EN

Son 10 ilin ən zəif "Qarabağ"ı...

"Qarabağ" növbəti tarixi yazdı. 8 ildən sonra məğlubiyyət sevinc göz yaşlarına yol açdı.

Qarşıda daha 8 matçın fotodakı duruşu bizi gözləyir.

Bəlkə də son 10 ilin ən zəif "Qarabağ"ı ÇL-in əsas mərhələsində çıxış edəcək.

Fantastik uğurdur.

Bütün komanda çətin məqamda bütövləşə bildi. Həmin birlik Ağdam təmsilçisini bu cür nüfuzlu yarışa daşıdı. Kimisə fərqləndirmək insafdan olmaz, amma...

Bu yolda xilaskar birmənalı olaraq Koxalski oldu. Hətta sonuncu qoldakı səhvini də fədakarlığına bağışlamaq olar. Varqanın baş zərbəsinə reaksiyası sadəcə inanılmaz idi. Bir sözlə, "qapıçı komandanın yarısıdır" deyimini əyani göstərdi. Xüsusilə ehtiyatda oturan həmkarı Şahruddinə...

Bəhlul, Medina ikilisi müdafiədə keçilməz sədd yarada bildi. Polşalı kiperin "Şah"dan fərqli olaraq sığortada irəli inamlı və yerində çıxışları, ikinci mərtəbədə uğurlu müdaxilələri birinci zonada yer alanlara əlavə güvən, rahatlıq verirdi. Ümumi hesabda buraxılan 4 qoldan ikisini duran toplardan qapımızda gördük. Medinanın penalti epizodunda ani diqqətsizliyi fonunda Mustafazada ideal oyun keçirdi. Varqanın bəzən gözdən qaçmasını özünün ustalığına daha çox bağlayardım.

Keyta orta xəttimizin iş əmsalını aşağı salan əsas fiqur oldu. Yaxşı ki, ilk oyunu kənardan izləmişdi. Bikalyonun ansabıldan geri qalması ilə bərabər Kadi Borgesin özünə bənzəməməsinin arxasında da sabiq "Liverpul"lunun əməyi dayanırdı.

33 yaşlı Abdullah Zubir göstərdi ki, hər komandanın onun kimi ağsaqqala mütləq ehtiyacı var. Sonuncu artırılan 3 illik müqavilə məhz bu günlərə hesablanmışdı.

Marko Yankoviç bu komandanın döyünən ürəyidir. Hətta nisbətən zəif çıxış etdiyi bu matça rəğmən hazırkı "Qarabağ" onsuz da çox quru görünər.

Və Nəriman Axundzadə...

0:1 geri düşəndə Andrade gözə dəymirdi, oyunu alınmayan Kadinin əsəbləri tarıma çəkilmişdi. Bikalyonun kölgədə qalması fonunda Marko təkbaşına orta zonanın yükünü daşımaqda axsayırdı. Hər an ikinci, hətta üçüncü qol gələ bilərdi. Belə məqamda Axundzadə səhnəyə çıxdı. İkili mübarizədə cüssəli rəqibini meydandan sildi, davamında Andradeyə hazırca loxma verdi ki, yesin.

Bununla Andrade timsalında bütün komandanı yuxudan ayıltmış oldu.

Hücumçu yoxluğunda Qurbanovun ona davamlı güvənməsini artıqlaması ilə doğrultdu.

Arxada qalan 6 görüşdə vurduğu 2 qol, 2 məhsuldar ötürmə ilə.

Nərimanın İrlandiyada başladığı işə (Şelburn"la matçda 1 qol, 1 məhsuldar ötürmə) Bakıda nöqtə qoydu deyə bilərik.

Daha dərindən baxası olsaq, lənkəranlı balasının qol vurduğu, asist etdiyi hücumlardan savayı 6 görüşün hamısında ön xəttin böyük iş yükünü çiyinlərində layiqincə daşıdı deyə bilərik.

2017-ci ildəki ÇL xatirəsində Mahir Emreli imzası vardısa, bu dəfə həmin rolda Axundzadə, Qurbanlı adının yer alması bizləri iki qat sevindirməyə bilməz.

Bundan sonra necə olacaq? ÇL-də "Qarabağ"dan nə gözləyək?

Ən yaxşısı bu suallarla özümüzü yormayaq. Dua edək ki, ən hegemon adlar Bakının qonağı olsun, biz də həmin matçlardan sadəcə həzz alaq.

XANOĞLAN İMANOV

Chosen
7
sportinfo.az

1Sources