EN

İsrail Doha zərbəsi ilə hansı "vacib ismarıcı" verib?

İsrail hələlik rəsmən bildirmir ki, onun Dohadakı Həmas-ın ali rəhbərliyinə endirdiyi zərbə məqsədinə hansı dərəcədə çatıb.

Lakin çərşənbə günü bəzi yüksək vəzifəli məmurlar və hərbçilər İsrail mediasına anonimlik şərti ilə verdikləri açıqlamalarda bildiriblər ki, görünür, terrorçu qruplaşmanın bütün beş lideri sağ qalıb.

Buna baxmayaraq, İsraildə – həm hakimiyyət, həm də adi vətəndaşlar arasında – çoxları bu addımı haqlı sayır. Hətta belə bir fikir də var ki, hədəfin məhv edilməsi bu əməliyyatın əsas məqsədi olmayıb, əsas məqsəd Həmas-ın başqa ölkələrdə gizlənmək imkanlarının nə dərəcədə azaldığını göstərmək olub.

Bundan əlavə, bəzi ekspertlərin fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə çox aydın bir ismarıc göndərib. Çünki Türkiyə yüksək rütbəli Həmas liderləri üçün ikinci sığınacaq ölkəsidir.

Son vaxtlar Ankara ilə Təl-Əviv arasında münasibətlər tamamilə korlanıb və əgər Recep Tayyip Erdoğan bu ismarıcı görübsə, deməli, Dohaya edilən zərbənin ən azı bir məqsədinə nail olunub.

Bəs İsrail rəhbərliyi daha hansı məqsədləri güdürdü və əməliyyat barədə İsrailin özündə nə düşünürlər?

Hədəf vurulmadı

İsrail Müdafiə Nazirliyi, kəşfiyyat və hökumətindəki müxtəlif mənbələrin sözlərinə görə, Dohaya edilən zərbənin əsas elan olunan məqsədinə, görünür, nail olunmayıb.

Əvvəlki gün İsrail Qətərin paytaxtında yerləşən bir binaya zərbə endirmişdi. Güman edilirdi ki, həmin vaxt orada Həmas-ın ali rəhbərliyindən ibarət "danışıqlar qrupu" adlanan heyət toplaşıb: hərəkatın faktiki rəhbəri Xalid Məşəl, Siyasi Büronun sədr müavini Xalil əl-Xayya, Maliyyə Bürosunun rəhbəri Zaher Cəbarin, Məclis əş-Şura Şurasının rəhbəri Məhəmməd İsmayıl Dərviş və Siyasi Büronun yüksək vəzifəli üzvü Nizar Avedallah.

"Hazırda terrorçuların öldürüldüyünə dair heç bir əlamət yoxdur. Biz hələ də buna ümid edirik, amma optimizm getdikcə azalır", – İsrail hökumətindən bir mənbə Channel 12 telekanalına bildirib.

İctimai telekanal Kan isə yüksək vəzifəli başqa bir məmurun sözlərini sitat gətirir: "Son nəticələr hələ məlum deyil, amma ola bilsin ki, zərbə gözlənilən nəticəni verməyib".

Müdafiə və kəşfiyyat orqanlarındakı iki mənbə isə çərşənbə günü bildirib ki, "zərbənin əksər hədəflərə, bəlkə də hamısına dəydiyinə" çox da ümid edilmir.

Həmas özünəxas olmayan bir tələskənliklə (adətən, qruplaşma İsrailin onun rəhbərliyinə qarşı əməliyyatlarını həftələrlə şərh etmir) bütün beş rəhbər şura üzvünün sağ olduğunu açıqladı, lakin heç bir sübut təqdim etmədi.

Bununla yanaşı, qruplaşmanın bəyanatında bildirilir ki, İsrailin zərbəsi nəticəsində aşağı səviyyəli beş üzv həlak olub. Onların arasında Siyasi Büronun sədr müavini Xalil əl-Xayyənin oğlu da var. Digər ölənlər arasında əl-Xayyənin üç mühafizəçisi və ofisinin rəhbəri göstərilir.

Həmasın bu bəyanatı İsraildə bir çox suallar doğurur: məsələn, əgər onun mühafizəçiləri və yaxın adamı eyni vaxtda bir yerdə olublarsa, bəs əl-Xayya özü harada idi?

Bəzi hərbi analitiklərin fikrincə, bəlkə də İsrailin çərşənbə axşamı endirdiyi zərbə hazırda göründüyündən daha dəqiq olub. İsrail kəşfiyyatı isə bildirir ki, Həmas-a vurulan ziyanın qiymətləndirilməsi hələ də davam edir.

Yeni oyun qaydaları?

İsraildə əksəriyyət Qətər əməliyyatını haqlı sayır.

"Kütləvi mesaj bütün Yaxın Şərqə ünvanlanıb", – Knesset spikeri Amir Oxana X platformasında ərəbcə yazıb.

Bu fikir ölkədə geniş yayılıb. BBC-nin müsahiblərinin sözlərinə görə, həyatlarını İsraili məhv etmək məqsədinə həsr edən döyüşçülər bilməlidirlər ki, onlara heç yerdə və heç vaxt immunitet verilməyəcək.

Yaxın Şərq analitiki Set Frantsmanın fikrincə, Dohadakı Həmas liderləri 30 ildir ki, rəhbər vəzifələrinin verdiyi imtiyazlardan istifadə edərək, təhlükəsiz məsafədə, dəbdəbə içində yaşayır və oradan "terror maşını"nı idarə edirlər.

Onlar Qətərdə oturaraq artıq üç ildir ki, girov kartından istifadə edir, danışıqları uzadır və öz soydaşlarının taleyi ilə oynayırlar. İsrail isə bundan yorulub və oyun qaydalarını dəyişmək qərarına gəlib, – BBC-yə Yerusəlim/Qüdsdəki mənbə belə deyib.

Bəs bu o deməkdirmi ki, İsrail danışıqların əsas vasitəçisi olan Qətərin ərazisinə zərbə endirməklə danışıqların artıq olmayacağını göstərmək istəyir?

Ekspertlər bunun İsrailin göndərmək istədiyi siqnallardan biri ola biləcəyini ehtimal edirlər.

Yerusalim İctimai Əlaqələr Mərkəzinin prezidenti Den Dayer izah edir ki, diplomatiya məsələlərində İsrail həmişə ondan gözlənildiyi kimi, Qərbin qaydalarına uyğun oynayıb.

Dayerin sözlərinə görə, Qərb baxışında danışıqlar – rasional düşünən tərəflərin iştirakı ilə aparılan vicdanlı bir prosesdir. Burada kompromis alicənablıq sayılır, eskalasiya isə uğursuzluq kimi dəyərləndirilir.

Onun fikrincə, Həmas rəhbərliyi onilliklər ərzində bu düşüncə tərzindən istifadə edib: İsrailin öz təhlükəsizliyinə yönəlmiş istənilən təhdidə silahla cavab verməsini əsas gətirərəkİsraili danışıqlar masasında qeyri-adekvat tərəf kimi göstərməyə çalışıb.

Nəticədə, israilli ekspertlərin dediyinə görə, İsrail elə bir vəziyyətə düşüb ki, o, faktiki olaraq, Həmas-ın qaydalarına uyğun danışıqlar aparmaq məcburiyyətində qalıb. Girovların azad olunması ilə bağlı danışıqlardakı gecikmələr isə Həmas üçün yox, məhz İsrail üçün daha çox beynəlxalq təzyiqə səbəb olur.

Dohaya zərbə İsrailin problemin həlli üçün danışıqlara münasibətini radikal şəkildə dəyişdirdiyini, həmçinin Yaxın Şərqin Qərb modeli ilə tənzimlənməsinə yanaşmasını ümumilikdə yenidən qurduğunu göstərə bilər.

Və, görünür ki, İsrail artıq hər addımı üçün Qərbin razılığını axtarmayacaq, birtərəfli qaydada hərəkət etməyə hazırdır.

Girovların taleyi

İsraildə hamı Dohaya edilən zərbəni dəstəkləmir. Bir çox müxalif siyasətçilər və girovların ailələri hesab edirlər ki, bu, hələ də Həmasın əlində olan məhbusların vəziyyətini daha da ağırlaşdıracaq. Bəziləri isə indi kiminsə sağ qayıdacağına inanmağın çətin olduğunu deyirlər.

"Bəlkə də belə düşünənlər haqlıdır", – İsrail XİN-də xüsusi nümayəndə Fler Hassan-Nahum BBC-yə müsahibəsində deyib. "Bu hadisə girovlar üçün ölümcül ola bilər və bu, dəhşətli olardı".

Amma o, həmçinin istisna etmir ki, Həmas liderləri indi nə qədər müdafiəsiz olduqlarını başa düşəndən sonra, qruplaşma təslim ola və "özünün başladığı və uduzduğu müharibəni" bitirə bilər.

Lakin döyüşlərin indiyə qədər neytral olan ölkənin ərazisinə keçməsi artıq üç ildir Netanyahu-dan ailə üzvlərinin xilas edilməsi naminə tam atəşkəs tələn edən girov ailələrinin bütün xahiş və gözləntilərinə tamamilə ziddir.

Girovların və itkin düşənlərin ailələrinin maraqlarını təmsil edən "Girovlar və itkin düşənlərin ailələri forumu" adlı qeyri-hökumət təşkilatı çərşənbə günü bəyan edib ki, "Dohadakı hadisələrin gedişatını dərin narahatlıq və ciddi qorxu ilə izləyirlər".

"Biz girovların ödəyə biləcəyi qiymət qarşısında iflicedici bir qorxu içindəyik. Əsirlikdən sağ çıxan və qayıdan insanlardan bilirik ki, [İsrail hücumlarından sonra] girovlardan qisas amansız olur", – Forumun bəyanatında deyilir.

"Bəlkə də elə bu dəqiqələrdə Baş nazir, faktiki olaraq, mənim Matanımı öldürdü, onun taleyini həll etdi. Öz hərəkətləri ilə oğlumun həyatını bilərəkdən təhlükə altına qoyan adam onu öldürür", – girov Matan Zangaukerin anası və tanınmış israilli fəal Eynav Zangauker bildirib.

Çərşənbə günü "Girovlar və itkin düşənlərin ailələri forumu"nun üzvləri hökumətə müraciət edərək yaxın saatlarda onlara girovların qaytarılması barədə hərtərəfli razılaşmanın strukturlaşdırılmış planını göstərməyi tələb ediblər.

Chosen
69
bbc.com

1Sources