NATO Şimal Atlantika Alyansı “Şərqin mühafizəçisi” (Eastern Guard) adlı yeni əməliyyata start verir.
Modern.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Avropadakı Birləşmiş Silahlı Qüvvələrin komandanı general Aleksus Qrinkeviçlə birgə mətbuat konfransında bildirib.
Baş katib deyib ki, əməliyyatın məqsədi NATO-nun şərq cinahında təhlükəsizliyi möhkəmləndirmək və artan hava məkanının pozulmalarına cavab verməkdir:
“Məqsədimiz NATO-nun bütün müttəfiqlərini istənilən təhdiddən qorumaqdır. Şərq cinahının müdafiəsi bizim əsas prioritetimizdir. Dron hücumlarına qarşı yeni imkanlar və müdafiə sistemləri yerləşdiriləcək.”
Əməliyyata Danimarka, Almaniya, Fransa, Böyük Britaniya və digər üzv dövlətlər qoşulacaq. Rütte vurğulayıb ki, “əməliyyat önümüzdəki günlərdə tam miqyasda başlayacaq” və “müxtəlif qüvvə və vasitələri əhatə edəcək”.
“Şərqin mühafizəçisi” əməliyyatı 10 sentyabrda Polşa hava məkanında vurulan rus dronlarından sonra işə salınıb. Rütte bildirib ki, dronların mənşəyi ilə bağlı “heç bir şübhə yoxdur” və onların Rusiya istehsalı olduğu müəyyənləşdirilib. Hazırda onların hansı məqsədlə göndərildiyi araşdırılır.
Hadisədən sonra NATO üzvləri Polşaya və regiona əlavə qüvvələr göndərmək barədə qərar verib:
Fransa – 3 “Rafale” qırıcısı
Böyük Britaniya – “Eurofighter Typhoon” qırıcıları
Çexiya – 3 Mi-17 helikopteri və 100-ə yaxın hərbçi
İsveç – HHM vasitələri və aviasiya
Niderland – “Patriot” zenit-raket kompleksləri, dronlara qarşı sistemlər və 300 hərbçi
Almaniya – Polşa sərhədlərindəki “Eurofighter” qırıcılarının sayını ikiqat artırıb.
General Qrinkeviç qeyd edib ki, əməliyyat təkcə Polşanı deyil, Rumıniya, Estoniya, Latviya və Litvanı da əhatə edəcək.