Mədəniyyət Nazirliyi Xalq artisti Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayıb.
Qaziler.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci il tarixində, ömrünün 86-cı ilində Almaniyada vəfat edib.
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq göstərib, dram dərnəyində çıxış edib. 1958–1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu) təhsil alıb.
1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayan aktyor burada "Sən niyə yaşayırsan?", "Həyat necə də qısadır", "Pik saatı", "Öz yolunla", "Valentin və Valentina", "İvanov", "Qumluqdakı ev", "Aydın", "Şeyx Sənan", "Qurdlar və quzular", "Artist və onun kölgəsi", "Arzu tramvayı" və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb.
1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor "Böyük dayaq", "Ulduz", "Arşın mal alan" (1965), "Bir cənub şəhərində", "Ən vacib müsahibə" və s. filmlərdə maraqlı rollar oynayıb.
Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına, 2009-cü ildə "Şöhrət", 2019-cu ildə isə "Şərəf" ordenlərinə layiq görülüb".
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Hacı Murad Yagizarovun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.