EN

Suriyada döyüşlər gedir - Türkiyə müdaxilə edə bilər

Suriyada son günlər silahlı toqquşmaların sayı kəskin artıb.

Əsasən PKK terror təşkilatı ilə əlaqəli olan və ölkənin təxminən üçdə birinə nəzarət edən “Suriya Demokratik Qüvvələri” (SDQ), ABŞ-ın dəstəklədiyi Xalq Özünümüdafiə Dəstələri (YPG) və Dəməşqə sadiq silahlı dəstələr arasında döyüşlər yenidən alovlanıb.

Modern.az-ın məlumatına görə, Hələbin şərqində tərəflər bir-birinə artilleriya və raket qurğuları ilə zərbələr endirir.

Sentyabrın əvvəlindən Təl-Maaz, Əl-Muğla və digər yaşayış məntəqələrində ağır döyüşlər qeydə alınıb. Suriya Müdafiə Nazirliyi iki mülki şəxsin həlak olduğunu, bir neçə evin dağıldığını açıqlayıb. Ordunun cavab atəşi ilə SDQ mövqeləri hədəfə alınıb.

Deyr əz-Zor vilayətində isə vəziyyət daha da gərginləşib. Bölgənin ən böyük ərəb tayfalarından olan əl-Şeytat nümayəndələrindən birinin SDQ tərəfindən edam edilməsindən sonra tayfa ümumi səfərbərlik elan edib və bütün ərəbləri “cihada və mübarizəyə” çağırıb. Tayfanın sayının 90 minə qədər olması qarşıdurmanın genişlənməsi riskini artırır.

Xatırladaq ki, mart ayında Dəməşqlə SDQ rəhbərliyi arasında imzalanmış protokol kurd silahlı dəstələrinin Suriya ordusuna inteqrasiyasını nəzərdə tuturdu. Lakin SDQ-nin 80–100 minlik qüvvəyə muxtariyyət tələbi Dəməşq tərəfindən rədd ediləndən sonra razılaşma iflasa uğradı və avqustdan etibarən tərəflər yenidən silaha sarıldılar.

Ankara YPG-nin tam silahsızlaşdırılmasını tələb edir. PKK-nın özünü buraxması və silahların təhvil verilməsi prosesi davam etsə də, SDQ rəhbərliyi bu prosesin onlara aid olmadığını bildirir. Türkiyə tərəfi isə ehtiyac yaranarsa yeni hərbi əməliyyatın mümkünlüyünü istisna etmir.

Chosen
22
3
modern.az

4Sources