EN

“İnanıram ki, ilk qələbəmizi qazanacağıq” – Braziliyalının iddiası

Premyer Liqanın 4-cü turunda maraqlı olay yaşanacaq.

İki bölgə təmsilçisi – “Turan Tovuz”la “Qəbələ” bölgədə yox, Bakıda üz-üzə gələcək.

“İmişli” və “Neftçi” üzərindəki qələbələrlə 6 xal toplayan tovuzlulardan fərqli olaraq qəbələlilərin aktivində “Karvan-Yevlax”la qarşılaşmada əldə olunan 1 xal var.

Məhz bu məqam Kaxaber Tsxadadzenin çalışdırdığı kollektivi ilk qalibiyyətə səsləyəcək. “Turan Tovuz” da boş dayanmaq fikrində deyil.

Elitaya qayıdan rəqiblə nominal meydan sahibi olacağı dueldə növbəti 3 xalını qazanmaq istəyəcək.

Sportinfo.az-a danışan “qırmızı-qaralar”ın braziliyalı müdafiəçisi Eduardo Kunde komandasının iddiasını gizlətməyib:

“Çox yaxşı komandaya sahibik. İlk oyunda diqqətsizlik səbəbindən uduzduq. Sonrakı iki görüşdə güclü rəqiblərlə başa-baş mübarizə apardıq. Hətta məğlub olmaya bilərdik. Təəssüf ki, təcrübəsizlik özünü göstərdi.

Oyundan-oyuna komandanın çıxışında irəliləyiş hiss olunmaqdadır. Problemləri görürük və onları aradan qaldırmaq yönündə çalışırıq.

Ümid edir və inanıram ki, növbəti matçda ilk qələbəmizi qazanacağıq. Meydana 3 xal üçün çıxacağıq. Bunu bacarsaq, davamı mütləq gələcək”.

Sentyabrın 13-də “Azersun Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

HƏBİB

Chosen
12
sportinfo.az

1Sources