EN

Ədəbiyyat İnstitutunda Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri ilə görüş olub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvginlə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən danışıb. Akademik qeyd edib ki, hər iki ölkənin mütəfəkkirləri var və cəmiyyətlərimizin bu görkəmli şəxsləri tanıması vacib məsələlərdəndir: “Azərbaycanda Dədə Qorqud və Yunus Əmrəni, demək olar ki, hər kəs tanıyır. Amma XVI - XVII əsrlərdən sonra yaşayıb-yaratmış şair və mütəfəkkirlər barədə insanların məlumatları azdır. Bu baxımdan Türkiyədə də bizim klassik və müasir yazıçılar barədə məlumatlar azlıq təşkil edir. Bunu aradan qaldıran ortaq dərsliklər hazırlanmalıdır. Türkiyədə ədəbiyyatşünas alim, yazıçı, professor Yavuz Akpınar kimi Azərbaycanı tanıyan, dərindən bilən araşdırmaçıların sayının çoxalması cəmiyyətlərimizin inkişafına töhfə verər”.

Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvgin görüşdən məmnunluğunu ifadə edərək onun əhəmiyyətini və gələcəkdə də davam etdirilməsini xüsusi vurğulayaraq AMEA prezidentinə Türkiyədə çap olunan kitablar və jurnalları hədiyyə edib. Jurnallarda Azərbaycan ədəbiyyatı və alimlərinin fəaliyyəti barədə məqalələr yer alıb.

Hayrettin İvgin AMEA-nın Ədəbiyyat İnstitutu ilə Türkiyə və Azərbaycan poeziya dühalarının şərəfinə ortaq layihələr həyata keçirməyi təklif edərək bunun iki qardaş dövlətin bir-birinin ədəbi məktəblərini daha dərindən tanımaları üçün vacib olduğunu qeyd edib.

Daha sonra əməkdaşlıq üçün fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
2
azertag.az

3Sources