EN

Sağlam qidalanma: Payız rasionu ilə enerji və immunitetinizi qoruyun

Sağlam qida təbliğatçısı : Payız meyvə və tərəvəzlərin ən bol olduğu mövsümdür və bunlar orqanizmin müdafiə qabiliyyətini gücləndirir

Balanslı qidalanma insan sağlamlığının təməl prinsiplərindən biridir. Ekspertlər bildirirlər ki, bədənimiz enerji və qida maddələrini müxtəlif mənbələrdən əldə etməlidir, çünki karbohidrat, zülal, yağ, vitamin, mineral və su hər biri bədənin normal fəaliyyəti üçün vacib rol oynayır. Sağlam qidalanma yalnız bir qida qrupuna üstünlük vermək deyil, bütün qida qruplarını uyğun nisbətdə qəbul etmək deməkdir. Həkimlər vurğulayırlar ki, enerji və qida maddələrinin miqdarı fərdin yaşı, cinsiyyəti, fiziki fəaliyyəti və sağlamlıq vəziyyətinə uyğun olmalıdır. Məsələn, aktiv həyat tərzi olan gənclər üçün karbohidrat və zülal daha çox zəruri olsa da, eyni miqdar oturaq həyat sürən yaşlılarda artıq kalori hesab olunur və bu, çəki artımına səbəb ola bilər. Porsiya ölçüsü də sağlam qidalanmanın vacib şərtlərindən biridir. Nutrisionistlər xəbərdarlıq edirlər ki, hətta ən sağlam qidalar belə həddindən artıq qəbul olunarsa, balans pozulur və sağlamlığa mənfi təsir göstərir. Bu səbəbdən hər qida növünün təyin olunmuş miqdarda qəbulu mühümdür. Gündəlik menyuda meyvə və tərəvəzləri kifayət qədər, lakin həddindən artıq olmadan qəbul etmək bədənin vitamin və mineral ehtiyacını təmin etməyə yardımçı olur. Müxtəliflik prinsipi də sağlam qidalanmada əvəzsizdir. Eyni qidaları gündəlik olaraq qəbul etmək bədənin bütün qida maddələrini təmin etməyə kifayət etmir. Qidalanma mütəxəssisləri tövsiyə edirlər ki, meyvə, tərəvəz, protein, kompleks karbohidratlar və sağlam yağlar kimi müxtəlif qida qruplarından müntəzəm şəkildə istifadə edilsin. Bu, həm qida balansını qoruyur, həm də yemək vərdişlərini maraqlı və rəngarəng saxlayır. Qida sıxlığı da diqqət edilməli vacib məqamdır. Kalori sıxlığı aşağı, lakin qida maddələri baxımından zəngin olan qidalar, yəni meyvə, tərəvəz və tam taxıllar  sağlam qidalanmada öncəlik təşkil edir. Bu, həm çəki idarəsini asanlaşdırır, həm də bədənin lazımi vitamin və mineralları əldə etməsinə imkan verir. Maye qəbulu da sağlam qidalanmanın əsas elementlərindəndir. Ekspertlər bildirirlər ki, su bədənin düzgün işləməsi, toksinlərin çıxarılması, qida maddələrinin daşınması və həzm prosesinin səmərəli həyata keçirilməsi üçün zəruridir. Şəkərli və qazlı içkilərdən isə mümkün qədər uzaq durmaq tövsiyə olunur. Əvəzində mineral su və yaşıl çay kimi təbii içkilər seçilməlidir ki, bədənin maye balansı qorunsun və əlavə şəkər və kalori qəbul olunmasın.

Sağlam qidalanmanın faydaları yalnız gündəlik enerji və qida ehtiyacını qarşılamaqla məhdudlaşmır. Tibb mütəxəssisləri bildirirlər ki, düzgün qidalanma xroniki xəstəliklərin  ürək-damar xəstəlikləri, diabet, yüksək təzyiq və bəzi xərçəng növlərinin  qarşısını almaqda böyük rol oynayır. Şəkər və işlənmiş qidaların məhdudlaşdırılması qan şəkəri və insulin səviyyəsini sabit saxlayır, uzun müddət metabolik problemlərin qarşısını alır. Eyni zamanda, balanslı qidalanma çəkinin idarə olunmasına kömək edir. Doğru porsiyalar və düzgün qida seçimi artıq yağların toplanmasının qarşısını alır, toxluq hissi yaradır və həddindən artıq yeməkdən uzaq durmağa imkan verir. Nəticədə, bədən həm formaca, həm də daxili sağlamlıq baxımından balansda qalır. Vitamin, mineral və kompleks karbohidratlarla zəngin qidalar bədəni davamlı enerji ilə təmin edir, gün ərzində məhsuldarlığı artırır. Bununla yanaşı, serotonin və dopaminin səviyyəsinin yüksəlməsi əhval-ruhiyyəni yaxşılaşdırır, stress və gərginliyi azaldır, insanı daha pozitiv və aktiv edir. İmmunitet sistemi də sağlam qidalanmadan faydalanır. C, D, A vitaminləri və sink, dəmir, selen kimi minerallar bədənin infeksiyalara qarşı müqavimətini artırır. Meyvə və tərəvəzlər, antioksidanlarla zəngin qidalar hüceyrələrin sağlamlığını qoruyur və iltihab riskini azaldır. Bu, xüsusilə soyuqdəymə və digər yoluxucu xəstəliklərin qarşısını almaqda əhəmiyyətlidir.

Beləliklə, düzgün və balanslı qidalanma yalnız bədənin fiziki sağlamlığını qorumaqla kifayətlənmir, həm də enerji səviyyəsini yüksəldir, əhval-ruhiyyəni yaxşılaşdırır və immunitet sistemini gücləndirir. Mütəxəssislər vurğulayırlar ki, sağlam qidalanma uzunmüddətli sağlam həyat tərzinin əsasını təşkil edir.

Sağlam qidalanma yalnız qida tərkibi və balansı ilə məhdudlaşmır; o, həm də mövsümlərlə sıx bağlıdır. İnsan bədəni təbiətin dəyişən ritminə uyğun olaraq adaptasiya olunur və hər mövsüm bədənin enerji tələbatını, vitamin və mineral ehtiyacını fərqli şəkildə müəyyən edir. Analitik baxımdan, mövsümlərə uyğun qidalanma yalnız sağlamlığın qorunması üçün deyil, həm də immunitetin gücləndirilməsi, enerji səviyyəsinin sabit saxlanması və psixoloji rifah üçün vacibdir. Payız mövsümü  bədənin qışa adaptasiya dövrüdür və enerji tələbatı artır. Temperaturun azalması və günlərin qısalması bədəni daha çox kaloriyə, vitamin və minerallara ehtiyac duymağa vadar edir. Balqabaq, kök, kələm, alma və armud kimi mövsümi məhsullar həm enerji verir, həm də immuniteti gücləndirir. Analitik baxımdan, payız qidalanması bədənə istilik və müqavimət təmin edən qidaları prioritetləşdirməyi tələb edir.

Orqanizm payızın dəyişən şəraitinə uyğunlaşmağa ehtiyac duyur

Sağlam qida təbliğatçısı Asim Vəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, fəsil dəyişkənliyi ilə əlaqədar olaraq qidalanma tərzimizdə də müəyyən dəyişikliklərə ehtiyac yaranır: “Bu mövsümdə təbiət dəyişir, havalar soyuyur və orqanizm də bu dəyişikliklərə uyğunlaşmağa çalışır. Əksər hallarda immunitetin zəifləməsi, yorğunluq, əhval-ruhiyyənin aşağı düşməsi və müxtəlif mövsümi xəstəliklərə yoluxma halları artır.  Eyni zamanda payız meyvə və tərəvəzlərin ən bol olduğu mövsümdür. İmmunitetin zəifləməsinin qarşısını almaq üçün ilk növbədə C və D vitaminləri, həmçinin sinklə zəngin qidaların rasiona daxil edilməsi vacibdir. Bu elementlər orqanizmin müdafiə qabiliyyətini gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır”.

Enerji itkisinin və yorğunluğun qarşısını almaq üçün…

Qida təbliğatçısı qeyd etdi ki, payızda günəş işığının azalması səbəbindən əhval-ruhiyyənin enməsi, halsızlıq və yorğunluq kimi hallar tez-tez müşahidə olunur: “Bu vəziyyətin qarşısını almaq üçün B qrupu vitaminləri və maqneziumla zəngin məhsulların istifadəsi tövsiyə olunur. Omeqa-3 yağ turşuları ilə zəngin balıqlar isə beyində “xoşbəxtlik hormonu” adlanan serotoninin istehsalını artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır. Payız aylarında bir çox insan əlavə vitamin və qida əlavələrindən istifadə etməyə başlayır. Əslində, balanslı qidalanma təmin olunduqda orqanizm lazım olan vitamin və mineralları əsasən təbii məhsullardan əldə edə bilir. Məsələn, gündəlik menyuda təzə meyvə-tərəvəz, balıq, süd məhsulları və çərəzlər olduqda əlavə preparatlara çox vaxt ehtiyac qalmır. Lakin həkim məsləhəti ilə xüsusən də D vitamini və omeqa-3 əlavələrinin qəbulu bəzi hallarda faydalı ola bilər”.

Uşaqların diqqət və enerji səviyyəsi düzgün qida ilə dəstəklənir

Asim Vəliyev vurğuladı ki, payız həm də məktəb mövsümünə təsadüf etdiyindən uşaqların düzgün qidalanması xüsusi əhəmiyyət daşıyır: “Məktəblilərin menyusunda zülalla zəngin məhsullar, bol meyvə-tərəvəz və tam taxıllar mütləq yer almalıdır. Şirniyyat və qazlı içkilərin əvəzinə təbii şirələr, quru meyvələr və çərəzlərin verilməsi həm dərsə adaptasiyanı asanlaşdırır, həm də uşağın zehni fəaliyyətini gücləndirir”.

Yaşlılarda immunitet və sümük sağlamlığını qorumaq üçün qida seçimi vacib rol oynayır

Həmsöhbətimizin sözlərinə görə, yaşlı insanların qidalanmasında da payız mövsümünün özünəməxsus xüsusiyyətləri var: “Bu dövrdə həm immunitetin, həm də sümük-oynaq sağlamlığının qorunması üçün kalsium və D vitamini ilə zəngin məhsullar faydalıdır. Omeqa-3 yağ turşuları iltihabi proseslərin azalmasına, ürək-damar sisteminin güclənməsinə kömək edir. Liflə zəngin qidalar isə həzm sisteminin sağlamlığı üçün vacibdir”.

Xroniki xəstəlikləri olan şəxslərin menyusu fərdi yanaşma tələb edir

Qida təbliğatçısı əlavə etdi ki, allergiyası və ya xroniki xəstəlikləri olan şəxslərin isə payız menyusuna fərdi yanaşması lazımdır: “Onlar həkim məsləhəti ilə allergiya yaradan məhsullardan uzaq durmalı, mövsümi tərəvəzlərə daha çox üstünlük verməlidirlər. Duz və şəkərin miqdarını azaltmaq, yağlı və qızardılmış yeməklərdən uzaq durmaq da bu insanlar üçün xüsusilə vacibdir”.

Nigar Orucova, “İki sahil”

Chosen
22
ikisahil.az

1Sources