EN

Azərbaycan boksunun Liverpuldakı fiaskosu

İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı davam etsə də, artıq Azərbaycan idmançıları üçün yarış başa çatıb.

Yarımfinala vəsiqə qazanmış millimizin hər iki üzvü uduzaraq, bürünc medalla kifayətləniblər. Paris Olimpiya oyunlarının gümüş mükafatçısı Alfonso Dominges (90 kq) finala gedən yolda braziliyalı İsayas Santos Ribeyro Filyoya uduzub – 2:3. Qeyd edək ki, braziliyalı boksçunun indiyədək beynəlxalq arenada ciddi nailiyyəti olmayıb.

Baş məşqçi Rovşan Xodjatovun Özbəkistandan dəvət etdiyi həmyerlisi Seyidcəmşid Cəfərov da (75 kq) finala vəsiqə qazana bilməyib.  Maraqlıdır ki, milliləşdirilmiş idmançı yarımfinalda məhz həmyerlisi – Özbəkistan komandasının üzvü Fazliddin Erkinboyevə 1:4 hesabı ilə məğlub olub.

Beləliklə, Azərbaycan millisi Liverpulda təşkil olunan dünya çempionatını iki bürünc medalla başa vurub. Və ən əsası hər iki medalı milliləşdirilmiş idmançılar – kubalı Alfonso Dominges və özbəkistanlı Seyidcəmşid Cəfərov əldə ediblər.

Sonuncu dəfə Azərbaycan boks məktəbinin yetirməsi olan idmançı 10 il öncə, 2015-ci ildə dünya çempionatının qızıl medalına layiq görülüb. Həmin vaxt Qətərdə keçirilən mundialda Elvin Məmişzadə (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Son dünya çempionatı ilə müqayisə aparsaq, indi nəticələrin yaxşılaşdığını deyə bilmərik. Düzdür, 2023-cü ildə Daşkənddə keçirilən yarışda da komandamız 2 medal əldə etmişdi. Amma həmin vaxt Alfonso Dominges gümüş, Məhəmməd Abdullayev isə bürünc medala sahib olmuşdu. Qeyd edək ki, Özbəkistandakı dünya çempionatında çox güclü Rusiya komandası da iştirak edirdi. Lakin Liverpulda rusiyalı idmançıların çıxışına icazə verilmədi.

Bir sözlə, boks idman növündə son nəticələr heç də ürəkaçan deyil. Ən pisi isə odur ki, biz hələ də milliləşdirilmiş legionerlərin medalları ilə təsəlli tapmalı oluruq.

Chosen
56
msport.az

1Sources