BAKI, 13 sentyabr. TELEQRAF
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin rəhbəri Zahid Oruc Əbu-Dabi görüşünün nəticələri ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, Azərbaycanın bu günlərdə əsas gündəmi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində yüksək səviyyədə iştirakı ilə bağlı idi. Sizcə, bu kimi qlobal platformalarda iştirak ölkəmiz üçün hansı imkanlar yaradır?
- Şanxay Əməkdaşlıq Təşkilatı bir platforma olaraq XXI əsrin hadisəsidir. Soyuq müharibədən sonrakı dövr yəni, SSRİ-nin dağılması ilə əsas qütbün təşkilində Çinin və digər Asiya qitəsi ölkələrinin önəmli rolu və təşəbbüsləri var idi. Çoxqütblü dünya modeli daha arzuolunandır. Çünki müəyyən qədər qüvvələr balansı mövcuddur.
Digər tərəfdən prosesə Azərbaycanın prizmasından baxdıqda dominat olaraq bir mərkəzli qüvvələrin hökmranlığı altında olan dünya faktiki olaraq bizi öz torpaq bütünlüyümüzə gətirib çatdırmayıb. Yəni, ATƏT-in Minsk Qrupu əslində öz-özlüyündə həmin qütblər arasındakı savaşın birinin qələbəsinin nəticəsində gerçəkləşmişdi. Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin qurmağa çalışdığı yeni təhlükəsizlik arxitekturası Çinlə münasibətləri daha ön sıraya qoymağı zəruri edir. Faktiki olaraq bir il öncə Qazaxıstanda ölkə rəhbəri tərəfindən imzalanan strateji sənədlər bu perspektivə yol açır, onu gücləndirir. 30 il öncə qurulan bəzi formasiyalar hüquqi cəhətdən də öz varlığına son qoyur. Belə olan halda o yeri Çin kimi və onun da yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatında iştirak, Türk Dövlətləri Təşkilatına inteqrasiyanı gücləndirmək xətti, Qoşulmama Hərəkatı və digər əsas siyasət imkan verir ki, Azərbaycan bölgədə sülhyaradıcı missiyanı daşısın, əsas ağırlıq mərkəzi olsun.
- Azərbaycanın qlobal güclər arasında özünə layiqli yer tutması hansı amillərlə bağlıdır?
- Bu gün rəsmi Bakı konvensial güclər arasında tarazlıq yaratmağa çalışır. Məhz ona görə də uğurlu şəkildə bölgədə sabitliyi, təhlükəsizliyi qoruya bilir. ŞƏT bu gün dünya əhalisinin 42 faizini, Avrasiyanın 65 faizini özündə birləşdirən təşkilatdır. Azərbaycan üçün Asiya qitəsi, qlobal Cənub məkanı çox böyük önəm daşıyır. Bu gün Avropa Birliyinə neftdən kənar iqtisadi məhsulları çıxartmaq çox çətindir. Amma bunun əksinə Asiya qitəsi, Əfqanıstandan ərəb dünyasına, Çinə qədər 10 milyardlarla dollar həcmində məhsul ixracı imkanlarımız var. Bu Azərbaycanın bütün sferalarda inkişafına çox güclü təkan verər.
- Bunun fonunda Qərblə əlaqələrdə hansı tendensiyalar müşahidə edilə bilər?
- Azərbaycan Avropa ilə münasibətləri güclü dərəcədə qoruyub saxlayır. Qərblə əlaqələr hər zaman yaxşı olmalıdır. Qonşu dövlətlərlə münasibətlərimizin durumundan asılı olmayaraq onlar eyni resursları bizimlə bölüşür. Rusiya və İranın neft-qaz sərvətləri yetərincə çox olduğu üçün məhz onlarla iqtisadi məhsullarla mübadilə etmək mümkün olur. Bu kontekstdə Avropa ilə iqtisadi tərəfdaş olaraq qalmalıyıq. Əgər 90-cı illərdə Qərbi Fransa, Atlantik okeanı məkanını ABŞ, bu bölgəni isə Rusiya ələ almaq üçün üçlü model meydana gətirmişdilərsə, o triadanı Prezident İlham Əliyevin iradəsi tam olaraq ortadan qaldırır.
Digər tərəfdən Çin bölgədə aktiv oyunçuya çevrilir. Söhbət təkcə “bir kəmər bir yol” layihəsinə yüz milyardlarla dollar xərcləyərək Çinin qlobal çapda dünyanın belinə dolamağa çalışdığı kəmərdən getmir. Qədim İpək Yolu həmişə aktuallıq kəsb edib. Çünki ticarət xətləri, yolları nə qədər işləyəcəksə, dövlətlər, xalqlar ondan faydalanacaq. Prezident İlham Əliyevin də söylədiyi “Cənubi Qafqaz məhz işğal reallığına görə inkişafdan geri qalıbdır” bəyanatı yerinə düşür.