EN

Rusiyanın Azərbaycana qaz hücumu – düşmənçiliyin bu qədəri

Moskva gah Bakı ilə barışmaq istəyir, gah da enerji tədarükümüzü zəiflədir – təzyiqlərin əsl hədəfi

Sentyabrın əvvəlindən etibarən Ukraynaya qaz idxalı kəskin şəkildə zəifləyib, Rumıniya marşrutu ilə keçən axınlar isə tamamilə dayanıb. “Politika Stranı” nəşri yazır ki, sentyabrın ilk on günü ərzində ölkəyə 236 milyon kubmetr qaz daxil olub ki, bu da avqust səviyyəsinə yaxındır. Musavat.com xəbər verir ki, Rumıniya istiqaməti ilə ötürülən və “Azərbaycan qazı” adlandırılan tədarük tamamilə kəsilib.

Xatırladaq ki, 28 iyulda SOCAR qrupunun Ukraynadakı şirkəti ilə bağlanan müqavilə əsasında Azərbaycan qazı Trans-Balkan kəməri vasitəsilə ilk dəfə Ukraynaya daxil olmuşdu. Bu, Rusiya tranzitinin dayanmasından sonra Kiyevin enerji təhlükəsizliyini şaxələndirmək cəhdi kimi dəyərləndirilmişdi. Avqustda isə tərəflər həcmlərin artırılması barədə danışıqlar apardıqlarını açıqlamışdılar.

Lakin 6 avqustda Rusiya pilotsuz aparatlarla Odessa vilayətində, Rumıniya sərhədi yaxınlığındakı Orlovka qaz infrastrukturunu vurdu. Məhz bu məntəqə Trans-Balkan marşrutunun əsas keçid nöqtəsi idi. Ukrayna rəsmiləri həmin hücumu qışa hazırlıqları sabotaj etmək cəhdi kimi qiymətləndirmişdilər. Ardınca qısa müddətli bərpa olsa da, 1 sentyabrdan etibarən Rumıniya marşrutu üzrə axın yenidən sıfırlandı. Bununla yanaşı, avqustun 8-i və 18-də SOCAR-ın Odessa vilayətindəki yanacaq bazaları 2 dəfə dron hücumuna məruz qaldı. İkinci hücumda anbarlar, nasos stansiyaları və əməliyyat sahələri ciddi zərər gördü. Ukrayna tərəfi bu zərbələri təkcə ölkəyə deyil, eyni zamanda Azərbaycanın maraqlarına qarşı vandal aktı kimi qiymətləndirdi.

Mütəxəssislər bildirirlər ki, tədarüklərin dayanmasına üç əsas səbəb göstərilə bilər: Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr və marşrutun zədələnməsi; Trans-Balkan kəməri ilə idxalın yüksək maya dəyəri və kommersiya baxımından sərfəsizliyi; Ukraynada enerji obyektlərinə davamlı hücumların yaratdığı təhlükəsizlik riski.

Bütün bunların fonunda rəsmi rəqəmlər təsdiqləyir ki, Rumıniya istiqamətində axınlar dayandırılıb. Lakin bu, kanalın tam bağlanması demək deyil. İstintaq və bərpa işləri aparıldıqdan sonra tədarüklərin qismən də olsa bərpası istisna olunmur. SOCAR-la Naftoqaz arasında imzalanmış müqavilənin davamı gündəmdə qalır, lakin həcmlərin gələcəkdə bərpası siyasi-hərbi vəziyyət və kommersiya şərtlərindən asılı olacaq.

Beləliklə, Azərbaycan qazının Ukraynaya tədarükü qısa müddətdə dayandırılsa da, mövcud vəziyyət həm regiondakı hərbi gərginliyin, həm də iqtisadi reallıqların birbaşa nəticəsi kimi qiymətləndirilir.

Rusiya rəsmiləri Azərbaycanla əlaqələrin yaxşılaşmasından danışırlar. Amma enerji sektorumuza hücumlar Ukraynaya qaz nəqlində problemlərə səbəb olub.

Belədirsə, Moskva Bakı ilə necə barışmaq istəyir? Həm qaz xətlərimizə hücum et, həm də barışıqdan danış – bu ancaq Rusiyanın xislətinə uyğundur… 

Professor

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Rusiya illərdir dünyaya enerji resurslarının onun əlində siyasi şantaj və təzyiq aləti olmasını nümayiş etdirir: “Kim Moskvanın xoşuna gəlirsə, ona qazın qiymətində güzəşt edilir, kim azacıq müstəqil siyasət yürütmək istəyirsə, dərhal cəza mexanizmi işə salınır. İndi də bu köhnə şounun yeni seriyası Azərbaycanın timsalında nümayiş olunur. Sentyabrın əvvəlindən Rumıniya marşrutu üzrə ”Azərbaycan qazı” adlandırılan tədarüklərin sıfırlanması təsadüfi sayıla bilməz. Axı 28 iyulda SOCAR-ın Ukraynaya ilk dəfə Trans-Balkan kəməri ilə qaz ötürməsi Rusiyanın enerji monopoliyasının dağılması demək idi. Kremlin buna cavab verməməsi mümkünsüz idi. Və gözlənildiyi kimi, 6 avqustda Orlovka qaz infrastrukturuna dron hücumu edildi. Bu, sırf hərbi əməliyyat yox, siyasi siqnal idi. Ən önəmlisi isə odur ki, həmin hücum Azərbaycanın maraqlarını da hədəf aldı. Çünki SOCAR-ın yanacaq bazalarına yönəlmiş zərbələr bir dəfə yox, iki dəfə oldu! Bu, yalnız Ukraynanı zəiflətmək deyil, Bakıya da siqnal idi. Bu, açıq-aşkar düşmənçilik aktıdır”.

Q.Hüseynli bildirib ki, Moskva bir tərəfdən Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdan danışır, digər tərəfdən isə qaz infrastrukturumuzu dağıtmaqla bizi regiondakı enerji planlarından çəkindirmək istəyir: “Yəni bir əlində zeytun budağı, o biri əlində balta ilə təzyiq göstərirlər. İndiki halda Moskva yaxşı anlayır ki, Azərbaycan qazı Avropanın enerji müstəqilliyi üçün həyati vacibdir. Ona görə də istənilən yolla bu damarı kəsmək istəyirlər. Əgər bu gün Rumıniya marşrutu üzrə axın dayanıbsa, sabah Cənub Qaz Dəhlizinin də risk altında olması istisna deyil. Kreml Azərbaycanın enerji gücünü neytrallaşdırmaq planını işə salıb. Azərbaycan Rusiyanın qaz şantajına səssiz qala bilməz, Avropaya uzanan enerji dəhlizlərini daha möhkəm müdafiə etməklə öz strateji rolunu qoruyacaq”.

Politoloq onu da deyib ki, Rusiyanın Ukraynaya qarşı qaz və enerji infrastrukturu üzərindən hücumları sadəcə taktiki əməliyyat deyil, daha geniş strateji planın tərkib hissəsidir: “Kreml yaxşı anlayır ki, hərbi cəbhədə itirdiyi üstünlüyü enerji ”silah”ı vasitəsilə kompensasiya edə bilər. Və bu “silah” indi həm Avropaya, həm də Azərbaycana qarşı geniş istifadə edəcəyini gizlətmir. Azərbaycan qazının Ukraynaya Trans-Balkan marşrutu ilə ötürülməsi Kiyevin Moskvasız yaşaya biləcəyini sübut edir. Avropaya göstərir ki, Kremlə alternativ var və o alternativin adı Azərbaycandır. Bu səbəbdən də SOCAR-ın yanacaq bazalarının dronlarla vurulması sırf hərbi əməliyyat deyil, Bakıya ünvanlanan siyasi mesajdır. Sentyabr hələ başlanğıc idi. Oktyabrda isə bir neçə istiqamətdə təzyiqlərin artması mümkündür. Məsələn, enerji infrastrukturuna hücumların intensivləşə bilər. Rusiyanın taktikasına baxanda görünür ki, onlar sistemli şəkildə enerji obyektlərini hədəf alır. Xüsusən də qışa hazırlıq dövründə bu hücumlar Ukraynanın müqavimətini zəiflətmək üçündür. Eyni zamanda, Azərbaycanın Ukrayna ilə əməkdaşlıq imkanlarını da daraltmaq məqsədi daşıyır”.

Müsahibimiz vurğulayıb ki, oktyabrda Orlovka tipli zərbələrin təkrarlanması, SOCAR-a məxsus obyektlərin yenidən hədəf seçilməsi ehtimalı yüksəkdir: “Moskva çox yaxşı bilir ki, Trans-Balkan marşrutu ilə qazın maya dəyəri yüksəkdir. Bu səbəbdən oktyabrda Rusiya həm iqtisadi rəqabət vasitəsilə, həm də siyasi təzyiqlərlə Azərbaycanın qaz ixracını daha da çətinləşdirməyə çalışacaq. Yəni əvvəlki illərdə olduğu kimi ucuz rus qazı müqayisəsini gündəmə gətirəcək. Eyni anda Rusiya Azərbaycanla münasibətlərin yaxşılaşdırılması ritorikasını davam etdirəcək. Yəni hücum edərək, zərər vuraraq, amma dialoq masasında qardaşlıqdan danışaraq Bakı üzərində təsirini saxlamağa çalışacaq. Bu, Kreml diplomatiyasının klassik ikiüzlülüyüdür. Oktyabr ayı Azərbaycanın enerji siyasəti üçün sınaq ayına çevrilə bilər. Çünki bu dövrdə həm infrastruktur zərbələrinin intensivləşməsi, həm də diplomatik təzyiqlərin artması gözlənilir”.

Mütəxəssis hesab edir ki, Bakı üçün çıxış yolu Avropa ilə daha sıx koordinasiya, təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və diversifikasiya layihələrinin sürətləndirilməsidir. “Çünki Rusiya ilə münasibətlərdə əsas məsələ barışıq ritorikasına aldanmamaqdır. Moskvanın məqsədi Azərbaycanı tərəfdaş kimi gücləndirmək deyil, enerji rəqibi kimi zəiflətməkdir”, – deyə Q.Hüseynli belə qiymətləndirib.

“Yeni Müsavat” 

Chosen
15
2
editor.az

3Sources