EN

"Putin bilirdi ki, NATO Rusiyanın Polşaya dron hücumuna cavab verməyəcək"- "The Telegraph"

"Dron hücumunun məqsədi Ukraynanı zəiflətmək, NATO-nu çaşdırmaq olub..."

Britaniya ordusunun sabiq polkovniki Riçard Kemp bəyan edib ki, Rusiyanın Polşaya göndərdiyi dronların məqsədi sadəcə NATO-nun reaksiyasını "yoxlamaq" deyildi.

Vladimir Putin yaxşı bilir ki, Alyans belə hücumlara hərbi qarşılıq verməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə o, The Telegraph" nəşribə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, "maksimum 19 dron Polşa hava məkanına daxil olub, bu, NATO-nun ciddi reaksiya göstərməsi üçün yetərli deyil". Kemp hesab edir ki, əsas niyyət Avropa ölkələrini öz hava hücumundan müdafiə sistemlərini Ukraynadan çəkib Polşada yerləşdirməyə məcbur etmək idi. Bu isə Kiyevi həyati resurslardan məhrum edə bilər. Polşa hökuməti isə insidenti "İkinci Dünya müharibəsindən bəri ən təhlükəli təxribat" adlandırıb. Baş nazir Donald Tusk Rusiyanın NATO-nu toqquşmaya sürükləməyə çalışdığını bildirib.

Təbliğar tələsinə düşməyin

Polşanın xarici işlər naziri Radoslav Sikorski isə Kiyevdə ukraynalı həmkarı ilə birgə çıxışında vurğulayıb ki, dronların Polşaya yönəlməsi təsadüfi ola bilməzdi. Onun sözlərinə görə, yeddi saat davam edən hava döyüşü bunun planlı əməliyyat olduğunu sübut edir: "Kim ki, bunu Ukraynanın təxribatı adlandırır, əslində Rusiya təbliğatına xidmət edir". Sikorski ehtimal edilən hədəfin - Jeşuvdakı logistik mərkəzin vurulub-vurulmaması barədə dəqiq danışmaqdan imtina edib, lakin hücumun Rusiya və Belarus ərazilərindən həyata keçirildiyini təsdiqləyib.

"Şərq gözətçisi" əməliyyatı

10 sentyabr gecəsi baş verən hücumdan sonra NATO fövqəladə addımlar atıb. Alyansın baş katibi Mark Rütte "Şərq gözətçisi" adlı yeni əməliyyatın başladıldığını elan edib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı artıq ilk görüntüləri yayıb: Fransanın A400 hərbi nəqliyyat təyyarəsi Polşaya silah və avadanlıq çatdırıb, "Rafale" qırıcıları yerləşdirilib.

Digər üzv ölkələr də iştirak edir: Danimarka F-16 qırıcıları və hava hücumundan müdafiə vasitələri göndərəcək, Fransa əlavə üç "Rafale" ayıracaq, Almaniya dörd "Eurofighter Typhoon", Böyük Britaniya isə dəstək qüvvələri vəd edib. ABŞ-ın BMT-dəki nümayəndəsi Doroti Şi isə bəyan edib: "Biz Polşa ilə məsləhətləşmələr aparırıq və bilin ki, NATO ərazisinin hər qarışını qoruyacağıq".

Rusiyanın dron hücumu NATO tarixində ən böyük hava məkanının pozulması kimi qiymətləndirilib. Hadisə bir tərəfdən Moskvanın informasiya və psixoloji müharibə strategiyasının davamı, digər tərəfdən isə Alyans üçün real imtahan olub. Avropa artıq anlayır ki, Ukraynanın müdafiəsi ilə öz təhlükəsizliyi ayrılmaz şəkildə bağlıdır və indi bu bağlılıq hər zaman olduğundan daha açıq görünür.

Chosen
71
50
moderator.az

10Sources