EN

Bakıda bu binalar sökülür: Vətəndaşlara nə qədər pul ödənilməlidir?

Söküntü işləri zamanı köhnə mənzil sahibləri və tikinti şirkətləri əksər hallarda razılığa gələ bilmirlər. Ekspertlərin rəyləri bu məsələdə heç də birmənalı deyil. Bir qisim vətəndaşı, digər qisim isə tikinti şirkətlərini haqlı sayır.

Son illərdə Bakıda köhnə yaşayış binalarının sökülməsi prosesi geniş vüsət alıb. Bu proses tək şəhərin simasının yenilənməsi baxımından deyil, həm də sosial və hüquqi müstəvidə müxtəlif müzakirələrə səbəb olur. Əsas narazılıq isə söküntü zamanı sakinlərə ödənilən kompensasiyalarla bağlıdır. Mütəmadi olaraq köhnə mənzillərindən çıxarılan sakinlərlə tikinti şirkətləri arasında kompensasiya məbləği ilə bağlı ciddi fikir ayrılıqları yaranır. Bəs bu sahədə narazılıqları minimuma endirmək, prosesə şəffaflıq və ədalət gətirmək üçün hansı sistemli addımlar atıla bilər?

Vətəndaş narazı qalarsa...

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, bu sahədə qiymətləndiricilər olmalıdır: “Qiymətləndirmə haqqında müvafiq qanunvericilik var. Dövlət sifarişi olan yerlərdə bu proses həyata keçirilir. Müstəqil qiymətləndiricilər cəlb edilir, ərazi qiymətləndirilir, kompensasiya məbləği təyin olunur. Özəl şirkətlər əsasən vəsaitə qənaət edirlər. Yaxşı olardı ki, hər bir əmlakın satın alınmasında qiymətləndirmə həyata keçirilsin. Vətəndaş narazı qalarsa, digər şirkətlərə müraciət etsin. Həm vətəndaşlar, həm də tikinti şirkəti bunda maraqlı olmalıdır”.

E.Azadov bildirdi ki, əvvəl bu məsələdə hər rayonun rəhbərliyi sərəncamı özü verirdi. İcra Hakimiyyəti vətəndaşla şirkət arasında tənzimləyici idi. Bu, sonradan ləğv edildi. Artıq tənzimləyici mexanizm mövcud deyil: “Qanun deyir ki, vətəndaşı razı salmalısan. Razılaşma olmadıqda, məhkəməyə müraciət edilir. Bəzən olur ki, vətəndaş ödənilən məbləğə eyni ərazidən əmlak ala bilmir. Problemlər buradan qaynaqlanır. Çox az hallarda vətəndaşlar sui-istifadə hallarına yol verirlər. Bu zaman məhkəmə tikinti şirkətinin xeyrinə qərar qəbul edir. Amma tikinti şirkətləri qanunu daha çox pozurlar. Kim köçmək istəmir, onları narahat etməyə başlayırlar. Bu hallar daha çox fərdi yaşayış evlərinin söküntüsü zamanı baş verir. Qanunsuz tikili olanda vətəndaşlar daha çox təzyiq altında qalırlar”.

Ekspert bildirir ki, vətəndaşlara evləri sökülməzdən ən azı altı ay öncə yazılı bildiriş gəlməlidir. Bütün danışıqlar yazılı şəkildə aparılmalıdır: “Yaxşı olar ki, prosesə hüquqşünas cəlb etsinlər. Şirkətlə heç bir şifahi danışıq aparmasınlar”.

“Qiymətləndiricilərin iştirakı rəsmiləşdirilməlidir”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da deyir ki, prosedurlara görə dövlət sifarişi olduqda, tender elan edilir, qalib gələn qiymətləndirmə şirkəti bir kvadratmetrin bazar dəyərini müəyyən edir: “Vətəndaşın əmlakının sahəsinə uyğun kompensasiya ödənilir. Əgər tikinti ilə məşğul olan sahibkar insaflıdırsa, heç bir problem baş vermir. Əks halda vətəndaş problemlə üzləşir. Tələb qoyulmalıdır ki, sövdələşmə sahibkarla vətəndaş arasında olduqda belə, kompensasiya məbləği qiymətləndirici şirkət tərəfindən təyin edilməlidir”.

Chosen
14
2
publika.az

3Sources