EN

MİQ: Gənc müəllimlərin daha uğurlu olmasına səbəb NƏDİR?

Bu il 4500-ə yaxın müəllim işə qəbul edilib. Onların orta yaşı 28-dir. Müəllimlərin əksəriyyəti gənclərdir.

Müəllimlərin işə qəbulu imtahanında uğurlu olanlar daha çox niyə gənc müəllimlərdir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov un sözlərinə görə,  son illərdə bu prosesdə gənclərin üstünlüyü nəzərə çarpacaq dərəcədə artıb və bu da təhsil sistemində yeni keyfiyyət mərhələsinə keçidin göstəricisidir:

167656"Təhlil göstərir ki, MÜTDA-nın məlumatına əsasən bu il 4500-ə yaxın müəllim işə qəbul olunub və onların orta yaşı 28-dir. Bu rəqəm bir daha sübut edir ki, müəllimlik peşəsi gənclər arasında getdikcə daha çox seçilən sahəyə çevrilir. “Ümumi təhsil haqqında” Qanunun 30.1-ci maddəsində qeyd olunur ki, müəllim hazırlığı dövlətin strateji vəzifəsidir və bu kadrların keyfiyyətli olması təhsil sisteminin dayanıqlılığını təmin edir. Bu gün orta yaşın 28 olması həm təhsil siyasətinin gəncləşməsi, həm də məktəblərin perspektivdə uzunmüddətli kadr təminatının güclənməsi baxımından əhəmiyyətlidir.

Statistikaya nəzər saldıqda, son beş ildə MİQ imtahanında uğur qazananların yaş dinamikası ciddi şəkildə dəyişib. 2018-ci ildə işə qəbul olunan müəllimlərin orta yaşı 32 idi, 2020-ci ildə bu göstərici 30-a düşdü, 2024-cü ildə isə artıq 28-ə enib. Bu, bir tərəfdən pedaqoji ixtisaslara qəbul balının yüksəlməsi, digər tərəfdən isə gənclərin müəllimlik peşəsinə marağının artması ilə bağlıdır. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2024-cü ildə pedaqoji ixtisaslara qəbul olan tələbələrin orta balı 2015-ci illə müqayisədə 18 faiz artıb. Bu da göstərir ki, universitetlərə gələn gənc müəllim namizədləri daha yüksək baza biliklərinə sahibdirlər".

Ekspert vurğulayıb ki, müəllimlərin gəncləşməsinin əsas səbəblərindən biri də dövlətin müəllimlik peşəsini stimullaşdırmasıdır:

"2022-ci ildən etibarən sertifikasiya nəticələrinə görə maaş artımları, əlavə güzəştlər və sosial təminat tədbirləri gəncləri bu sahəyə daha çox cəlb edib. Maliyyə göstəricilərinə görə, dövlət büdcəsindən 2023-cü ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqına 2,1 milyard manat ayrılıb, bu da əvvəlki illə müqayisədə 12 faiz çoxdur. Gənclərin təhsilə marağının artması birbaşa bu maliyyə siyasəti ilə də bağlıdır.

Müsbət tərəfi ondan ibarətdir ki, gənc müəllimlər müasir kurikulum, yeni dərsliklər və rəqəmsal təhsil texnologiyaları ilə universitet illərindən tanışdırlar. Bu isə onların MİQ imtahanlarında uğur qazanmasını asanlaşdırır. Eyni zamanda, onların rəqəmsal savadlılığı yüksəkdir və bu, tədrisdə yeni metodların tətbiqinə imkan verir. Dünya təcrübəsi göstərir ki, gənc müəllimlərin sayının artması təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Məsələn, Estoniyada son on ildə müəllimlərin orta yaşı 30-a yaxınlaşdığı üçün PISA nəticələrində ciddi yüksəliş əldə olunub. Azərbaycanda da oxşar tendensiya müşahidə olunur.

Mənfi tərəflər isə müəllimlikdə təcrübə məsələsilə bağlıdır. Yaşı az olan müəllimlərin bilikləri güclü olsa da, sinifdə təcrübələri yetərli olmaya bilər. Bu səbəbdən onların davamlı metodiki dəstəyə ehtiyacı var. “Təhsil haqqında” Qanunun 18.3-cü maddəsində müəllimlərin ixtisasartırma kurslarının mütəmadi keçirilməsi tələbi təsbit olunub. Əgər bu mexanizm gücləndirilərsə, gənc kadrların təcrübə çatışmazlığı qısa müddətdə aradan qaldırıla bilər.

Müqayisə baxımından qonşu ölkələrdə vəziyyət fərqlidir. Gürcüstanda müəllimlərin orta yaşı 42, Ermənistanda isə 44-dür. Bu gənclərin pedaqoji peşəyə marağının aşağı olması ilə bağlıdır. Azərbaycan isə 28 yaş ortalaması ilə regionda lider mövqedədir. Bu həm dövlətin doğru siyasətinin, həm də gənclərin bu peşəyə inamının nəticəsidir.

Nəticə etibarilə MİQ imtahanında gənc müəllimlərin üstünlük qazanması onların daha yaxşı baza biliklərinə malik olmaları, kurikulum və rəqəmsal mühitə uyğunlaşmaları, dövlətin maliyyə dəstəyi və sosial təminat tədbirləri ilə izah olunur. Bu siyasət müsbət və faydalıdır, çünki gələcəkdə müəllim kadrlarının gəncləşməsi təhsilin keyfiyyətinə, şagird nəticələrinə və ümumilikdə ölkənin insan kapitalının inkişafına müsbət təsir göstərəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar tərifəlayiqdir, çünki həm real irəliləyiş əldə olunub, həm də uzunmüddətli perspektivdə dayanıqlı inkişaf üçün zəmin yaradılıb".

Chosen
8
azedu.az

1Sources