EN

Dərslərin başlama vaxtının dəyişdirilməsi müzakirə oluna bilər

Paytaxt Bakıda ictimai nəqliyyat, xüsusilə də metro, hər gün yüz minlərlə insanın işə, dərsə və digər ünvana çatmaq vasitəsinə çevrilib. Səhər saatlarında metro stansiyalarında yaşanan sıxlıq isə artıq illərdir ki, həm sərnişinlərin narazılığına, həm də gündəlik həyat ritminin pozulmasına səbəb olur.

Bu problemin həlli üçün müxtəlif təkliflər səsləndirilir. Onlardan biri də təhsil müəssisələrində dərslərin ənənəvi olaraq saat 08:30, 09:00-da deyil, 1-2 saat gec başlamasıdır. Təklifə əsasən, dərs saatlarının dəyişdirilməsi ilə pik saatlarda ictimai nəqliyyata olan təzyiqin azaldılması və sərnişin axınının daha balanslı şəkildə bölüşdürülməsi mümkündür.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, təhsil müəssisələrində dərs saatlarının bir qədər gec başlaması ideyası, ilk baxışdan həm nəqliyyat yükünün azaldılması, həm də şagirdlərin psixoloji və fiziki rahatlığı baxımından müsbət görünür.

"Biz bilirik ki, səhər saatlarında xüsusilə Bakıda metro və avtobuslarda sıxlıq çox yüksək olur. Əgər dərs saatları bir qədər gec - məsələn, saat 9-un deyil, 10-un ətrafında başlasa, pik saat yükü bölünər, ictimai nəqliyyatdan istifadə edənlərin sayı nisbətən balanslı paylanar. Bu da həm şagirdlər, həm də ümumi sərnişin axını üçün rahatlıq yarada bilər".

Onun fikrincə, digər tərəfdən, bu addımın pedaqoji üstünlükləri də ola bilər:

"Araşdırmalar göstərir ki, xüsusilə yeniyetmə yaşında olan şagirdlər səhər tezdən dərsə başlamaqda çətinlik çəkirlər. Onların yuxu ritmi bioloji olaraq bir qədər gec oyanmağa uyğun olur. Bu səbəbdən dərslərin gec başlaması həm diqqətin, həm də öyrənmə motivasiyasının artmasına kömək edə bilər. Daha dinamik və enerjili şagirdlər dərs prosesində daha effektiv iştirak edərlər".

Həmsöhbətimiz bildirib ki, amma nəzərə almaq lazımdır ki, bu, yalnız bir tərəfi rahatlaşdıran deyil, həm də digər tərəflərdə çətinlik yarada biləcək bir addımdır:

"Çünki məktəblərin dərs saatlarının dəyişməsi valideynlərin iş qrafikinə, məktəbdənkənar məşğələlərə, əlavə hazırlıq kurslarına və nəqliyyat sisteminin bütövlükdə ritminə təsir edəcək. Yəni belə bir dəyişiklik yalnız təhsil sahəsinin deyil, ümumilikdə şəhərin sosial-inzibati həyatının yenidən planlaşdırılmasını tələb edir.

Mənim fikrimcə, bu məsələyə mərhələli şəkildə yanaşmaq olar. Məsələn, pilot layihə olaraq bir neçə məktəbdə tətbiq olunub nəticələri izlənilsə, daha obyektiv qiymətləndirmə aparmaq mümkün olar. Əgər müsbət nəticələr özünü göstərsə, o zaman geniş miqyasda tətbiq real görünə bilər".

G.Əkbərova yekun olaraq onu da əlavə edib ki, təklif maraqlı və müzakirəyə dəyərdir:

"Həm ictimai nəqliyyat rahatlığı, həm də şagirdlərin psixoloji rifahı üçün faydalı ola bilər, amma bu dəyişikliklər balanslı şəkildə və bütün maraqlı tərəflərin - valideynlərin, müəllimlərin, şagirdlərin və nəqliyyat qurumlarının razılaşdırılmış şəkildə həyata keçirilməlidir",- deyə o, bildirib.

Milli.Az

Chosen
14
3
milli.az

4Sources