Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün dünya çempionatında mübarizəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, 61 kq.-da Nürəddin Novruzov 1/8 finalda iranlı Ahmad Mohammadnejadcavana 2:5 hesabıyla uduzub. 70 kq. çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov iranlı, dünya çempionatının 2 qat gümüş medalçısı Amirmohammad Yazdaniçeratiyə (15:4) və Baham adaları təmsilçisi Şannon Hannaya (10:0) tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda ermənistanlı Avropa çempionu Arman Andreasyana 6:8 hesabıyla məğlub olub.
Arseniy Djioyev (86 kq.) Puerto-Riko təmsilçisi Etan Ramosa 5:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda yaponiyalı Hayato İşiquroya 8:13 hesabıyla uduzub.
125 kq. çəki dərəcəsində mübarizə aparan Giorgi Meşvildişvili isə adını yarımfinala yazdırıb. O, özbəkistanlı Xasanboy Raximova və macarıstanlı Vladislav Baytsayevə eyni hesabla (7:0) qalib gələrək karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Giorgi yarımfinalda polşalı Robert Baranla qarşılaşacaq.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə 21:00-da başlayacaq və İctimai TV vasitəsilə canlı yayımlanacaq.