EN

Bu xətt üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır

Ajans.az  xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bu səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək. Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək. Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq. Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq. Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı qeyri-iş günləri isə 16-dan 22-yə çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək. Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan–Bakı xətti üzrə əlavə reyslərin təşkil olunması sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq. Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-lik artıma səbəb olacağı gözlənilir. Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb. Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

Chosen
18
26
Ajans.az

10Sources