Rusiyanın paytaxtı Moskvada 26 yaşlı Katerina adlı qadın məşhur “Labubu” kolleksiya oyuncaqları və bir konsert bileti almaq üçün ruhunu satıb.
News24.az xəbər verir ki, rus mediasının yazdığına görə, 100 min rubl (təxminən 1100 dollar) müqabilində imzalanan və qanla təsdiqləndiyi iddia edilən “müqavilə” ölkədə böyük səs-küy yaradıb. Hadisə Rus Pravoslav Kilsəsinin də sərt reaksiyasına səbəb olub.
Hər şey Dmitri adlı bir kişinin internetdə “zarafatla” elan paylaşması ilə başlayıb. Elanda o, 100 min rubla bir ruh almaq istədiyini yazıb. Katerina isə bunu ciddi qəbul edib və müqavilə imzalayıb. O, pulu alar-almaz “Labubu” oyuncaqları alaraq kolleksiya toplayıb, eləcə də rus müğənnisi Nadejda Kadışevanın konsertinə bilet alıb. Qadın daha sonra Telegram kanalına danışaraq, “Ruhumun aqibəti məni maraqlandırmır, o, artıq yeni sahibinə aiddir” deyib.
Pravoslav Kilsəsi bu davranışı “günah” adlandıraraq, Katerinanın “pisliyin tərəfini seçdiyini” bildirib və ona kilsə psixiatrından yardım almağı tövsiyə edib. Dmitri isə cəmiyyətdə “Şeytan” obrazı ilə müqayisə olunmağa başlanıb.
Bu hadisə həm də “Labubu” oyuncaqlarına son dövrdə artan marağı üzə çıxarıb. Çindən başlayaraq Rusiyayadək yayılan bu kolleksiya dəbi o qədər böyüyüb ki, hətta xarab olan oyuncaqları bərpa edən “oyuncaq həkimləri” belə ortaya çıxıb. Katerinanın hekayəsi isə bu cür kolleksiya əşyalarının gənclərə mədəni və ticari təsirinin nə qədər güclü ola biləcəyini göstərir.
Xeyrənsə Piriyeva