EN

Prezidentin öyündüyü smartfon - Mütəxəssis rəyi

Dövlət rəhbərləri üçün ən təhlükəsiz rabitə kanalları hansıdır?

ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun başına böyük məbləğdə mükafat qoyduğu məlumdur. Vaşinqton onu narkotik kartellərinə dolayısı ilə himayədarlıq etməkdə ittiham edir. Hətta bəzi ekspertlər ABŞ-ın bu ölkəyə qarşı hərbi müdaxilə ehtimalını da gündəmə gətirirlər.

Belə gərgin məqamda Maduro mətbuat konfransında maraqlı jest edib: o, Çin lideri Si Cinpinin hədiyyə etdiyi Huawei Mate X6 smartfonunu göstərərək, bu cihazı “dünyanın ən yaxşı telefonu” adlandırıb. Prezidentin sözlərinə görə, “amerikalılar bu telefonu nə peyklərin köməyi ilə, nə də hava kəşfiyyatından istifadə etməklə sındıra bilməzlər”.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər isə Maduronun iddialarına şübhə ilə yanaşırlar. Onların fikrincə, istənilən mobil qurğu, xüsusilə ABŞ kimi kəşfiyyat resursları geniş olan dövlətlər qarşısında zəifdir. Hətta ən müasir şifrələmə texnologiyaları belə, dövlət səviyyəli kibermüdaxiləyə tam zəmanət vermir.

Mütəxəssislər əlavə edirlər ki, Huawei Mate X6 yeni texnologiyalarla təchiz olunsa da, onun işlədiyi HarmonyOS əməliyyat sistemi hələ də inkişaf mərhələsindədir və Apple iOS və ya Android qədər uzunmüddətli təcrübəyə və təhlükəsizlik sınaqlarına malik deyil.

Dünyada dövlət liderlərinin istifadəsi üçün xüsusi hazırlanmış cihazlar mövcuddur. Məsələn, ABŞ prezidentinin telefonları xüsusi kriptoqrafik modullarla təchiz edilir, Rusiya prezidenti Putinin telefonları “Aquila” adlı qapalı rabitə sistemi ilə işləyir, Almaniya kansleri isə “Secusmart” adlı əlavə təhlükəsizlik tətbiqindən istifadə edir.

Ekspertlərin fikrincə, kommersiya bazarında mövcud olan heç bir telefon - istər iPhone, istər Samsung, istərsə də Huawei - dövlət rəhbərlərinin ehtiyac duyduğu təhlükəsizlik səviyyəsini təmin edə bilməz. 

Mütəxəssislər hesab edirlər ki, dövlət rəhbərləri üçün ən təhlükəsiz seçim şəxsi smartfonlardan tamamilə imtina etmək və yalnız qapalı, dövlətə məxsus rabitə kanallarına güvənməkdir.

Elvin

Elvin Abbasov 

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Nikolas Maduronun Huawei Mate X6 smartfonunu “dünyanın ən etibarlı telefonu” adlandırması əslində siyasi mesaj xarakteri daşıyır: “Texnoloji reallıq isə fərqlidir: heç bir mobil cihaz tam sındırılmaz və ya izlənilməz deyil. ABŞ-ın, eləcə də digər böyük dövlətlərin kəşfiyyat strukturları yüksək texnoloji imkanlara malikdirlər və istənilən smartfon - istər iOS, istərsə də Android və ya HarmonyOS üzərində işləsin - müəyyən dərəcədə risk daşıyır. Xüsusilə də mobil şəbəkələr, peyk sistemləri və internet infrastrukturuna nəzarət imkanları nəzərə alındıqda, ”100% təhlükəsizlik" anlayışı real deyil.

Ən etibarlı smartfonlar mövcud bazarda adətən xüsusi təhlükəsizlik məqsədi ilə hazırlanmış cihazlar hesab olunur. Məsələn, “Blackphone”, “Purism Librem 5" və ya dövlət sifarişi ilə hazırlanmış xüsusi ”encrypted" telefonlar- bunlar kommersiya cihazlarından fərqli olaraq zəiflikləri minimuma endirməyə çalışır, lakin onlar belə tam zəmanət vermir.

Dövlət rəhbərlərinə gəlincə, onların adi kommersiya smartfonlarından istifadəsi əksər hallarda məhdudlaşdırılır. Çünki belə cihazlar həm casus proqramlar, həm də texniki zəifliklər vasitəsilə izlənilə bilər. Bir çox ölkələrdə prezident və yüksək vəzifəli şəxslər üçün xüsusi şifrələnmiş rabitə vasitələri hazırlanır. 

Məsələn, ABŞ prezidentinin istifadə etdiyi “secure phone” sistemləri, Almaniya kanslerinin xüsusi şifrələnmiş “BlackBerry” və ya “SiMKo” cihazları buna nümunədir. Yəni dövlət rəhbərləri, ümumiyyətlə, smartfondan istifadə edir, amma adi vətəndaşların əlində olan modellərlə deyil, ciddi şifrləmə və təhlükəsizlik qatları əlavə edilmiş xüsusi versiyalarla. Bir sözlə, Maduronun arxayınlığı əsaslı deyil. Hər bir smartfon müəyyən risklər daşıyır". 

İlham İsmayıl

Təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, dövlət başçıları adi vətəndaşların istifadə etdikləri telefonlarla danışmırlar: “Onların danışıqları ilə bağlı xüsusi təhlükəsizlik tədbirləri görülür. Lakin bunu da nəzərə alaq ki, dünya texnologiyası elə inkişaf edib ki, ən mükəmməl qorunan sistemə də müdaxilə imkanları olur. Məsələn, Vətən müharibəmizdən öncə Rusiya Nikol Paşinyanın telefon danışıqlarını açıq şəkildə ortaya çıxarmışdı. Söhbət adi mobil telefonla danışıqlardan gedir. Hərbi hissələrdə əvvəllər istifadə edilən telefonlarda da etibarlılıq çox yaxşı idi. Onları dinləmək asan başa gəlmirdi. İndi dinləmələr peyklər vasitəsi ilə həyata keçirilirsə, onları idarə edən dövlətlərin şirkətləri danışıqları əldə etməyi qarşılarına məqsəd qoysalar, bir o qədər çətin deyil. Amma dövlət başçlarının istifadə etdiyi telefonlarda təhlükəsizlik sistemləri qorunur.  Prezidentlər maksimum çalışır ki, mobil telefonlardan daha çox köhnə sistemli telefonlardan istifadə etsinlər”.

Şahanə RƏHİMLİ, 
“Yeni Müsavat”

 

Chosen
50
musavat.com

1Sources