AzVision.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk Amerika lideri Donald Trampın sözügedən hadisə ilə bağlı bundan əvvəl səsləndirdiyi bəyanatı belə şərh edib.
Daha əvvəl ABŞ prezidenti deyib ki, Rusiya PUA-larının Polşa səmasına soxulması“səhv ola bilər” . Bununla belə, Tramp, həmçinin baş verənlərdən narazılığını və vəziyyətin tez bir zamanda həllinə ümid etdiyini açıqlayıb.
“Biz də istərdik ki, Polşaya pilotsuz təyyarə hücumu səhv olsun. Amma bu belə deyil”,- Donald Tusk “X” sosial şəbəkəsində yazıb.
Polşanın baş nazirinin müavini və Rəqəmsallaşma naziri Kşiştof Qavkovski, öz növbəsində, qeyd edib ki, insidentin “planlaşdırılmış təxribat” olduğuna dair Varşavanın əlində bütün lazımi sübutlar var.
- Rusiya Polşaya qəsdən hücum edib. Bunu sübuta yetirən faktlar və sübutlarımız var. Bu, dezinformasiya kampaniyası ilə əlaqələndirilmiş planlaşdırılmış təxribat idi”,- polşalı nazir vurğulayıb.
Onun sözlərinə görə, bu mövqedən hər hansı bir sapınma Rusiya yalanalarının əlinə oynayır və dezinformasiyanın yayılmasına kömək edir ki, bundan da müharibənin aparılması elementi kimi istifadə olunur.
Xatırladaq ki, bundan əvvəl Donald Tusk sentyabrın 10-da Polşanın hava sərhədlərini pozan Rusiya PUA-larının Belarus ərazisindən gəldiyini bildirib.
Yeri gəlmişkən, iki Donald arasındakı münasibətlərdə ziddiyyət ilk dəfə yaşanmır. Hələ 2023-cü ilin martında Polşanın baş naziri seçicilərlə görüşdə adaşı Donlad Trampın “Rusiya kəşfiyyat xidmətlərindən asılılığının heç müzakirəyə ehtiyacı olmadığını” demişdi. Bir həftə əvvəl isə o, Amerika liderini “Rusiya casusu” adlandırmasından peşiman olmadığını bildirib.
Sahil İsgəndərov
AzVision.az