EN

Pakistanlı alim Nizami Gəncəvinin məqbərəsini ziyarət edib

“Nizami Gəncəvinin ideyaları tarixin bütün dövrlərində müasir olub, bəşəriyyətə sevgi, doğru yol aşılayıb. Nizami Gəncəvini ayrı-ayrı xalqlar öz tərəflərinə çəkməyə çalışsalar da, Azərbaycan - Gəncə Nizami Gəncəvinin yurdudur. O, gəncəlidir. Həkim Nizaminin Gəncəsində, məqbərəsində onun böyük elm, əxlaq alimi olduğunu, ruhunu, ruhaniyyətini duymamaq qeyri-mümkündür. Onun yaradıcılığı bütövlükdə sirlər xəzinəsidir. Nizami Gəncəvini Gəncədə ziyarət etmək mənim 40 ildən çox arzuladığım ən böyük niyyətlərdən biri idi. Nizaminin Vətənində özümü çox xoşbəxt hiss edirəm”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,bu sözləri Gəncəyə səfər edən qardaş Pakistanın Ravalpindi vilayətinin E.Qordon adına Dövlət Kollecinin Fars dili və ədəbiyyatı kafedrasının sabiq müdiri, Lahor Universitetinin professoru, şərqşünas-alim, fars ədəbiyyatı doktoru Arif Nouşahi (A.Naushahi) söyləyib.

Gəncəyə səfər edən qonağı AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov və bölmənin Nizami Gəncəvi Mərkəzinin əməkdaşları qarşılayıblar.

Nizamişünas Əlimuxtar Muxtarov qonaqla söhbət zamanı deyib ki, bir sıra hallarda bəzi insanlar fars ədəbiyyatı ilə farsdilli ədəbiyyatı qarışdırırlar. O, bildirib: “Dünyada farsdilli Pakistan, Özbəkistan, ərəb və s. ədəbiyyatları olduğu kimi, eyni qaydada farsdilli Azərbaycan ədəbiyyatı da var. Nizami Gəncəvi də farsdilli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Hətta dünyada ərəbdilli fars ədəbiyyatı da var ki, bu anlayışlar da bir çox həqiqətləri ortaya qoyur. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasında son illər, xüsusilə də “Nizami Gəncəvi İli”ndə Nizami Gəncəvinin həyat və yaradıcılığı, milli mənsubiyyəti, ideya və idealları, sələfləri, xələfləri kimi istiqamətlərdə çoxsaylı kitablar, məqalələr nəşr olunub”.

Qonağa dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin bədii irsi, milli kimliyi barədə ətraflı məlumat verilib, Azərbaycanda Nizami Gəncəvi irsi ilə bağlı dövlət səviyyəsində görülən işlərdən, aparılan tədqiqatlardan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hələ ötən əsrin 80-ci illərində Nizaminin 840 illik yubileyinin keçirilməsinə nail olmasından ətraflı söhbət açılıb.

Əlimuxtar Muxtarov müasir Azərbaycan nizamişünaslığının dünya nizamişünaslığı səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyevin həyata keçirdiyi tarixi fəaliyyətlər kontekstində dahi mütəfəkkirin 870, 880 illik yubileyləri, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında qonağa məlumat verib. Qonağın diqqətinə çatdırılıb ki, ölkə rəhbərinin 2011-ci ildə dahi mütəfəkkirin 870 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın tələblərindən irəli gələrək fəaliyyətə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və bu mərkəz tərəfindən Azərbaycan Prezidentinin himayəsi altında 2013-cü ildən həyata keçirilən Qlobal Bakı Forumları, dünya ölkələrində abidələrinin ucaldılması, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkirin tolerantlıq abidəsi olan yaradıcılığının ölkəmizdə, dünyada təbliği istiqamətindəki fəaliyyəti, Gəncədə Nizami Gəncəvi Muzeyinin inşa edilməsi, “Xəmsə”sinin nəfis şəkildə çap edilməsi, Oksford Universitetində akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması, ölkəmizdə fundamental monoqrafiyaların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi Azərbaycanda Nizami Gəncəvi irsinə dövlət səviyyəsində olan diqqətin təzahürüdür. Eyni zamanda, dahi mütəfəkkirin yurdu Gəncədə Şəhər İcra Hakimiyyətinin dəstəyi, təşəbbüsü ilə hər zaman konfransların, ədəbi-bədii gecələrin, tədbirlərin keçirildiyi də qonağın diqqətinə çatdırılıb.

AMEA Gəncə Bölməsinin rəhbərliyi dahi mütəfəkkirin yaradıcılığı ilə bağlı Gəncədə nəşr edilən monoqrafiya və jurnallardan qonağa hədiyyə olaraq təqdim edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Doktor Arif Nouşahi xalqlarımızın, hər iki dövlətin rəhbərlərinin dostluq, qardaşlıq münasibətlərindən, Pakistan kitabxanalarında böyük Azərbaycan şairi Nizami Gəncəviyə aid olan xeyli sayda əlyazmaların mövcudluğundan söhbət açıb və Pakistanda çap edilən “Məxzənül əsrar” məsnəvisinə yazılan nəzirələr” kitabını və digər tədqiqatlarını bölməyə hədiyyə edib.

Daha sonra qonaq bölmə əməkdaşlarının müşayiəti ilə dahi şairin məqbərəsini, atası Yusifin və anası Rəisənin məzarlarını, Nizami Gəncəvi Muzeyini, Gəncə Bölməsi nəzdindəki Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzini də ziyarət edib.

Səfər çərçivəsində həm də “İmamzadə” dini kompleksi, şəhərin müxtəlif tarixi abidələri ziyarət olunub.

Chosen
23
2
sia.az

3Sources