EN

Rusiya Azərbaycanda kəşfiyyata 100 milyon xərclədi, amma sonda isə...


Rusiya prezidenti Vladimir Putin cari ilin avqustun 29-da xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsini ləğv edib. Məqsəd Prezident Administrasiyasının işini optimallaşdırmaq olub. Əvəzində aparatda strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə idarə yaradılıb. “The Insider” araşdırma nəşri yazır ki, Kreml keçmiş SSRİ ölkələrində “yumşaq güc”ü irəlilətməyə nail olmayıb və bu da təəccüblü deyil: Ayrılan pullar əməkdaşların qonşularının və qohumlarının yeməyə getdiyi mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib.

Sözügedən idarə 2005-ci ildə, Ukraynada “narıncı inqilab”dan bir il sonra yaradılıb: “Həmin hadisələr Putini çox qorxutdu və o, Prezident Administrasiyasında qonşu ölkələrdə “məxməri inqilablar”ın yaranmasının qarşısını ala biləcək, Kremlə sadiq siyasətçilərin və siyasi partiyaların təbliğatını apara biləcək şöbənin yaradılması barədə göstəriş verdi. Departamentin əməliyyat maraqlarına Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, həmçinin Baltikyanı ölkələr və qondarma Abxaziya və Cənubi Osetiya respublikaları daxil olub”. Məxfi sənədlərdən aydın olur ki, Azərbaycanla bağlı fəaliyyətlərə Xarici Kəşfiyyat Ximətinin zabiti Valeri Çernışov rəhbərlik edib: “Ona respublikanın tanınmış şəxsləri, o cümlədən məmurlar, hərbçilər və ictimai xadimlər barədə məlumatlar gəlirdi. Xarici Kəşfiyyat Ximətinin digər zabiti Dmitri Avanesov isə Ermənistandakı vəziyyəti izləyib. “The İnsider”-in ixtiyarında Ermənistan hökumətindəki “köstəbək”dən xəbərlər var, o, Avanesova Baş nazir Nikol Paşinyanın bütün hərəkətləri barədə məlumat verib”. O da qeyd olunur ki, xarici ölkələrlə mədəni əlaqələr departamenti Rusiya Prezident Administrasiyası başçısının müavini Dmitri Kozak üçün qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o, daha sonra onları Putinə təqdim edib. Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi. Dmitri Kozaka “Azərbaycan” şöbəsinin məruzəsində deyilirdi ki, Azərbaycanda Rusiya QHT-lərini gücləndirmək məqsədəuyğundur. “Azərbaycan” departamentinin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik: "Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün "yumşaq güc” alətinin yaradılmasına kömək edərdi. QHT işinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəldilə bilər. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, kütləvi informasiya vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır... Emissarlar Azərbaycana tez-tez gəlməyə başladı, çoxsaylı seminarlar, dəyirmi masalar, konfranslar, jurnalistika məktəbləri təşkil olundu... Daha sonra adıçəkilən idarənin keçmiş əməkdaşı “The İnsider”ə deyib ki, Azərbaycanda “yumşaq güc” üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib: "Mənim hesablamalarıma görə, Azərbaycanla “dostluğa” yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də çox şey formal qeyd üçün və ya “balalayka diplomatiyası” ruhunda edildi. Və onlar həmişə içdilər, içdilər və içdilər"... Moskva ilə Bakı arasında “eşq” macərası 2025-ci ilin əvvəlində bitib, Rusiya hakimiyyəti əvvəlcə Azərbaycan Hava Yollarının təyyarəsi ilə bağlı faciənin təfərrüatlarını inadla gizlədib, sonra isə Yekaterinburqda faktiki olaraq dindirmə zamanı işgəncələrə məruz qalan Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından ölməsi barədə yalan danışıb. Azərbaycan hakimiyyətinin reaksiyası özünü çox gözlətmədi: Bakıda Kremlin təbliğat ruporu olan “Sputnik”i sərt şəkildə bağladılar və Rusiya tərəfi ilə rəsmi tədbirləri minimuma endirdilər”.

Nəşr daha sonra yazır: “Paralel olaraq, təsir agenti roluna görə təhqiq olunan qonşu ölkələrin jurnalistləri ilə fəal iş aparılırdı. Xarici Ölkələrlə Mədəni Əlaqələr Departamentinin redaksiyaya təqdim etdiyi siyahılara 136 KİV nümayəndəsi və blogger daxil edilib. Bəzi “namizəd”lərin adlarının qarşısında qeydlər var: “maraqlıdır”, “işləmək”, “bizimki”, “axmaq oynadı”, “çevrildi”, “yalnız pulla maraqlanan, iş”, “zorakı, mitinqlərdə dava sala bilər”. “The İnsider” sözügedən jurnalistlərin bəziləri ilə əlaqə saxlayıb: bəziləri Rusiyaya dəvət olunduqlarını və bununla da bitdiyini söylədi, digərləri zəng edənlərin Rusiya xüsusi xidmət orqanlarının agentləri olduğundan şübhələndi, digərləri isə məsələni müzakirə etməkdən qəti şəkildə imtina etdilər. Maraqlıdır ki, siyahılara jurnalist Aleksey Pivovarovun həyat yoldaşı Anna Şnayder də düşüb. Anna “Moskva-24”ün müxbiri kimi siyahıya alınmışdı və onun qarşısında yazı yazılmışdı: “İş. Aparıcı Pivovarovdan boşanıb”. Cütlük “The Insider”ə bildirib ki, heç vaxt boşanmayıblar. Açıq mənbələrə görə, 2014-cü ildən Şnayder “Rossiya-24” telekanalında işləmir. Mümkündür ki, işə götürənlər Pivovarovun həyat yoldaşını rusdilli mediada işləyən Latviyadan olan jurnalist Anna Şnayderlə səhv salıblar. 2021-ci ilin fevralında məxfi sənədlər idarəsindən kütləvi sızmalardan sonra general Çernov vəzifəsindən azad edildi və “Moldova” idarəsinin rəisi İqor Maslov MDB ölkələrinə nəzarəti öz üzərinə götürdü. "General Maslov Moldova istiqamətini tamamilə uçurdu, onu aparıb bütün şöbəyə rəhbər qoydular. Bəs o, son üç ildə nə işlə məşğuldur? O, Ermənistanda Rus Kitabları Evinin açılışında çıxış edib, bir-iki dəfə Cənubi Osetiya və Qırğızıstana səfər edib. Onun internetdə yerləşdirdiyi fotoqalereyaya baxmısınız? Bu adam kəşfiyyata necə girib?" deyən xarici Kəşfiyyat Xidmətinin veteranı qəzəbləndi və adının çəkilməsini istəmədi. İndi ləğv edilmiş xarici ölkələrlə mədəni əlaqələr departamentinin bazasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Departamenti yaradılacaq ki, onun tərkibinə əlavə olaraq daha bir ləğv edilmiş struktur - transsərhəd əməkdaşlıq departamenti də daxil olacaq. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra vəziyyət kəskin şəkildə dəyişdi və qonşu dövlətlər Kremlin səmimi dostluq və əməkdaşlığı inkişaf etdirmək niyyətinə inanmırlar”.

Nahid SALAYEV

Chosen
23
3
baki-xeber.com

4Sources