EN

Ruslar bir də gəlsə...

Baba nəvəsini “İbrahim” yox, “İbrahim” çağırır və mən buna baxıb tamam dilxor oluram.

Dindar adam ateist-dinsiz-Allahsız sovet quruluşunun xiffətini çəkir və mən bunu da eşidir və kor-peşman oluram.

Yaradıcı insan, hətta yazıçı-şair sovetlər üçün nostalji keçirir və bunu da oxuyub tamam məyus oluram.

Vaxtilə yaxın xaricə, hətta sosialist ölkələrinə elmi konfransa getmək üçün min bir instansiyadan keçməli olan alim də SSRİ üçün darıxır və mən buna da tamam məəttəl qalıram...

Bilirəm, dərhal deyəcəksiniz ki, əşşi, sənə nə olubdur, elə hər şeyə görə dilxor olursan?

Birincisi, ona görə dilxoram ki, anlaya bilmirəm bütün bunları! Qeyri-ixtiyari ağlıma gəlir ki, söhbət standart, anlaşıqlı insan tipindən yox, vaxtilə iki dissidentin adlandırdığı ölkə və insan tipindən gedir. Həmin iki dissidentin hər ikisi böyük insan idi: biri yazıçı Vatslav Havel, digəri isə filosof Aleksandr Zinovyev idi! Biri bütün sovet - sosialist dünyasını “Absurdstan”, o birisisə sovet adamını “homosoveticus” adlandırmışdı...

Bəli, bütün bunları xatırlayanda adam xeyli sakitləşir, proseslərə nəinki daha səbirlə, hətta daha müdrikcəsinə yanaşır.

Amma yenə də fikirləşirsən ki, hər şeyin adətən bir sonu olur, görən, bütün bunların da sonu olacaqmı?

Çox təəssüf, burada da təsəlliverici bir şey görünmür, sovet nəslinin əvəzinə “telefon nəsli” gəlir və mənə elə gəlir ki, bu, daha dəhşətlidir, çünki sovet adamının heç olmasa, “ideya”sı vardı, “telefon nəsli”nin ürəyindəsə tamamilə boşluq hökm sürür, onlar hər şeyə biganə, tamam etinasızdırlar.

Hərçənd, bütün dövrlərdə belə həyəcan, təlaş yaradan proseslər çox olubdur. İndi gözü telefondan başqa heç nə görməyən, metroda, avtobusda qarşısında gah bir ayağının, gah da o birisinin üstündə dayanan ahıl kişini və qadını “görməyən” gəncləri düşünəndə yadıma səksəninci illərdə Rubik kubunu almaq üçün az qala, beş yüz metrlik növbəyə düzülmüş və yaxud əlində həmin kubu fırladan və heç kimi, heç nəyi görməyən sovet gəncləri düşür və fikirləşirsən ki, bəlkə bu da nə vaxtsa bitəcək, ya da başqa bir şeylə əvəz oluncaqdır?..

Həm də adamın ağlına hərdən belə fikir gəlir ki, sanki kimsə bunda maraqlıdır. İstəyirlər insanlar, xüsusən də cavanlar dərin şeylər haqqında düşünməsinlər: bəli, əyləncə, əyləncə və yenə də əyləncə! Lap imperator Neron demişkən: Roma əhli əyləncə istəyir...

Yaxının söhbətidir. Qiyabi tanıdığım, amma yazılarını bəyəndyim jurnalistdən oxudum ki, avtobusda, metroda ayağa durub yaşlılara yer verən pionerlərdən imtina edib əvəzində nə qazandıq? Əlində bahalı ayfon, ürəyindəsə tamamilə boşluq olan uşaqları - yeniyetmələrimi?..

Heç vaxt nostalji həvəskarı olmamışam, bir az əvvəldə də bunu qeyd etdim; həmişə geriyə baxmaqdansa irəliyə getməyin tərəfdarı olmuşam.

Gəl, o dövrdə həqiqətən “Timur və komandası”, Vasyok Trubaçov və dostları” kimi kitablar, “Kortik”, “Bürünc quş” və “Uşaqlığın son yayı” kimi filmlər vardı. Düzdür, indi bütün bunların nə qədər həqiqət olduğunu demək çətindir, ən azı ona görə ki, ilk “pioner epopeyası”nın müəllifi Anatoliy Rıbakov sonradan SSRİ-nin ən dissident yazıçısı oldu və məşhur “Arbat uşaqları”nı yazdı.

İndi problem ondadır ki, köhnəni inkar etmişik, amma yenini hələ tamam yaratmamışıq, əksinə azacıq maneə, çətinlik görən kimi dərhal geriyə baxır, hətta keçmişin xiffətini çəkirik: həm də ona görə ki, onda əvəzimizə başqaları düşünürdülər və qərar qəbul edirdilər, bizəsə yalnız icra etmək qalırdı.

Hazırda vəziyyət bir az fərqlidir. Bəzən elə bilirlər guya ki, biz kor-koranə şəkildə kapitalizmi tərifləyirik. Belə deyil. Sovetin daha çox siyasi repressiyaları əzirdi adamı, kapitalizmdəsə bazar sıxırdı, xüsusən də elm-sənət adamlarını, yəni ziyalıları. 

Həm də bilirsiniz, daha nədən “qorxuram”? Yox, geosiyasi təhdidləri, təhlükələri qətiyyən şişirtmək fikrində deyiləm. Gəl, bizim çox məşhur məsəlimiz var: şər deməsən, xeyir gəlməz.

Qərəz, nə fikirləşirəm? Ötən əsrin əvvəlində bolşeviklər Azərbaycana əllərində siyahıyla gəlmişdilər və həmin siyahıda ön cərgələrdə heç bilirsinizmi, kimin adı vardı? Müəllim, ədəbiyyatşünas və sadəcə, ziyalı Firudin bəy Köçərlinin! İnanırsınız, hələ də anlaya bilmirəm; axı Firudin bəy bunlar üçün nə problem yaradırdı? O boyda kişini sovetin lap ilk günlərində məhkəməsiz-filansız güllələdilər! Odur ki, soruşuram: Allah eləməsin, ruslar yenə də gəlsə, əllərində təzə bir siyahı olmayacaq ki?..

Chosen
60
50
musavat.com

10Sources