EN

Dərdlərə şəfa dərmanlarımız …

Hədəf xarici ölkələrdən dərman asılılığını minumuma endirməkdir

Azərbaycan dövləti ölkəmizdə dərman vasitələrinin istehsalının daha da genişlənməsini prioritet məsələ kimi dəyərləndirir.  Çünki bu həm iqtisadiyatımızın və səhiyyəmizin inkişafına ciddi dəstəkdir, həm əhalinin daha etibarlı dərman vasitələri ilə təminatı deməkdir.  

Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev ötən ay Bakının Pirallahı rayonunda «Diamed» dərman istehsalı zavodunun açılışında iştirak edib. Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq.

Zavodun  illik istehsal gücü 20 milyon litrdir. Bildirilir ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı,  həm də növbəti mərhələdə xarici ölkələrə ixracı planlaşdırılır. İlkin ixrac bazarları kimi, əsasən, region ölkələri - Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və İran nəzərdən keçirilir.

Cari ilin 7 ayında  ölkəmizdə 9,5 milyon manatlıq dərman istehsal edilib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 29 faiz, yəni 2,1 milyon manat artım deməkdir

Azərbaycanda dərman istehsalı üzrə ixtisaslaşmış və bu sahənin inkişafına hesablanmış Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı müvafiq sərəncamla yaradılıb. Sənaye Parkının başlıca məqsədi ölkədə bir çox dərman məhsullarına olan tələbatı tam ödəyib, xaricə məhsul satmağa başlamaqdır. Bir sözlə, Azərbaycanı sözügedən sahədə idxalçı ölkədən ixracatçı ölkəyə çevirmək hədəflənir.

Bəs ölkkəmizdə istehsal olunan dərman vasitələri bu sahədə idxala necə təsir edib? Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə ölkəyə dərman vasitələrinin idxalında 14,6 faiz azalma qeydə alınıb. Cari ilin yeddi  ayında isə 9,5 milyon manatlıq dərman istehsal edilib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 29 faiz, yəni 2,1 milyon manat artım deməkdir. Cari ilin avqustun 1-i tarixinə ölkədə 480,3 min manatlıq hazır dərman ehtiyatı var.

Pirallahı Sənaye Parkı əczaçılığın inkişafı üçün yeni bir addımdır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkı fəaliyyətə başladığı vaxtdan ölkədə əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə mühüm töhfələr verir. Burada yeddi sahibkarlıq subyektinə rezidentlik statusu verilib və parkın investisiya həcmi 129 milyon manata yaxındır. İndiyə kimi sahibkarlar bu sahəyə 56 milyon manat civarında investisiya yatırıblar ki, bunun da sayəsində 150-dən çox daimi iş yeri yaratmaq mümkün olub.

Pirallahı Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Təkcə 2025-ci ilin birinci yarısında burada 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 15 faiz çoxdur.

Hazırda yeddi rezidenti olan parkın 2 müəssisəsi fəaliyyət göstərir. Burada birdəfəlik şprislər (1, 2, 5, 10, 20, 50 ml), sterilləşdirilmiş damardaxili kateterlər, infuziya dəsti, lateks steril cərrahi əlcək, diabeton MR və digər məhsulların istehsalı həyata keçirilir. İZİA-nın məlumatına əsasən, yaxın perspektivdə masa üzərindəki layihələrin gerçəkləşdirilməsi ilə qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin, qan depolama və test qablarının, birdəfəlik üçkomponentli şprislərin, bioloji aktiv qida əlavələrinin, tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və digər dərman məhsullarının istehsalı planlaşdırılır. Bildirilib ki, sahibkarlar bu sahəyə böyük maraq göstərirlər və parkın ərazisi tam olaraq onların istifadəsinə verilib. Hazırda yeni ərazinin ayrılması istiqamətində də işlər aparılır.

Pirallahı Sənaye Parkının rezidenti «R-Pharm» zavodunda üç növ insulinin – RinGlar (insulin glargin), RinFast (insulin aspart) və RinFast Mix (ikifazalı insulin aspart) lokallaşdırılması, eyni zamanda bu preparatların ölkə daxilində kommersiya məqsədilə satışa çıxarılması nəzərdə tutulur. Artıq lokallaşdırılmış insulinin ilk istehsalat mərhələsi başa çatdırılıb və mülki dövriyyəyə buraxılıb.

Elçin Zaman, "İki sahil"

Chosen
7
ikisahil.az

1Sources