EN

Şair-yazıçılar niyə ədəbiyyatdan pul çıxara bilmir?

Sabir Rüstəmxanlı: “Kitablara əlavə subsidiya ayrılmalıdır, ən yaxşıları rayon və kənd kitabxanalarına göndərilməlidir”

Deputat Elçin Mirzəbəyli Sfera.az-a müsahibəsində deyib ki, ədəbiyyatdan Azərbaycanda heç kim gəlir əldə etmir. Onun sözlərinə görə, ədəbiyyat sadəcə mənəvi ehtiyaclarını ödəyir: “Ədəbiyyat mənim fəaliyyətimə də mane olmur. İş vaxtımda oturub şeir yazmıram. Ümumiyyətlə, bütün gün ədəbi ovqata köklənən insanları anlaya bilmirəm. Söhbət gerçək ədəbi ovqatdan gedirsə, bu, an məsələsidir, ayda, ildə bir dəfə gəlir. Hər gün gəlirsə, deməli, ciddi poeziya deyil”.

Deputat maraqlı məsələni gündəmə gətirib - ədəbiyyatdan heç kəsin pul qazanmaması. Hərçənd başqa ölkələrdə yazıçılar, şairlər kitablarının satışından qazanır, yüksək qonorar alır, əsərləri səhnəyə qoyulur. Azərbaycanda isə bu sahədə ciddi boşluq var. Həqiqətən də yazarlar ədəbiyyatdan gəlir götürə bilmirlər. Əslində, müasir dünyada ədəbiyyat da pul qazandırır, hətta Markes kimi şöhrətli yazıçıları varlandırıb. 

Azərbaycanda bunun səbəbi nədədir - yaxşı mətnlər ortaya qoyulmur, gəlir əldə etmək üçün o sənaye formalaşmayıb, yoxsa nə? 

Sabir

Sabir Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirib ki, Elçin Mirzəbəylinin dedikləri doğrudur: “Hazırda heç bir yazıçı kitabdan aldığı qonorarla dolana bilməz. Əvvəla, sovet dövründəki qonorar sistemi yoxdur. İkincisi isə kitablar çox aşağı tirajla çap olunur. Mənim ”Ömür kitabı"mı çap etdirəndə onun ümumi tirajı 250 minə qədər qalxmışdı, həm rus, həm də Azərbaycan dilində. O vaxt “Ömür kitabı”mdan aldığım qonorar hesabına 6 dənə “Jiquli” ala bilərdim. İlk dəfə o kitabın qonorarından sonra kasıblığın daşını atdım və nisbətən normal yaşamağa başladım. Amma ondan əvvəl də yazdığım kitabların hamısından qonorar almışdım. Bu, artıq bir sistem idi".

S.Rüstəmxanlı xatırlayır ki, Yazıçılar İttifaqının 1981-ci ildə keçirilən qurultayında Azərbaycanda qonorar fondunun azlığından danışmışdı: “Qurultayda rəhmətlik Heydər Əliyev soruşdu ki, ”çap vərəqəsinə nə qədərdir?" Dedim ki, digər respublikalarla müqayisədə bizdə azdır. O vaxt Nazirlər Sovetinin sədri Həsən Seyidova tapşırıq verdi və bir günün içində qonorar fondu bir milyon manat artırıldı. Yəni yazıçıların dolanışığına bu cür diqqət göstərilirdi".

S.Rüstəmxanlı qeyd edib ki, hazırda belə bir fond yoxdur: “Hər nəşriyyat istəsə, imkanı varsa, yazıçıya qonorar verir, imkanı yoxdursa, vermir. Bunun da səbəbləri çoxdur. Birincisi, kitablar 500-1000 tirajla çap olunur. Kitab nə qədər satılmalıdır ki, ondan gələn gəlirlə qonorar ödənilsin? Əvvəllər isə başqa bir sistem var idi. ”VİB kollektor" deyilən, yəni Mədəniyyət Nazirliyinin fond sistemi fəaliyyət göstərirdi. Bütün kitabxanalardan sifarişlər götürülürdü və dövlət hesabına rayonlara, kəndlərə kitab göndərilirdi. Nəşriyyatların tematik planlarında olan bütün kitablar sifariş olunurdu. Məsələn, 5 min kitabxana var idisə, qabaqcadan bilirdin ki, sənin kitabının tirajı ən azı 5 mindir. 5 min tiraj satılandan sonra əlavə qonorar vermək imkanı yaranırdı. İndi isə bu sistem yoxdur.

Kəndlərə, rayonlara çox az kitab gedir. Mədəniyyət Nazirliyi ildə cəmi bir neçə kitab göndərir, o da əsasən rəsmi nəşrlərdir. Bədii ədəbiyyat isə çox az çatır. Halbuki bədii ədəbiyyat oxuyanların böyük əksəriyyəti məhz kəndlərdə, rayonlarda yaşayır. Bakıda isə şagirdlərin yarısı rusdilli məktəblərə gedir, nəticədə Azərbaycan kitabı çox acınacaqlı vəziyyətdədir. Ona görə ən azı uşaq nəşrlərinə, daha sonra yazıçı nəşriyyatlarına diqqət ayrılmalıdır. O vaxtlar Yazıçı Nəşriyyatı vardı, çap olunan kitabların hamısına qonorar verilirdi, amma indi o da ləğv olunub.

Bu, Azərbaycan ədəbiyyatının zəifliyi deyil. Sadəcə, ölkədə 10 milyondan artıq əhali var, amma kitab almaq imkanı məhduddur. Yalnız o ölkələrdə yazıçılar kitablardan böyük gəlir əldə edirlər ki, orada tiraj böyükdür və kitab almaq mədəniyyəti formalaşıb. Məsələn, Almaniya, Amerika, Rusiya kimi ölkələrdə yazıçının bir uğurlu kitabı çap olunanda, aldığı qonorar hesabına digər kitablarını da sərbəst şəkildə nəşr etdirə bilir. Bizdə isə kitablarımızı öz hesabımıza nəşr etdirmək məcburiyyətindəyik".

Xalq şairi qeyd edib ki, dövlət bu barədə müəyyən işlər həyata keçirməlidir: “Yəni kitabın gətirdiyi gəliri nəzərə almadan, onun böyük milli və dövlətçilik əhəmiyyətini dəyərləndirərək nəşrinə qayğı göstərməlidir. Kitablara əlavə subsidiya ayrılmalıdır. Nəşr olunan kitabların ən yaxşıları rayon və kənd kitabxanalarına göndərilməlidir. Ümumiyyətlə, rayonlarda kitab satan mağazalar yoxdur, yalnız dərsliklər gedir. Ancaq təkcə dərsliklə yaşamaq olmaz. Bədii ədəbiyyat mütləq kəndlərə, rayonlara getməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Chosen
24
musavat.com

1Sources