I Liqanın yeni mövsümünün ilk turunda səfərdə "Səbail"ə 0:2 hesabı ilə uduzan "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov oyundan sonra Rekord.az-a müsahibə verib:


- Yeni mövsümə məğlubiyyətlə başladınız. Məğlubiyyətə səbəb nəyi görürsünüz?

- Komandamız pis oynamadı. Oyun olaraq rəqibə uduzmadıq və heç bir komponentdə geri qalmadıq. Qapımıza iki zərbə oldu, ikisi də qolla nəticələndi.

- Mövsüm öncəsi keçirdiyiniz yoxlama görüşlərində məğlub olmamışdınız. Hətta "Karvan"a qalib gəlmişdiniz. Ola bilər ki, həmin oyunlardakı nəticələr futbolçularınızda arxayınçılıq yaratmışdı?

- Bəli, yoldaşlıq görüşlərindən fərqli olaraq, sanki bu gün futbolçular bir az özlərini itirdilər. Baxmayaraq ki, onları xəbərdar etmişdim. İkinci topları çox gec götürürdülər. Bu mənada "Səbail"i təbrik edirəm, ikinci topların götürülməsində bizdən daha istəkli idilər.  Və ələ düşən imkanları da daha yaxşı istifadə etdilər. Baxmayaraq ki, bizim də iki yaxşı imkanımız oldu, lakin həm Kalunqa, həm Rəhim, həm də Conatan imkanlarını qola çevirə bilmədi. Amma mövsüm hələ yeni başlayıb, oyunlar irəlidədir.

- Bu gün rəqibin heyətində Premyer Liqa təcrübəsi olan təcrübəli futbolçular var idi. Hansı ki, oyunun nəticəsinə də birbaşa təsir etdilər. Demək olar ki, "Mingəçevir"də bu baxımdan axsama var. Yəni sizdə təcrübəli, Premyer Liqa görmüş futbolçuların sayı daha azdır.

- Sıfırdan yığılan komandayıq. Müdafiə, yarımmüdafiə və hücum arasında lazımı qədər təcrübə toplamamışıq. 3-4 Premyer Liqa görmüş futbolçularımız var, onlar da daha çox ehtiyatda qalan futbolçulardı. 6 futbolçunu da son anda heyətimizə qatdıq. Təlim-məşq toplanışına da gec başladıq. Bilirik ki, toplanışa gec başlayan komanda futbolçuları yığmaqda da çətinlik çəkir. Lazım olan transferləri hələ edə bilməmişik. Bəli, legionerlər götürmüşük, deyim ki, hamısı da I Liqanın səviyyəsinə uyğun futbolçulardı, hamısından da razıyıq. Amma yerli futbolçu baxımından bəli, tam toparlaya bilmədik. "Səbail" bu baxımdan heyətinin demək olar 70 faizini qorudu. Buna baxmayaraq, inanıram ki, bir neçə tura bizim futbolçular da tam olaraq komandaya uyğunlaşacaq. mövqelər arası bağları bərpa edəcəyik. 

- Qarşıya qoyulan hədəf nədir, konkret Premyer Liqa, yoxsa...?

- İlk gündən demişəm, hədəfimiz ancaq yüksək yerlərə oynamaqdı.

- Maddi baxımdan hər şey qaydasındadır?

- Heç bir problem yoxdur, hər şey qaydasındadır və yolumuza davam edirik.


Anar XANLAROV