“III MDB Oyunlarında stolüstü tennis yarışları iki yaş kateqoriyasında keçiriləcək: 2008 və 2011-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar".

Offsideplus.az xəbər verir ki, bu barədə millinin məşqçisi Ramil Cəfərov yarışın rəsmi saytına açıqlama verib.

Mütəxəssis turnirlə bağlı fikirlərini bölüşüb:

“III MDB Oyunlarında iştirak edəcək komandanın heyəti təxminən altı ay əvvəl formalaşdırılıb və o vaxtdan bəri idmançılar planlı şəkildə məşqlərini davam etdirirlər. Azərbaycan Stolüstü Tennis Federasiyası bizə bütün zəruri şəraiti təmin edib. Avqust ayında Çində təlim-məşq toplanışımız təşkil olunmuşdur. Həmçinin hazırlıq mərhələsi çərçivəsində beynəlxalq turnirdə iştirak etməyi planlaşdırırıq. Komanda III MDB Oyunlarına tam hazır olacaq.

Yarışlarda 2008 və 2011-ci il təvəllüdlü idmançılar iştirak edəcək. Yaşlarına baxmayaraq, Azərbaycan tennisçiləri artıq öz sözlərini deyirlər. Yaxın zamanda böyüklər arasında keçirilən ölkə çempionatında gənc idmançımız Onur Quluzadə çempion oldu, Adil Əhmədzadə isə üçüncü yeri tutdu. Qızlar arasında isə Mərziyyə Nurbatova çempion titulunu qazandı. Hər üç idmançı MDB Oyunlarında iştirak edəcək. Bu isə onların artıq böyüklərlə ciddi rəqabət apardıqlarını və hətta onlardan üstün olduqlarını göstərir.

Biz gələcək bütün rəqibləri tam tanımırıq, amma çoxunu beynəlxalq turnirlərdə görmüşük. Nəyə qadir olduqlarını bilirik və hesab edirik ki, idmançılarımız onlardan heç də geri qalmır. Gözləntilərimiz yüksəkdir – minimum finala vəsiqə qazanmaqdır. Hər yaş kateqoriyasında medal uğrunda mübarizə aparacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan 28 sentyabr – 8 oktyabr tarixlərində III MDB Oyunlarına ev sahibliyi edəcək.