EN

Mövcud ekoloji problemlər suyun təkrar istifadəsini əhəmiyyətli və yağış sularının toplanmasını zəruri edir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

"Azərbaycanda Kür və Araz çaylarında sululuğun azalması, qeyri-sabit yağıntılar və torpaqların şorlaşması ölkəni alternativ su idarəçiliyi həllərinin tətbiqinə sövq edir".

Bizimyol.info xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlqar Gülməmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində təşkil olunan “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” panelində çıxışı zamanı bildirib.

Sədr müavininin sözlərinə görə, mövcud ekoloji problemlər suyun təkrar istifadəsini, tullantı sularının təmizlənməsini və yağış sularının toplanmasını zəruri edir: “Bu sahədə elmi tədqiqatların aparılması, pilot layihələrin icrası və alternativ su potensialının müəyyənləşdirilməsi gələcək nəsillər üçün dayanıqlı su təsərrüfatının qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

ADSEA rəsmisi əlavə edib ki, son illər ərzində ölkədə su ehtiyatlarının idarə olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib: “Prezidentin sərəncamı ilə Dövlət Su Komissiyası yaradılıb, Milli Su Strategiyası qəbul olunub, həmçinin yeni infrastruktur layihələrinin icrasına başlanılıb. Bununla yanaşı, rəqəmsallaşma və ağıllı texnologiyaların tətbiqi prosesi sürətləndirilib”.

İlqar Gülməmmədovun sözlərinə görə, bu addımların əsas məqsədi ölkənin su təhlükəsizliyini gücləndirmək, sudan istifadədə səmərəliliyi artırmaq və iqlim dəyişikliklərinin mənfi təsirlərinə uyğunlaşmanı təmin etməkdir.

İlqar Gülməmmədov həmçinin özəl sektorun da bu prosesdə mühüm rol oynadığını vurğulayıb: “Artan istehlak və investisiyalar, eləcə də rəqəmsal və innovativ texnologiyaların tətbiqi biznes subyektlərinin sahəyə marağını artırıb. Özəl sektorun fəal iştirakı xərclərin azaldılması və gəlirliliyin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Xəzər Su İnnovasiya Forumu" bu müasir yanaşmanın bariz nümunəsidir”.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
76
icma.az

1Sources