EN

Danışıqlar dayandırıldı: Yeni vasitəçi axtarışı – Tramp geri çəkildi? – ŞƏRH

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə diplomatik səylər dalana dirənib. Bir müddət əvvəl vasitəçilər və beynəlxalq təşkilatların təşəbbüsü ilə aparılan danışıqlar artıq tamamilə dayandırılıb.

Ekspertlərin fikrincə prosesin dayanması münaqişə tərəflərinin kompromisə hazır olmaması ilə yanaşı, Qərbin – xüsusən də ABŞ-ın vasitəçilik səylərinin istənilən nəticəni verməməsi ilə də bağlıdır.

ABŞ əvvəllər fəal şəkildə danışıqlara dəstək versə də, son aylar bu prosesdə daha passiv mövqe sərgiləyir. Eyni zamanda Rusiya tərəfinin güzəştə getmək istəməməsi və Ukraynanın da mövcud şərtlərlə razılaşmaması, müharibənin diplomatik yolla həllini bir qədər də çətinləşdirir. Bu vəziyyət beynəlxalq ictimaiyyətdə "sülh üçün yeni vasitəçilər tapılmalıdırmı?" sualını gündəmə gətirib.

Maraqlıdır görəsən bundan sonra proseslər hansı istiqamətdə irəliləyəcək? ABŞ Rusiya ilə mübarizədə geri çəkilir? Turkustan.az olaraq bu sualları politoloq Vəli Əlibəyova ünlanladıq.

Vəli

Vəli Əlibəyov

Bəli, danışıqlar dayandırılıb, lakin son dövrlərdə onsuz da ciddi bir irəliləyiş müşahidə olunmurdu. Tərəflər mövcud kanallar vasitəsilə bəzi məsələləri müzakirə edirdilər, amma prosesin tam şəkildə davam etməsi mümkün olmadı.

ABŞ da bu proseslərə bir müddət maraq göstərmişdi, lakin indi geri çəkildiyi görünür. Hazırda Trampın mövqeyi də nəticə vermir. Rusiya tərəfi isə güzəştə getməyə hazır görünmür. Bu səbəbdən vasitəçi olmadan danışıqların davam etdirilməsi və real görüşlərin keçirilməsi çətinləşib.

Məsələn əvvəllər İstanbulda görüşlər keçirilmişdi, lakin indi onlar da baş tutmur. Bir vaxtlar Putin–Zelenski görüşü barədə də danışılırdı, amma o da reallaşmadı. Hazırda isə yeni vasitəçi axtarılır. Bu, Türkiyə də ola bilər, Çin də, hətta Trampın yeni təkliflərlə çıxış etməsi də istisna deyil.

Amma hələlik tərəflər arasında ortaq məxrəcə gəlinməyib. Heç biri güzəştə getməyə hazır deyil. Bu səbəbdən danışıqlar dayandırılıb. Yadınızdadırsa, Azərbaycanla Ermənistan arasında danışıqlar 30 ildən çox davam etmişdi. Əgər bu vəziyyət belə davam etsə, Rusiya–Ukrayna müharibəsi də uzun müddət çəkə bilər.

Fərq ondadır ki, Azərbaycan və Ermənistan arasında atəşkəs var idi, lakin Rusiya və Ukrayna arasında aktiv döyüşlər davam edir – hər gün insanlar həlak olur. Bu səbəbdən danışıqların tezliklə bərpa olunması son dərəcə vacibdir.

Əsas məsələ isə budur: bu dəfə vasitəçiliyi kim öz üzərinə götürəcək?

Aytən Yaşar/ Turkustan.az

Chosen
32
1
turkustan.az

2Sources