevda xanım, iş üçün müsahibəyə çağrılan zaman ilk olaraq nələrə diqqət etməliyik?

- Namizəd hansısa müsahibəyə hazırlaşdığı ərəfədə həmin iş yeri barəsində məlumat almalıdır. Müsahibəyə dəvət olunan vaxtdan 10 dəqiqə əvvəl getmək tövsiyə olunur. Danışıq zamanı yüksək şəxsi keyfiyyətlərini ortaya qoymalı, eqodan uzaq olmalıdır. 

Çünki bəzi hallarda namizəd özünü çox yüksəkdən aparır. Bu isə işə götürən tərəfdə müəyyən neqativ təəssürat yarada bilir. Həmçinin, suallara qısa və lokanik cavab verməmək lazımdır. Bu, artıq qarşı tərəfin onu tam kəşf etməsinə əngəl olur. 

Ona görə də yaxşı olar ki, namizədlər tam açıq və səmimi şəkildə özləri haqqında məlumat versinlər. Təhsilləri, təcrübələri, hobbiləri, gələcəkdə həyata keçirmək istədikləri hədəfləri barədə ətraflı danışsınlar. Eyni zamanda, həmin vəzifə üzrə hansı nailiyyətləri var, nə üçün o vəzifəni istəyir kimi suallara əvvəlcədən hazırlaşmaq lazımdır.

Hansısa strateji vəzifədən söhbət gedirsə, artıq qarşı tərəfin həmin işdə uğurlu olması və loyallıq çox önəmlidir. Bundan başqa, müsahibə zamanı yüksək ciddiyətdə olmaq lazımdır.Şirkət hansısa əməkdaşı işə qəbul edirsə, həqiqətən doğru və uzunmüddətli işləyəcək seçim etmək istəyir. Namizəd də 1-2 ay sonra fikrini dəyişib, başqa sahəyə keçməyi düşünməməlidir.

- İşə götürən tərəfdə özümüz barədə lazımlı kadr təəssüratı yaratmaq üçün nə etmək lazımdır?

- Mən insan resursları və işə qəbul mütəxəssisi olaraq ilk növbədə namizədin CV-sinə diqqət edirəm. CV peşəkar və doğru tərtib olunmalıdır. Hətta oradakı şəkil belə çox önəmlidir. Bəzən orada “selfie” və eynəkli şəkil istifadə olunur. 

Bəziləri isə foto qoymur, amma foto olmalıdır. İnsanın işə götürən tərəfdə yaratdığı ilkin təəssürat çox vacibdir. Onun CV-də qeyd etdiyi məlumatlar doğru olmalıdır. Dil biliklərinin hansı səviyyədə olduğu da dəqiq göstərilməlidir.

Məlumatların dəqiqliyini öyrənmək üçün bəzən namizədlərlə telefon müsahibəsi edirik. Ona görə də CV-nin düzgün tərtib olunmasına ciddi fikir verilməlidir. Həmçinin, telefonda düzgün formada danışıq üslubunu da inkişaf etdirmək lazımdır. Belə olacağı təqdirdə, qarşı tərəf onunla görüşməyə maraqlı olacaq.

Çünki bəzi hallarda namizədin zəngdə və ya yazışmadakı üslubu mənfi təəssürat yarada bilir. Bundan başqa, təhsili, təcrübəsi, xobilləri və bacarıqları CV-də dəqiq qeyd olunmalıdır. Bütün bunlar vakansiya elan olunan vəzifəyə uyğun gəlirsə, müsahibəyə dəvət olunur.

- Hansı hallarda CV-yə baxdıqdan sonra namizəd müsahibəyə dəvət olunmur?

- Bəzən CV kənara qoyulur. Ali təhsilli, xarici dil səviyyəsi yüksək olsa da, ancaq qeyri-ixtisas üzrə çalışıbsa, müsahibəyə dəvət etmirik. Əməkdaş strateji baxımdan inkişaf etməkdə maraqlıdırsa, az maaşla da olsa, öz sahəsi üzrə çalışmalıdır.

Qısa müddətli və ya fərqli sahələrdə çalışmaq onun inkişaf etməsinə əngəl olur. Məsələn, məndə hazırda 1000 manat maaşı olan bir vakansiya var və yeni başlayan gəncdən yeganə tələb rus dili biliyidir. Lakin bir çox cəhətdən uyğun olan namizədin keçmiş iş yerləri kuryer, barmen və ya ofisiant olursa, onun CV-sini kənara qoyuruq. 

Çünki o, nə korparativ, nə də IQ (IQ ingiliscə “İntelligence Quotie” sözündən götürülməklə hər bir insanın düşünmə qabiliyyətini ölçmək üçündür) tərəfdən bu işə hazır deyil. Düşünürük ki, əgər yüksək intelektual namizəd olsaydı, öz sahəsində inkişaf edərdi. 

- Adətən müsahibələr zamanı namizədlərdən nə qədər maaş istədikləri soruşulur. Bəzi namizədlər həddindən artıq, bəziləri isə işə qəbul oluna bilmək üçün daha az maaş tələb edirlər. Bəs əslində necə olmalıdır?

- Əgər namizəd öz bilik və bacarıqlarını həmin vəzifəyə uyğun görürsə, bazar dəyərinə uyğun olan maaş tələb etməlidir. Beləliklə, gələcəkdə maddi baxımdan sıxıntısı olmaz. Bəzən namizədlər məcburiyyətdən aşağı maaşa razılaşırlar. Qarşı tərəf də müəyyən müddət sonra artım olacağına söz verir. 

Lakin bəzi hallarda bu artım olmur. Həmin müddət ərzindəki xərclərimiz və sərf etdiyimiz enerji də nəzərə alınmır. Ona görə də tövsiyə edirəm ki, başdan öz haqq etdikləri məbləği istəsinlər.

- Maraqlıdır, müsahibələrdə “5 ildən sonra özünüzü harada görürsünüz?” və ya “Sizi niyə işə götürək?” kimi suallar niyə verilir? Bu suallara nə cavab verilməlidir?

- Bu sualları mən özüm də verirəm. Bununla namizədin vizyonunu öyrənməyə çalışırıq. Verilən cavablarla onun bu işi nə dərəcədə sevib-sevmədiyi, həqiqətən axtardığı iş olub-olmadığı ortaya çıxır. Məsələn, namizəd 5 ildən sonra özünü tamam fərqli sahədə görürsə, artıq bizdə başqa fikir formalaşır.

Onun bu işə hələ hazır olmadığını və ya hansısa problemin olduğunu düşünürük. Əslində, bu suallar onun IQ və intellektual səviyyəsi, eləcə də gələcəyə baxışını öyrənmək üçün verilir. 

“Nəyə görə sizi seçməliyik?” sualında isə namizədin üstünlüklərini üzə çıxarmağa çalışırıq. Bu da namizədin özünü daha yaxşı və açıq ifadə edə bilməsi üçün lazımdır. O, cavabında öz potensialını ortaya qoya və işə götürənin marağını cəlb edə bilər. 

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

İşə qəbul müsahibə vakansiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
cebheinfo.az

2Sources